Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü demək olar ki, dünyanın əksər ölkələrində qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli istiqamətində  diqqətin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır.
İsmayıllı Uşaq Yaradıcılıq Evində rayonun uşaq bağçaları və məktəbliləri bir araya gəliblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və ATİAHİ İsmayıllı RK-nın sədri Hafiz Kərimov çıxış edərək uşaqların bayramını təbrik edib, onlara gözəl gələcək arzulayıb.

Tədbirdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Qeyd edilib ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif, çoxsaylı layihələr həyata keçirilir.

Diqqətə çatdırılıb ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.
Respublikanın hər yerində olduğu kimi, İsmayıllı da da 100 yerlik  müasir körpələr-evi uşaq bağçası tikilir, həmçinin mövcud olanlar əsaslı şəkildə yenidən qurulur. Bu kimi layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Uşaqlar hazırladıqları bir-birindən maraqlı  musiqili proqram və səhnəciklərlə çıxış ediblər. Tədbirdə fəal iştirak edən uşaqlara hədiyyələr təqdim edilib.

Gülnarə Mirzəliyeva

Şərh Yaz