Əmək yarmarkaları dayanıqlı inkişafa istiqamət verir

????????????????????????????????????

Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə əsasən 23 may 2019-cu il tarixdə İsmayıllı Rayon Məşğulluq Mərkəzinin  təşkilatçılığı ilə “Əmək yarmarkası” keçirilib.

İsmayıllı Peşə Tədris Mərkəzinin bazasında keçirilən yarmarkanı İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru Asif Cabbarov açaraq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının  yüksəlişi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açıb.

Natiq ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətindən danışaraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün Respublikada sənaye potensialının artırılması, kənd təsərrüfatının inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi  ilə bağlı çox əhəmiyyətli qərarların qəbul olunduğunu diqqətə çatdırıb.

A.Cabbarov dövlət məşğulluq siyasətinin uğurla həyata keçirilməsində əmək yarmarkalarının təşkili və  keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu işdə rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlar aktiv iştirak etməlidir. O bildirib ki, əmək yarmarkaları işsiz və işaxtaran vətəndaşların münasib işlə təmin olunmasında, eyni zamanda işəgötürənlərin qısa vaxt ərzində ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsində böyük rol oynayır.

Toplantıda rayon İcra  Hakimiyyətinin  nümayəndəsi Şahin Hüseynov keçirilən yarmarkalar əsasında sosial tərəfdaşlığın, bu istiqamətdə əhalinin məlumatlandırılması və təklif olunan vakansiyalar haqqında müntəzəm məlumat almaq imkanlarının genişləndirilməsi üçün yaradılmış vahid informasiya bazasının əhəmiyyətindən  söz açıb. Qeyd olunub ki, işsiz vətəndaşların işlə təmin olunması və onların peşə hazırlığı məsələləri dövlətin  diqqət mərkəzində saxlanılır.

Yekunda bəlli olub ki, həmin gün yarmarkaya 52 müəssisədən 250 boş (vakant) iş yeri çıxarılıb. Boş iş yerlərinin 144-ü dövlət müəssisələrinə, 47-si qeyri-dövlət müəssisələrinə, 59-u isə fiziki şəxslərə məxsus olub. Yarmarkada 300-ə yaxın işaxtaran vətəndaş iştirak edib. 67 nəfər vətəndaşa  işlə təmin olunması üçün müvafiq  olaraq göndərişlər  verilib.

Ş.Soltanov

 

Şərh Yaz