“DAĞ ÇİÇƏKLƏRİ“

İnsan

 

Bir ayrı dünyadır insan büsbütün,

Bir gün payız olar, bir gün yaz olar.

Sən gülər gördüyün adamı bir gün

Ağlayan görəndə tanınmaz olar.

 

Yanar ürəyindən, tökər dilindən,

Ömrü yük olsa da, atmaz belindən.

Varını, yoxunu tut al əlindən,

Bir damcı ümid ver, kefi saz olar.

 

Daşı da ucaldıb müqəddəs eylər,

Haranı axtarsan, ordan səs eylər.

Hər şeyə bir yandan baxsan, bəs eylər,

İnsana yüz yandan baxsan, az olar!

Ağasən Bədəlzadə

 

Təcnis

 

Gülüm, mənim şəklimi çək,
Gözlərinin aynasına.
Amma qorxuram dərdimə
Dözəmməyə, ayna sına.

 

Kim qoyub adını Gözəl?
Nə gözəldi bu qaş, göz, əl.
Ayna üzün varkən, gözəl,
Gözlərinin aynası nə?

 

Hər halımı son anmışam,
Hər dərdimlə sınanmışam .
Ayna kimi sınanmışam…
Say məni bir ayna, sına.

 

Zaman ömür tələsidir,
Əzir, qovur, tələsidir.
Oyun, qurğu, tələ, sirdir,
Bilinməyir, ay, nəsi nə?

 

Duracaqda son duranam,
Gəl yanımda sən dur, “anam“.
Elə bilmə sındıranam
Ayna üz, göz, ayna sinə …

Nazir Ziya Talıstanlı

 

Azərbaycan yaşındayam

 

Ey yaşımı soruşanlar,
Bilin, cahan yaşındayam.
Aşkardayam doğuluşdan,
Sirrəm, pünhan yaşındayam.

 

Üz tutmuşam Haqqa, safa,
Yolum sevgi, ruhum vəfa.
Yaddır mənə ağrı, cəfa,
Çıxmayan can yaşındayam.

 

Yaradanın varı məndə,
Qeyrət, namus, arı məndə.
Balın cəmlər arı məndə,
Pətəkdə şan yaşındayam.

 

Bütün dünya xanimanım,
Dərya eşqim, bulaq qanım.
Gözümdə yaş, dözür canım,
Hədəf, nişan yaşındayam.

 

Zəif düşər, sönməz ancaq,
Sinəmdəki bu od-ocaq.
Günəş yenə doğulacaq,
Açılan dan yaşındayam.

 

Yurdumdayam, yadam qəmə,
Dostum, mənə qoca demə.
Al, bax, doğum vəsiqəmə,
Azərbaycan yaşındayam.

Şahməmməd  Dağlaroğlu

 

r

 

Səmalardan enib gələn mələkdi,

İlk bahardı, güllü yazdı nəvələr.

Üçü, beşi, onu olsa çox deyil,

Neçə olsa yenə azdı nəvələr.

 

Ürək dolu, nəğmə dolu sözdü-söz,

Ağızda dad, nur, işıqdı, gözdü-göz,

Qəlbimizdə atəş, alov, közdü-köz,

İncə telli kaman, sazdı nəvələr.

 

 

Ümidimiz, sabahımız, anımız,

Ruhumuzdu, can içində canımız,

Damarlarda dövr eyləyən qanımız,

Şirin baxış, işvə-nazdı nəvələr.

 

 

Doyumu yox, doymaq olmur sözündən,

Öpüb, oxşa mavi, qara gözündən,

Allahımız pay göndərib özündən,

Xoş sədadı, xoş avazdı nəvələr.

 

Baş tacımız,canımızın özəyi,

Evimizin yaraşığı, bəzəyi,

Əl-ayağa dolaşan daş-kəsəyi,

Müqəddəs and, sübh-namazdı nəvələr

 

 

Duamız var, qorusun tək Yaradan,

Qəfil xəta, şər-böhtandan, bəladan,

Durub baxsan hansı yerdən, haradan,

Şah dağıdır, Savalandır nəvələr.

