Erkən nikah, işsizlik insan alverinə şərait yaradan səbəblərdəndir

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları 18 aprel 2019-cu il tarixində İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzinin konfrans zalında “Erkən nikah və işsizlik insan alverinə şərait yaradan səbəblər kimi” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə aid xidmət sahələrinin rəhbərləri və əməkdaşları, Heydər Əliyev Mərkəzinin işçiləri, rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, ictimai fəallar iştirak ediblər.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin hüquqşünası Eldar Muradov və Mərkəzin psixoloqu Ülvi Zeynalov insan alveri və onun mahiyyəti haqqında, işsizliyin, erkən nikahın fəsadlarının bəzi vaxtlarda insan alveri qurbanı olmaq təhlükəsinə gətirib çıxarması barədə ətraflı məlumat veriblər. İnsan alveri qurbanına çevrilməmək üçün iştirakçılara insan alverçilərindən qorunma yolları izah olunub.

Erkən nikahın fəsadları haqqında müzakirələr keçirilib, tədbir iştirakçıları ilə qrup şəklində iş aparılıb. İşsizliyin insan alverinə necə şərait yaratması haqqında məlumat verilib. Zərərçəkmişlərin məşğulluğunun təmin olunması, onları peşə kurslarına yönləndirmək kimi yardımlarından danışılıb. İsmayıllı rayonunda əhalinin məşğulluq vəziyyəti haqqında rayonun Məşğulluq Mərkəzinin direktoru Asif Cabbarov məlumat verib.

Sonda insan alveri barədə çəkilmiş maarifləndirici film nümayiş olunub. İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti haqqında çəkilən reklam çarxı göstərilib.

Tədbirdə iştirakçılara sorğu materialları, insan alverinə mübarizə ilə bağlı bukletlər və kitabçalar paylanıb.

Şərh Yaz