Göstəricilərin yüksələcəyinə ümidvarlıq

İsmayıllı təhsilinin maraqlı və uğurlu məqamlarından biri hər il, dərs ilinin sonuna yaxın “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı” üzrə Dövlət Proqramına uyğun olaraq “İstedad sorağında” adlı, hesabat xarakterli ədəbi-bədii tədbirin keçirilməsidir.

İyun ayının 11-də, Gənclərin Yaradıcılıq Mərkəzində keçirilən “İstedad sorağında – 2019” adlı tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, müəllimlər,  İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri,  valideynlər və ayrı-ayrı məktəbləri, məktəbəqədər təlim müəssisələrini təmsil edən fəallar iştirak edib.

Əvvəlcə bədii hissədə istedadlı uşaqların hazırladığı geniş konsert proqramı izlənilib. Məktəblilər ifaları, çıxışları ilə  istedadlarını nümayiş etdiriblər.
Tədbirin rəsmi hissəsi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın çıxışı ilə başlayıb.  O, istedadlı şagirdlərimizin çoxsaylı uğurlarından danışıb. Yüksək ənənələrə malik İsmayıllı təhsilinin son tədris ilindəki uğurlarının daha çox olduğunu deyib, rayonun təhsil nailiyyətlərini zənginləşdirməkdə RTŞ-nın rəhbərliyi ilə pedaqoji kollektivlərin birgə fəaliyyətinin faydalı olduğunu vurğulayıb.
Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edib. O, rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və qazanılan uğurlar barədə danışıb.

Ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq göstəricilərin daha  da yüksələcəyinə ümidvar olduğunu bildirib. R.Orucov nailiyyətlərin qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıq edib.
Maraqlı tədbir müxtəlif nominasiyalar üzrə Beynəlxalq və Respublika müsabiqələrində qalib gələn məktəblilərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunması ilə başa çatıb.

Ülviyyə Zeynalova,

RTŞ-nin əməkdaşı

 

Şərh Yaz