“Son zəng” bayram tədbiri keçirilib

İyun ayının 14-də saat 9:30-da İsmayıllı rayonunun qabaqcıl tədris müəssisələrindən olan İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində “Son zəng” bayram tədbiri keçirilib.

Bayramsayağı bəzədilən məktəb həyətində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Mirdaməd Sadıqov,  Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, rayon ziyalıları, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov çıxış edərək müəllimləri, XI sinif şagirdlərini və valideynləri son zəng, habelə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Məzunlara  həyatda uğurlar arzulayıb, onlara vacib tövsiyələr verib.

 

***

RİH başçısı M.Sadıqovun Diyallı kənd tam orta məktəbinə gəlişi, tədbir iştirakçılarına əsil bayram ovqatı bəxş etdi. Başçı məktəbin son illərdə qazandığı təhsil uğurlarından söz açaraq, bu nailiyyətlərin bir başlanğıc olduğunu bildirdi. Uğurların durmadan artacağına əmin olduğunu diqqətə çatdırdı. Onbirinciləri son zəng münasibəti ilə təbrik edən başçı bu zəngin həm də həyata çağırış zəngi olduğunu söylədi. Orta məktəbi bitirən şagirdlərə doğma yurda bağlılığın müsbət cəhətlərini açıqladı.

Məktəbin direktoru Şəmsiyyə Əhmədova göstərilən diqqət və qayğının cavabsız qalmayacağını söylədi.

 

***

Rayonda təhsil uğurları ilə fərqlənən məktəblərdən birinə “Son zəng” günündə RİH başçısının gəlişini Təzəkənd kənd tam orta məktəbində gözləməsələr də M.Sadıqov kollektivin bayram şənliyinə qatılmağı həmin gün ən vacib iş kimi dəyərləndirdi. Bu gəlişdən məktəbin müəllim və şagird kollektivi də hədsiz sevindi. Məktəbin direktoru Elxan Bədəlovun dediyi kimi, bu diqqət kollektivin ilboyu çəkdiyi zəhmətə verilən ən böyük dəyər oldu.

Tədbirdə M.Sadıqova söz verildi. Məktəbin təhsildə qazandığı uğurlardan razılıqla danışan başçı peşəsini şərəflə icra edən müəllimlərə, layiqli vətəndaş əzmi ilə elmə həvəs göstərən şagirdlərə təşəkkür etdi. Məktəbin fərqlənən şagirdlərinə təqdim olunan mükafat və Fəxri fərmanların təqdim olunmasında iştirak edən M.Sadıqov məktəbin məzunu, fəal şagirdlərindən biri Gülsüm Əsgərli ilə söhbətində ona böyük ümidlər bəslədiyini bildirdi.

Müəllim və şagirdlər çıxışlarında bu günün unudulmaz tarixə çevriləcəyini ifadə etdilər

Cari tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini 751 nəfər şagirdin bitirdiyini və rayonun 46 tam orta məktəbdə isə “Son zəng” bayram tədbirlərinin keçirildiyini öyrəndik.
Rayon məktəblərində keçirilən tədbirdə şagirdlər şeir, mahnı və rəqslər ifa edib, maraqlı çıxışlarla müəllim və şagirdlərə gözəl anlar bəşx ediblər. Hər bir məktəbdə keçirilən tədbirdə son zəng çalınıb. Kövrək hisslər keçirən məzunlar müəllimlərindən və doğma məktəbdən ayrılıblar.

Ş.Dağlaroğlu

 

Şərh Yaz