Suyun gigiyenik əhəmiyyəti və yoluxucu xəstəliklərin yayılmasında rolu

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə  bağlı öhdəliklər götürüb.

Sağlamlıq insan həyatının vacib amillərindən biridir. Yaşından asılı olmayaraq hər kəsin sağlam  yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq dayanıqlı inkişafın əsas səbəblərindən başlıcasıdır.  Yer kürəsində hər kəsin təhlükəsiz və sərfəli içməli su əldə etmək imkanı olmalıdır. Su qıtlığı dünya  əhalisinin 40 faizdən çoxuna  təsir edir və iqlim dəyişikliyi nəticəsində bu rəqəmin artacağı  proqnozlaşdırılır.

Hamı üçün təmiz suyun əlçatmazlığının təmin olunması  arzu etdiyimiz dünyanın ən vacib  elementlərindən biridir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin su ehtiyatı vardır.

Su orqanizmin fizioloji tələbatını ödəməklə yanaşı, həm də gigiyenik əhəmiyyət kəsb edir. Hər il  əksəriyyəti uşaqlar olmaqla minlərlə insan qeyri-kafi su təchizatı, sanitariya və gigiyena ilə bağlı yaranan  xəstəliklərdən əziyyət çəkir.

Qeyd etmək lazımdır ki, yoluxucu xəstəliklərin əksəriyyəti məhz su ilə yayılır. Xəstə və yaxud bakteriya  daşıyıcılarının ifrazatı ilə çirklənmiş su bu infeksiyalarla yoluxma  amilləri arasında xüsusi yer tutur.  Patogen mikroorqanizmlər uzun müddət suda qalma və çoxalma xüsusiyyətinə malikdirlər. Belə  mikroorqanizmlər düşdükləri su mühitindən asılı olaraq 3 gündən 180 günədək yaşamaq xüsusiyyətinə  malikdirlər.

Su vasitəsi ilə helmintozlar, vəba, qarın yatalağı, dizinteriya, parotit leptosiprivoz, tulyaremiya, hepatit A  xəstəliklərinə yoluxma mümkündür.

Praktik olaraq bütün kəskin bağırsaq infeksiyalarının törədiciləri yüksək dayanıqlığı ilə fərqlənir. Su  vasitəsi ilə yoluxan xəstəliklərin törədiciləri orqanizmə ağız vasitəsi ilə qəbul edilən qida, çirklənmiş su və  çirkli əllərdən düşür.

Bağırsaq infeksiyalarının profilaktikası sanitar-gigiyenik tədbirlərin gözlənilməsi, su təchizatının düzgün təşkili, çirkli suların təmizlənməsi və zərərsizləşdirilməsi, yaşayış yerlərinin sanitariya təmizliyinə əməl   edilməsi yolu ilə həyata keçirilir.

Su epidemiyalarının təhlükəsinin aradan qaldırılması və əhali arasında bağırsaq infeksiyalarının  azaldılması su təminatı sahəsində olan inkişafla əlaqədardır. Buna görə də əhali  arasında sanitar-maarifləndirmə işinin aparılması bağırsaq infeksiyalarının yayılmasının qarşısını almaq üçün həyata  keçirilən ən vacib tədbirlərdən biridir.

Xanlar Qəmbərov,    

İsmayıllı Rayon  Gigiyena Epidemiologiya Mərkəzinin  direktoru

Şərh Yaz