Murad Mərrəmov

 

Günahları sağ gedirik

 

Yarpaq idik, xəzəlləşdik,
Salamat qal, bağ, gedirik.
Bu dünya bir bostan imiş,
Quruyub tağ-tağ gedirik.

 

Sınıb həyat sınağında,
Qaldıq vicdan qınağında.
Bülbültək ley caynağında
Titrəyib zağ-zağ gedirik.

 

Sən könlünü ha təmizlə,
Qonşusan şər natəmizlə …
Girib qara bəxtimizlə
Bir kəfəndə ağ gedirik.

 

Torpaq imiş həyat, torpaq,
O təzə, biz boyat torpaq.
Üstümüzdə bir qat torpaq,
İçimizdə dağ gedirik.

 

Bu dünyada vurhavurda,
O dünyada xırhaxırda …
Necə rahat yataq gorda?-
Günahları sağ gedirik.

Oqtay İsmayıllı

 

Düşüncələrim silsiləsindən

Yaxşını yamana satmağa nə var,
Yaxşını yamanın əlindən al sən.
İnsanlıq yolunda güzgü olarsan,
Yaxşı əməllərin yolunu bilsən.

Qaranlıq gecədən ay da çıxandı,
Doğru yalanları çəkib sıxandı.
Həqiqət uğurla üzə çıxandı,
Tapıb dost-sirdaşla yerində bölsən.

Yersiz ağlamağın göz yaşı günah,
Ümid yaşadandı, Allaha pənah.
Dərd çəkən ürəkdi, kimə lazım ah?
Ürəkdə ağlayıb, gözündən gül sən.

Haramdı göz dikmək özgə malına,
Hakim ol hər yerdə acı dilinə.
Namərd süfrəsinə, namərd əlinə,
Uzatma əlini, acından ölsən.
Mehriban İbrahimova

 

Sinən edam kürsüsü

 

Sinən edam kürsüsü, nəfəsin cəllad olsa,

Ən günahkar qul olub, qarşında diz çökərəm.

Əllərin ağ göyərçin, tellərin ilan olsa,

Ovcumda yuva qurub, buxağından öpərəm.

 

Gözlərinlə gözümə dərdlərini yazanım,

Ürəyimi qoparıb hörüyündən asaram.

Nəfəsimi boynunun ətrinə qurban kəsib,

Gülüşünü qanayan yaram üstə basaram.

 

Mənim ağıllı dəlim, dəli bir isdəyimsən,

Günahına batdığım cənnətin meyvəsisən.

Döndərmisən üzümü sevginin qibləsinə,

Can üstə qulağıma dolan azan səsisən.

 

Gecikən alın yazım, boş qalan qucaq yerim,

Səbrimin daşmasını gözləyən dodaq yerim.

Ruhumu əsir edən, bir titrək pıçıltının

Həsrətindən közərib alışan ocaq yerim.

 

Sahildən küsən gəmim, içimi didən qəmim,

Qollarımda yurd salım sən məndən şahlıq dilə.

Gəl üşüyən ömrümü isid od nəfəsinlə,

Döndərmə can umduğum dodaqları qatilə.

 

Sinən edam kürsüsü, nəfəsin cəllad olsa,

Ən günahkar qul olub, qarşında diz çökərəm.

Əllərin ağ göyərçin, tellərin ilan olsa,

Ovcumda yuva qurub, buxağından öpərəm.

Turac Hilal

 

Sinə daşı qoymayın

 

Pillə çıxdım, neçə-neçə dağ aşdım,
Gəlib çatdım bu dünyanın üzünə.
Əgər köçsəm bu dünyadan bəxti kəm,
Dik baxaram o dünyanın gözünə.

 

Həyat yondu məndən qılınc düzəltdi,
Kaman çəkdim, oxu atdım dalbadal.
Oxum süzüb dağa, daşa çırpıldı,
Qəlbim küsdü, könlüm oldu halbahal.

 

Kor bulağın gözü kimi tutuldum,
Nə qaynadım, nə çağladım, nə daşdım.
Kəklik qonan qayalar tək lüt-üryan,
Tənha qaldım, zaman-zaman daşlaşdım.

 

Cavanlığın keçdi qəmgin, pərişan,
Seyrə çıxıb gözəlliyi gəzmədim.
Bir çiçəyin xətri üçün çəməni,
Gəzə-gəzə min çiçəyi əzmədim.

 

Belə gəlib, belə getdi günlərim,
Əl çəkmədi başım üstdən duman, çən.
Əhvalımı kövrək notla köklədim,
Nələr gəldi, nələr keçdi fikrimdən.

 

Çiyinlərim yük altında əzildi,
Düz fırladım, çarxım döndü tərsinə.
Məzarıma sinə daşı qoymayın,
Ağır olar, dözəmmərəm çəksinə.

stəm Məbudoğlu

 

Axtarmadın…

 

Dili tutulubmu ötən illərin?

İstisi gedibmi  bu ağ əllərin?

Çəməndə açılan zərif güllərin

İçində adıma gül axtarmadın.

 

Həyat bir lövhədi, ağlı, qaralı,

Kimsə yara vuran, kimsə yaralı.

Həsrət saldı səni məndən aralı,

Yanıma gəlməyə yol axtarmadın.

 

Hərdən fikrə getdik, xəyala daldıq,

Bəxt güldü, fələkdən biz də kam aldıq.

Günlərlə, aylarla küsülü qaldıq,

Bir yol barışmağa dil axtarmadın.

 

İndi  özümüzə özgəyik, yadıq,

Guya bəxtəvərik, sərbəst, azadıq.

Elə bil həyatda heç bir olmadıq,

Keçdi aramızdan yel, axtarmadın.

Surəbrayılova

 

Çalası

 

raylıcnis

 

Qardaş, sinəm qəm yığnağı,

Dərd çuxuru, çalasıdı.

Vicdansızlar – əfi ilan,

Fürsət düşdü çalasıdı.

 

Vay o gündən gədə, güdə

Kənd naxırın gədə güdə.

Zatıqırıq gədə-güdə

Mərdimazar  çalasıdı.

 

Vüqar, kimsən, nəsən indi?

Nə mən xoşbəxt, nə sən indi.

Dünya mənim, nə sənindi,

Öz  bildiyin çalasıdı.

qar Vaqifoğlu (Hüseynov)

 

l

 

Nə boyda dərd ölçülüb, hər qarışıma, neynim?

Arzu etmədiklərim çıxır qarşıma, neynim?

 

Quruyub budağımda gül solantək solmuşam,

Xələl gətiribdi dərd yaraşığıma, neynim?

 

Elə yerdə bitir o, elə yerdə doğur ki,

Düşəsi olmayır gün, isti qışıma, neynim?

 

Yerdən nəmliyi çəkib,  gün-gündən ağırlaşıb,

Nə çarə qılım buna, ağır daşıma, neynim?

 

Dünyanın hər ağrısı, acısı içimdədi,

Bağlamayım ləçəyi, şalı başıma, neynim?

 

Özüm deyə bilmirəm, qərar verin, siz deyin,

Gəlməyincə  hər kino, oyun xoşuma, neynim?

 

Tamam, çoxalır bəla, artdıqca yaş, qəm artır,

Necə azaldım bunu, artan yaşıma neynim?

Tamam Nur Tağlabiyanlı

 

Uzat əlini

 

Topla ulduzları çantana,

Uzandıqca bəşərində uğursuzluq yan-yana.

Hər bədəni boş qoyanda bu ruhsuzluq az qala,

Başlamışıq biz ölümü qüsursuzluq sanmağa

 

Məsumiyyət səmadadı, gözlərində əks edir,

Günahkar ayaqlarımız köz üstündə rəqs edir,

Hər şeytanın bəlli olur sözlərində məqsədi,

Taparsan əgər gəlsən izlərimlə məhşəri.

 

Tanrı, oradasan? Yuxarıdakı sirlərlə.

