Yaddas kitabcasi

“Mübarizədən keçən ömür”

Bu yaxınlarda hərbiçi həmyerlimiz, ehtiyatda olan polkovnik Əlaləm Babayevin “Zəngəzurda” kitab evində 468 səhifəlik, nəfis tərtibatlı, “Mübarizədən keçən ömür”adlı kitabı çapdan çıxıb.

Müəllif kitabını oxuculara həm də “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda, Qarabağ müharibəsində döyüşən taborların təşkilində yaxından iştirak etməklə şərəfli zabit yolu keçmiş bir polkovnikin ömür vərəqləri” kimi təqdim edir.

Şərəfli zabit həyatının çətinliklərindən bəhs edən müəllif peşəkar hərbiçi kimi çalışdığı illərdən işgüzarlıq və məsuliyyət, eləcə də qətiyyət və tələbkarlıqla keçərək oxucunu özünə çəkir. Kitabı oxuduqca, sanki bu hiss və duyğuların sahibi ilə onun keçdiyi yerlərdən keçir, sevinc və kədərinə şərik olursan. Kitabdakı fotoların coğrafiyası oxucunu gəzməkdən yorulmayan səyahətçiyə çevirir.

Kitabın “Dostlarımdan” bölməsi müəllif haqqında yazılanları əks etdirir. Bu yazıların cəmi Ə.Babayevi olduğu kimi göstərən güzgünü xatırladır. Dostların səmimi etirafları onun bugünkü portretini təqdim edir.

Ə.Babayev passivliyi sevməyən, fəal ictimaiyyətçidir. İsmayıllı Rayon Veteranlar Şurasının sədri kimi yetişən nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyələnməsində xüsusi əməyi vardır.

Oxucuya elə gəlir ki, müəllif “Kitabı övladlarıma və nəvələrimə ithaf edirəm” qeydi ilə başlasa da, onu geniş oxucu kütləsini bir an belə unutmadan, hərbi vətənpərvərlik istiqamətində tutarlı mənbə kimi tamamlamışdır.

Rayonumuzun uğurlarını əks etdirən oxunaqlı kitablar sırasına “Mübarizədən keçən ömür”adlı kitabını daxil etməsi münasibəti ilə Əlaləm müəllimi təbrik edirik.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz