Köhnə kişi və yaxud kişi ömrü

(Dostum Kərim Sədrəddin oğlu İsbatovun 85 illiyinə)

 

Fəth etmək istədiyin əsrarəngiz və heyranedici dağın əzəməti, vüqarı, sinəsində bərq vuran çiçəklərin, güllərin ətri ruhuna rahatlıq verəndə həmin dağa doğru getdiyin anlarda çəkdiyin əzaba, əziyyətə heyfislənmirsən. Əksinə, onunla ruhən, qəlbən ünsiyyətdə olanda özün də mənən ucalarda olduğunu hiss edirsən.

Bu baxımdan ruhu, eşqi, əqidəsi, amalı, mayasını insanlığın minillik qaynaqlardan götürmüş, deyimləri hətta sabah da müasir səslənən atalarımız səbəbsiz deməyiblər ki, “Dostunu göstər, sənin kimliyini deyim”. Görünür, bu da İlahidən gələn bir sehirli ündür ki, hər kəlməsi müxtəlif mənalar verən sözlər arasında “dost” sözü heç bir hecaya bölünmədiyi kimi mənası da dəyişməzdir. Həm də “dost” kəlməsi ancaq və ancaq bütövlükdə həmahəng ola bilər ki, bu da bölünməzdir, birləşməkdir.

Görəsən, bu gün hər adama dost demək mümkündürmü? Deyərdim ki, əsla yox. Dostluğa sadiq insanla dostluğun təməli qoyulmalıdır.

Bu mənada ağsaqqal ziyalı Kərim Sədrəddin oğlu İsbatovu yaxından tanıyan, hətta ona bir dəfə salam verən, onunla bir kollektivdə işləyənlərin hər biri etiraf edə bilərlər ki, Kərim müəllim sədaqətdə, səmimiyyətdə, insanlarla münasibətdə özünün və sözünün bütövlüyü ilə ürəklərdə heykəlləşməyi bacara bilən insandır. Əsil dostdur. Köhnə kişilərdəndir. Səksən beş illik ömrünü kimlərə və nələrə həsr olunduğunu göz önünə gətirəndə heyrətə gəlirsən… Bütün  bunları fitri istedad deyil, böyük Yaradanın sevdiyi bəndəsinə bəxş etdiyi əbədi xoşbəxtlik kimi qiymətləndirmək olar.

Deyirlər ki, insanın ürəyində kainatdan bəxş edilmiş bir nüvə var. Bu nüvə Kərim müəllimin dostları və ətarfıdır. Tanıdığım əlli ildən çox bir dövr ərzində münasibətdə olduğum  Kərim İsbatovda insana, dosta, tanışa qarşı mənfi enerji görməmişəm. Söhbət əsnasında Kərim müəllim həmişə deyir:

– İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir.  Allah insanları malları və canları ilə sınayır. Mal sınağından keçməyənlər can sınağına girə bilməzlər. Xərcləyə bildiyimiz şey bizimdir. Yalnız əməksevər, zəhmətkeş insanlar əvəzolunmaz, möhtəşəm işlərə imza ata bilərlər. Yer üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət etsin! Gözəl söz söyləmək asandır. Əməlisaleh, düz olmaq isə kişidən əsl mərhəmət tələb edir. Mənən zəngin, elmi potensialı yüksək, dərin insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla böyük bir işin ərsəyə gəlməsinə səbəb olurlar. Əsl ziyalı üçün elmin istənilən istiqaməti böyük maraq kəsb edir. Hər yaxşı əməlin bir savabı var. Yaxşı əməllər edin, xeyirxah olun, ürəyinizdən kini uzaqlaşdırın. Nəfsinizin düşkünü olmayın. Əməlləriniz  reklam  xarakteri daşımasın, bu da günah sayılır. Qoy etdiyiniz yaxşılıqların və pisliklərin qarşılığını Allah versin. 50 ildən çox pedoqoji sahədə çalışdım. Heç vaxt yoruldum demədim, çünki məktəb mənim canım və həyatım idi…

Sadə insan, ağsaqqal, hamının – çoxunun sevimlisi qarşıdan gələn 85 illik yubileyinə hazırlaşan bu hörmətli insanın tərcümeyi-halından:

İsbatov Kərim Sədrəddin oğlu 1935-ci ilin sentyabr ayının 20-də İsmayıllı rayonu Mican kəndində – indiki İsmayıllı şəhərində dünyaya göz açmışdır. 1944-1945-ci tədris ilində müharibənin qanlı-qadalı illərində İsmayıllıdakı orta məktəbin birinci sinfinə daxil olmuş, 1945-1955-ci tədris ilində həmin məktəbin onuncu sinfini bitirmişdir. Yeniyetmə Kərim gündüzlər dərs oxuyar, istirahət və tətill vaxtlarında kolxoz işində ailəyə köməklik edərdi.

