Narkomaniya könüllü ölümdür

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən  çəkindirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili cəmiyyətin, ictimai təşkilatların, təhsil müəssisələrinin əsas vəzifələrindəndir.
“Futbolçulara Hüquqi Yardım Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi layihəsinin icrasına başlanılıb.
İyun ayının 8-də İsmayıllı rayonunun Rəsm Qalereyasında yuxarıda sözü gedən birliyin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə məktəblilərin “Narkomaniya – könüllü ölümdür” mövzusu əsasında çəkdikləri rəsm əsərləri təqdim olunub.
Müsabiqədə müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 40-a yaxın şagird iştirak edib.

Əvvəlcə layihənin rəhbəri və eksperti tərəfindən narkomaniya ilə mübarizədə qeyri-formal təhsil metodları, zərərli vərdişlər və onlardan qorunmaqda uşaqların asudə vaxtının təşkilində idman oyunlarının rolu barədə ətraflı məlumat veriblər.

Münsiflərin ümumi rəyinə əsasən şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Mirzəyevanın çəkdiyi rəsm birinci yerə layiq görülüb.1 və 5 nömrəli tam orta  məktəblərin şagirdləri Fatimə Ramazanova, Rəsul Rəsulzadə ikinci olublar. Şəhər 1 nömrəli tam orta və Vəng tam orta məktəbinin şagirdləri Aysun Manaflı və Fərqanə Qəribova üçüncü yeri tutublar. Daha 5 nəfər məktəbli müsabiqənin həvəsləndirici mükafatlarını alıb.
Layihənin icraçısı və tədbirin təşkilatçısı olan  “Futbolçulara Hüquqi Yardım Mərkəzi” ictimai birliyi tərəfindən qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr verilib.

Murad Məhərrəmov

 

Şərh Yaz