Sahibkarlar və bank işçiləri üçün maarifləndirici tədbir

İsmayıllıda Azərbaycan Dövlət İqtisad Universiteti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığının subyektlərində texnologiya savadlılığının artırılması” ilə əlaqədar “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş seminar-treyninq keçirilib.

Seminar-treninqi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov açıb.

Sahibkarların və bank işçilərinin iştirakı ilə keçən maarifləndirici tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov, “Mühasibat uçotu və audit” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev mövzu ətrafında çıxış ediblər.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı Ramiz Məhərrəmov Azərbaycan Respublikasında vergi islahatları çərçivəsində edilən dəyişikliklər, görüləcək işlər, vergi orqanları və sahibkarların birgə fəaliyyəti, vergi inzibatçılığında yeni elektron texnologiyalarının tətbiqi imkanlarından danışıb.

Sərbəst auditor, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Elektron mühasibatlığın tətbiqi və bu sahədə olan yeniliklər” barədə məlumat verib.

“Kapital Bank”ın Xəzinədarlıq departamentinin Dilinq şöbəsinin müdiri  Vüqar Nəzərov “Bank biznesinin ən yeni formaları, şəbəkə və internet bankları, hesabların distant idarə olunması, elektron bankçılığın gələcək inkişaf perspektivləri” mövzusu ilə çıxış edib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

V.Salehov,

Ş.Soltanov

Şərh Yaz