Hansı çuxurun dibindəyəm görəsən öz zirvəmdə?

İstəyirəm günah adlı bataqlıqda kirlənmək,

Ya zehnimin otaqlarında uşaqlıqda gizlənmək.

 

Kainat sadəcə pərdədi Tanrıyla aramızda,

Dualar qarğışları ardınca aparırlar.

Səni yaradır, sənsə onu ağlınla yaradırsan,

Və sonra da şübhə adlı ağrınla yaşayırsan.

 

Buludlu göz bəbəklərim, ulduzlardan ayrıyam,

Hər əzama batırırdı yaradılışım sancılar,

Düşündükcə yox oluram və bu çatır axrıma,

Düşünürəm… Düşünürəmsə, deməli, Tanrı var..

 

Nə qədər axmaqcadı,

Əbədiyyət axtarıb,

Axmaq kimi görünmək.

Nə qədər qəddarcadı,

Bir ömür səmaya baxıb,

Sonda torpağa gömülmək.

yal Hüseynov

 

Saman(yol)u

 

Çaşıb unudarsan birdən,

Kirpiklərində tut məni.

O qaranlıq gözlərinin

Tilsimiylə qorxut məni.

 

Şeytanların gözü məndə,

Mələklər qalıb izndə.

Sonuncu ayaq izində

Yandır yax məni, üt məni.

 

Ya da… sənə qulaq asar,

Biri mütləq susa-susa.

Beynimə gücün çatmasa,

Ürəyimə öldürt məni.

 

Torpaq kimi uda-uda,

Günəş kimi qurut… ya da

Ayağımdan as buluda,

Yağ üstümə, kirit məni.

 

Yol deyil, ömürdü bitən,

Yolda xoşbəxt olmadın sən.

Bu yollarda nə görmüsən?

Gəl bir azca da get məni.

Ülvi Bahadır         

 

Yaxşılar unudulmur

 

sir müəllimin vənifə xanın ruhuna ithaf

 

Öyrənə-yrənə yol gedir bəşər,

Öyrədən – müəllim, ata, həm ana.

Sonradan yaranmış şeytan ilə şər,

İlk gələn yaxşılıq olmuş cahana.

 

Belə adam idi Nəsir müəllim,

Belə ana idi Hənifə xanım.

Ruhları şad olsun, yetişmir əlim,

Hər an yaxşılara qurbandır canım.

 

Bizi bala kimi əzizlədilər,

Öpüb-oxşadılar şən uşaqları.

Qapıya baxdılar, yol gözlədilər,

Bala görməmişdi öz qucaqları.

 

Aylar, illər ötür, ömür, gün keçir,

Yaxşı da, yamanda tutur yaddaşı.

Hərə əkdiyini becərib, biçir,

Bilin, yaddasınız hər addım başı.

 

Ruhunuz şad olsun, yeriniz rahat,

Sizdən qalan miras – sevgi, məhəbbət.

Nə etmək olar ki, belədir həyat,

Bizi görüşdürər zaman, ya qismət!

Şərqiyyə Balacanlı

 

Çəkir

 

Yenə bahar gəlib, bağlar gül açıb,

Arılar tökülüb yenə bal çəkir.

Oyanıb yenə də ana təbiət,

Dağlara, düzlərə min sığal çəkir.

 

Döşənib hər tərəf yamyaşıl xalı,

Könüllər oxşayır yaşılı, alı.

Durub göz önündə yarın camalı,

Girib ürəyimə, gör nə hal çəkir?

 

Getməyir bsşımdan fikri, xəyalı,

Dolaşır könlümdə o ay camalı.

Rəssamtək əllərim lalə yanağa,

Qönçə zənəxdana qara xal çəkir.

 

Ay Solmaz, şükr eylə sən bu aləmə,

Tanrım, özün son qoy,  ahu-naləmə.

Dua et Rəbbinə, sarıl qələmə,

Ürəyim çırpınır min xəyal çəkir.

Solmaz Şirvanlı

 

Şərh Yaz