80 yaşlı ananın ikinci kitabı

Qəribə taleyə sahib olan Sayad Abulova 1939-cu ildə Qurbanəfəndi kəndində anadan olub. Uşaqlıq illəri müharibənin əzabları içərisində keçib. 1955-ci ildə kəndin 8 illik məktəbini bitirib. Bakı Sənaye Texnikumuna daxil olub. Bir müddət Bakı şəhərində işlədikdən sonra doğma rayona qayıdıb. Rayondakı Kolxozlararası Tikinti İdarəsində mühasibat işində çalışıb.

Gözlənilməz xəstəlik onu ömrünün ən qaynar illərində işindən və arzularından ayırıb. Sayad ana uzun illərdir ki, anamiya xəstəliyindən əziyyət çəkir. Çox təəssüf ki, illərlə aparılan müalicələr ona  arzuladığı sağlamlığı qaytara bilmir. Bəlkə elə üzləşdiyi, yaşadığı sıxıntıları özünə yaxın buraxmamaq istəyindəndir ki, xəstəxanalara düşdüyü illərdən çəkdiyi əzabları, istək və arzularını, insanlara, həyata, Vətənə olan sonsuz sevgisini  sətirlərə, bəndlərə çevirərək şeirlər yazır.

O, özünə şairəm demir:

– Anama, bacıma, əzizlərimə deyə bilmədiklərimi kağızlara yazdım. Təsəllimi bununla tapdım. İndi də yazıram, amma daha çox yazdıqlarımı oxuyub, redaktə edirəm. İnsan xəstə olanda da yaşamaq arzusu onu tərk etmir. Birinci kitabdan sonra özümü xeyli rahat hiss etməyə başladım. Yeganə övladıma, qızım Məlahətə çəkdiyim əziyyətlər halal olsun. Ağlı kəsəndən həyatda varlığım üçün çalışır. İkinci kitabın çapı da onun təşəbbüsüdür. Əlyazmalarım çoxdur. Ömür vəfa etsə, yerdə qalanları da nəzərdən keçirəcəyəm. Yaşamaq gözəl arzudur. Yaşayıb-yaratmaq ondan da gözəldir.

Qayğımı çəkənlərə, kitablarımın çapında zəhməti olanlara, yazdıqlarıma oxucu diqqəti yetirən həmkəndlilərimə, bir sözlə, varlığımı dəyərləndirənlərə, mənə vaxt ayıranlara, tez-tez görüşümə gələn müəllimlərə, şagirdlərə təşəkkür edirəm. Heç şübhə yoxdur ki, ulu Yaradan qayğıya ehtiyacı olanları diqqətdə saxlayanları yetərincə mükafatlandıracaqdır.

Yaşının bu çağında balaları xoşbəxt, Vətəni qüdrətli, Qarabağı azad görmək istəyən  Sayad ana yazır:

 

Azərbaycan

 

Bəsdir daha dedik ağı,

Azad edək Qarabağı.

Alaq Laçın, Murovdağı,

Düşmənə verməyək aman,

Azərbaycan, Azərbaycan!

 

Döyüşərək gecə-gündüz,

Zəfər çalaq düşmənə biz.

Hazır olaq hər birimiz

Keçməyə öz canımızdan,

Azərbaycan, Azərbaycan!

 

Eşit məni, igid əsgər,

Qalx ayağa, hünər göstər!

Qoy sinəmiz olsun sipər,

Düşmənə ölüm, qana qan,

Azərbaycan, Azərbaycan!

 

Qalib gəlsin haqq, ədalət,

Nanəcib düşmənə lənət!

Olmasın bir də qan, möhnət,

Azərbaycan, Azərbaycan!

80 yaşlı ana birinci kitabına “Qadın ürəyi”, ikinci kitabına isə “Qızılgül” adını verib. Canındakı ağrıları qələmi ilə qovmağa çalışan Sayad anaya sağlamlıq və yaradıcılıq nailiyyətləri arzulayırıq.

rifəndiyeva,

rkəzi kitabxananın şödiri

Şərh Yaz