İşıqlı obraz, yüksək vətənpərvərlik və humanizm rəmzi

Belə bir fikir var, deyirlər, hər güclü kişinin arxasında ağıllı bir qadın dayanır.  Həyat  təcrübəsi bu sözlərin nə qədər düzgün olduğunu sübuta yetirib və bu fikir bu gün  də davam etməkdə, yerini tutmaqdadır…

Həqiqətən də, tarixdə çoxsaylı görkəmli qadınlar olub ki, onlar tarixin gedişatına həlledici təsir göstərib, bəşəriyyətin aqibətini dəyişməyə müvəffəq olublar. Belə qadınlardan müdrik və fədakar, düzgünlüyü, təmkini və əxlaqı ilə seçilən, İslam tarixində böyük rolu olan – Peyğəmbərimiz Hz. Məhəmmədin (s) sadiq ömür-gün yoldaşı Həzrəti Xədicəni, adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan, böyük ağıl, mətanət, müdriklik və cəsarət sahibi Sara Xatunu, ilk hökmdar qadın Tomrisi, və başqa Azərbaycan xanımlarını misal göstərmək olar.

Əsrlər boyu saysız-hesabsız qəhrəman övladlar yetişdirən xalqımız  20-ci əsrin astanasında daha bir qəhrəman qızını tarixə tanıtdı. Bu, Azərbaycan qadının əsil insana xas bütün gözəl xüsusiyyətləri – daxili və xarici gözəlliyi özündə əks etdirə bilən xanım, Azərbaycan cəmiyyətinin dəyərli incisi,  gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva oldu.

Zərifə xanım görkəmli ictimaiyyət və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, əsil həyat məktəbi keçmişdi. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub.

Zərifə xanım, insanlara məhəbbətini sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə tam gerçəkləşdirə bilirdi.  Akademik Z.Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələni təşkil edir. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.

Ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə həsr etmiş alimlər cəmiyyətə işıq saçarlar. Cəmiyyətin aydınlanmasına, gənc nəslin kamil mütəxəssis kimi yetişməsində əməyini sonadək sərf etmiş Z.Əliyevanın ömür yolu gənc nəslimiz üçün, xüsusilə uğurlu karyera ilə uğurlu ailəni bir arada birləşdirmək istəyən gənc xanımlarımız üçün bir örnəkdir.

Onun müəllifi olduğu kitablardan bilik alan tələbələr nə qədər humanist bir peşənin sahibi olduqlarını  gözəl anlayırlar. Bir vətəndaş kimi yetişmənin vacibliyini dərk edirlər. Belə insanları yetişən nəsilə, şagirdlərə, tələbələrə tanıtmaq, sevdirmək və örnək göstərmək borcumuzdur.

Zərifə xanımın qürur duyulası fəxri adları, elmi titulları, mükafatları çoxdur. Ancaq bu adların ən alisi Ana adıdır. Zərifə xanım Ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin anasıdır.

Z.Əliyeva qısa ömür yaşadı. Heç şübhəsiz, yaşasaydı, o, istedadı və həyat enerjisi ilə çox işlər görə bilərdi. Zərifə xanım işıqlı obraz, yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq. Parlaq xatirəsi onu sevən, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ruhiyyə Mahmudova,

“Tərəqqi” medallı ingilis dili müəllimi

Şərh Yaz