Görülən işlər Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir

10 may 2019-cu il tarixdə YAP İsmayıllı rayon təşkilatının qərargahında İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir öncəsi Ulu öndərin abidəsi önünə tər çiçəklər qoyulub, əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əmədova  açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlətimizin inkişafı, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı uzaqgörən siyasət bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan bu gün artıq dünyanın inkişaf tempinə görə öncül mövqelərdən birini tutan ölkəyə çevrilib. Əldə olunan yüksək göstəricələr əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial islahatların nəticəsidir.

Daha sonra məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədr müavini Zaur Muradov, İvanovka kənd ərazi ilk partiya təşkilatının sədri Olqa Radayeva, YAP İsmayıllı rayon təşkilatı fəallarından Gülşən İldırımlı  çıxış ediblər. Qeyd ediblər ki, Ulu öndərimiz böyük şəxsiyyət olaraq cəmiyyətin inkişafını, hər bir fərdin maraq və mənafeyini  etibarlı təminatda görərək bunun üçün zəruri tədbirlər həyata keçirib. Məhz Ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.

Bu gün Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir. Azərbaycanda böyük sürətlə məktəblər, xəstəxanalar və sair obyektlər tikilir, insanları narahat edən məsələlər öz həllini tapır. Ölkəmizə bütün sahələrdə gərgin iş gedir və bu işlər Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Azərbaycan yaxın zamanda çox qüdrətli bir ölkəyə çevriləcək, vətəndaşlarımız güclü, azad, sivil və gözəl ölkədə yaşamaqları ilə fəxr edəcəklər.

Hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin əlindədir. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, Ulu öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Tədbirin sonunda iştirakçılar Təzəkənd kənd tam orta məktəbinin şagirdi Gülsüm Əsgərlinin ifasında şeir-kompozisiyanı dinləyiblər. Bir qrup gəncə Yeni Azərbaycan Partiyasına üzvlük biletləri təqdim edilib.

İlqar Əhmədli

Şərh Yaz