Dostluq alovlanmağı, hərarət verməyi tələb edir

Yaşadığımız dövrdə dostluq münasibətlərinin keçmiş zamanlardakı kimi olmadığı hamıya məlumdur. “İnsana ailəsindən yaxını yoxdur” fikrini çox eşitmişəm. Bu fikir təsdiqini dəfələrlə tapıb. Amma onu da etiraf edək ki, doğmalarına demədiyin və ya deyə bilmədiyin, hətta, gizlətdiyin məqamlar da ola bilir. O məqamlar ki, yalnız dostunla bölüşə bilirsən. Deməli, dost dediyimiz həm də doğmamızdır və bəzən doğmalarımızdan da yaxın. Ailəmizin bir üzvü kimi…

Bir atalar sözündə deyilir: “Dostunu göstər, sənin kim olduğunu deyim”. Etiraf edirəm ki, dostlarım qədər mükəmməl deyiləm. Dostluq özünü deyil, əksinə, özündə olmayanları tapmaqdır. Dost haqqında bədii ədəbiyyatımızda kifayət qədər mövzular işlənib. Bunlar haqqında yazmaq fikrim yoxdur.

Dostluq mənəvi şəxsiyyətlərin həyatlarındakı örnəklərdən  işıq alır. Əfsuslar olsun ki, bu işıq öz parlaqlığını indi xeyli azaldıb.

Deyirlər DOST – Daş, Od, Su, Torpaq kimi müqəddəs olan məvhumları özündə birləşdirir.

Dostluq güvənməkdir, dost dediyinə inanmaqdır. Bəzən “Dost qapısı” ifadəsi işlədilir. Mənə görə, dostlar arasında qapı olmamalıdır. Sadəcə, Dözümü, Ovutmağı, Sədaqəti və Tamlığı özündə birləşdirən ehtiram, hörmət pərdəsi gərəkdir. O pərdə ki, bütövlüyü qorusun, naxələf olmaqdan səni də çəkindirsin ki, bu barədə, pis olmağa belə düşünə bilməyəsən.

Dostluq sevincləri bir yaşamaq, qəmləri bərabər daşımaqdır. Dostla həyat bölüşmək, son tikəni nisbətsiz bölməkdir…

Tək arxalanacağın yox, çox vaxt qarşına keçib təhlükəni sənin üçün dəf edəndir dost.

Bir atalar sözündə deyilir ki: “İş başqa, dostluq başqa”. Mən isə deyirəm: arada bir iş varsa, onun iki ağası, iki qulu var. Dostluq son nəfəsə qədər olmalıdır. Qorxaq, yalançı dostdan cürətli, sözün düzünü deyən düşmən etibarlı sayılar.

Dostluq düşünməkdir, narahat olmaqdır, qayğı və diqqət göstərməkdir. Bunlar yoxdursa, dostluq da yoxdur.  Əsl dostluq zamana və məkana sığmayandır. Əsl dost dostu mənfiləri ilə qəbul edib, müsbətlərini ona verəndir.

İstəməsən də bəzən dostlar arasında incimək, küsmək, hətta biri-birindən uzaqlaşmaq da olur…

Mənə görə, DOST çətin anlarda göstərdiyi Dözümü, yüz dava-dərmana dəyən Ovutması, sarsılmayan Sədaqəti və sənə bəxş etdiyi Tamlığı ilə yanında olandır. O, səni duyan, hiss edən olmalıdır.

İnsan bəzən tanıdığı meşədə də azır. Dostluq da belədir. Kiminləsə oturub-durursan, amma, xislətinə tam bələd ola bilmirsən.  Əvvəlki xoş münasibətlər yavaş-yavaş tükənər, birdən anlayarsan ki, seçimində yanılmısan. Təmənna dostluğun qayçısı olar. Belədə sevinirsən ki, nə yaxşı dost bildiyini özünə sirdaş, arxadaş bilməmisən.

Həyat ən böyük məktəbdir. Onun əlaçı məzunu olmaq çox çətindir. Amma çox şeyi bildiyin halda arada aldanır, yalanlara da inanırsan. Həyat bizə öz sifətlərini, bizi sevən, bizə nifrət edən, bizə gerçəkləri və yalanları təqdim edən dostların sifətində görünür. Bu yolda bizi irəli aparmağa çalışanlar, irəli çıxmağımıza sədd çəkənlər də tapılır.

Gülməyi çoxlar ilə bacarmaq olar. Bu, olduqca asan bir işdir. Bəs ağlamaq? Sənə qoşulub ağlaya bilənlər çoxmudur, ümumiyyətlə, onlar varmı? Əgər varsa, deməli, onlar dostlarındır…

Dostluq qiymətli dəyərdir. Əvvəllər bu münasibətə böyük əhəmiyyət verilərdi.

Nifaq olan yerdə xeyir-bərəkət, səadət ola bilməz. İnsanlar, kollektivlər bir-biri ilə dost olmalı, bir-birinə hörmətlə yanaşmalıdır.

Yüksək aylıq maaş olan adamlar var. Etdiyi etirafa görə başdaşı olur. Ancaq hər yerdə yoxsulam deyib gileylənir. Az qalır hamıya əl açsın. Belə hallar insan insanın deyil, cibinin dostu olduqda baş verir.  Belədə kasıb olduğuna sevinənlər də tapılır. Dahi mütəfəkkir şair Nizami Gəncəvi gözəl deyir:

Bir olsa yoldaşın, dostun əli,

Daşdan su çıxarar onların əli.

Nifaq olan yerdəlakət də var,

adət günəşi birlikdən doğar.

Müxtəlif məsləkli adamların dostluğu uzun müddət davam edə bilməz. O dostluq daimi və damanlı olur ki, onun mayası qarşılıqlı hörmət və  ehtiramdan tutulur, yolunu isə xeyirxah bir məqsəd naminə bəslənən yüksək ideyalar işıqlandırır.

Dostluq müqavilə ilə yaranmır. Onun taleyini sınaqlar həll edir. Payız günəşi bənzəyən dostluq da olur – işığı var, hərarəti yox. Dostluqda tüstlənib göz yaşartmaq yaramır. O, alovlanmağı, hərarət verməyi tələb edir…

Hacımməd Məmmədov

Şərh Yaz