1955-ci ilin payızında ordu sıralarında əsgəri xidmətə çağırılmışdır. Kərim İsbatov Qazaxıstanda, ordu sıralarında tez bir zamanda  komandirlərin rəğbətini qazanmış, bir neçə peşənin sahibi olmuş və Fəxri fərmanlar almışdır. O, hərbi xidmətdə olarkən dəniz yolu sürücüsü kursunu oxumuş, dəniz yolunda sürücü vəsifəsində çalışmış, taxıl tədarükü məntəqəsinə taxıl daşınmasında yaxından iştirak etmiş və nümunəvi işinə görə rəhbərlik onu iki  dəfə “Xam torpaqların fəth edilməsi” medalı ilə təltif etmişdir. Kərim İsbatov 1958-ci ildə əsgəri  xidmətini başa çatdırıb ordu sıralarından təxris olunmuşdur.

Rayonun bir çox müəssisəsində fəhlə işləmişdir. O, 1966-cı ildə  Bakıda metro tikintisində işləyə-işləyə M.F.Axuundov adına Dillər İnistitutunun rus dili və Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1971-ci ildə inistitutu bitirib İsmayıllı rayonuna təyinat almışdır.

Kərim müəllim o vaxtdan 2012-ci ilə kimi İsmayıllı rayonunda eyni məktəbdə 45 ilə yaxın müəllim və direktor müavini kimi çalışmışdır.

Onunla tanışlığımız da elə 1971-ci ildən başlamışdır. Kərim müəllim sözün əsl mənasında müdriklərin dediyi kimi, təmənnasız dostdur. Sənə etdiyi yüz hörmətin də əvəzini ummaz. Ondakı bu xüsusiyyət min illik qayalardan süzülüb gələn bulağa bənzəyir. Durğunluğuna, şəffaflığına təmənnasız insanlara həmişə və hər vaxt xidmət etməkdən yorulmayan bulaqlara.

Kərim Sədrəddin oğlu İsbatov təkcə səmimi, etibarlı, səxavətli ürək sahibi deyil, o, həm də dostun, yoldaşın çətin anında, dar günündə sinəsini sipər kimi önə verməyi bacaran dostdur, əsl Azərbaycan kişisidir.

Şəxsən bu yazının müəllifi kimi mütləq başqalarına örnək üçün onu bildirməyi özümə borc bilirəm ki,  taleyimin ağır günlərində Kərim İsbatovun mənəvi qayğısını üzərimdə hiss edəndə rahatlıq tapmışam. Gələcəyə böyük ümid və arzularla boylana bilmişəm. Onu yaxından tanıyan, şəxsi həyat yolu ilə tanış olan hər kəs bunu təsdiq edə bilər ki, qanında, südündə haramlıq olmadığı kimi işində, gücündə, əməlində də haramlıq olmayıb. Axı, o, köhnə kişilərdəndir. Özü də söz arası deyir:

– Çox yaşamaq öz əlimizdə deyil, adımızı yaşatmaqsa, öz əlimizdədir. İnsan nəyin bahasına olursa-olsun, adını qorumalıdır, düz və halal yaşamalıdır. Çalışdığı kollektivin qeyrət-namusunu öz qeyrəti, namusu bilməlidir. Şərəfini, adını qoruya bilməyən insan deyil. Dövrümüzdə bir kişi sözü ilə ən çətin işlər həll olunardı. İndi bəzi hallarda notariusun təsdiqləriyidə kağız, məhkəmənin qəbul etdiyi qərar da işə keçmir…

Ağsaqqal, dostum, adını doğruldan gözəl insan, sənə –  ulu Yaradanın istəkli bəndəsi, sadəlik, təmizlik, düzlük simvolu olan, əsil türk kişisinə xoşbəxt ata, baba ömrü, can sağlığı arzulayıram!

Ailənizə sevinc, fərəh, başucalığı gətirdiyinə, el-oba, torpaq, yurd üçün layiqli bir vətəndaş olduğuna görə fəxr edirəm! Qardaş məhəbbətilə səni bağrıma basıb, 100 yaşa, – deyirəm! Qoy mükafatın elin, obanın sənə olan hörməti olsun!

Hacımməd Məmmədov

Şərh Yaz