Yaddas kitabcasi

Vətənpərvərlik, azərbaycançılıq ideologiyası gücləndirilməlidir

Cari ilin fevral ayının 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edəcəkdir.

Yaradılmış Bədii Şura yerlərdə ictimaiyyətlə səyyar görüşlər keçirir, televiziyamızın bugünkü durumu, aktual problemləri, verilişlərin təşkilindəki müsbət və çatışmazlıqların müzakirəsini təşkil edir.

Bədii Şuranın Gəncədən sonrakı görüşü İsmayıllıda baş tutub.

Əvvəlcə Bədii Şura üzvləri rayon rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyublar.

Rayon Mədəniyyət Mərkəzinin zalında keçirilən görüşdə Bədii Şura üzvləri, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və aparat işçiləri, ictimaiyyət nümayəndələri, gənclər, rayon ziyalıları, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Görüşü giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov açıb, Bədii Şuranın fəaliyyətinə uğurlar arzulayıb. Azərbaycan Dövlət Televiziyasının ölkəmizdə ilk televiziya kanallarından olduğunu, bu gün dövlət siyasətini uğurla təbliğ etdiyini, milli və dövlət maraqlarımızın qorunmasında əsas rol oynadığını diqqətə çatdırıb.

Bədii Şuranın üzvü, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib, bu məsələdə televiziya tamaşaçılarının rəy və təkliflərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Bədii Şuranın üzvü, xalq artisti Fəxriyyə Xələfovanın çıxışı maraqla qarşılanıb. Xalq artisti, bəstəkar Faiq Sücəddinovun, xalq artisti, müğənni Mübariz Tağıyevin ifa etdikləri mahnılar görüşə xoş ovqat qatıb.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Əməkdar müəllim Mirvari Musayeva, şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə çıxış edərək televiziyamızı necə görmək istədiklərini, verilişlərin təşkilində milli ruhun, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının gücləndirilməsinin, Azərbaycan dilinin saflığının qorunmasının vacib şərtlərdən olduğunu bildiriblər.

Tədbir “Niyal” xalq çalğI alətləri ansamblının solistləri Sahibə Abdullayeva və Rövşən Teyyubovun oxuduğu mahnılarla yekunlaşıb.

M.Mərrəmov

Şərh Yaz