Ümummilli liderin xatirəsinə həsr olunmuş marafon yarışı

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi  Rayon Təhsil Şöbəsi ilə birgə 3 may 2019-cu il  tarixdə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Yeniyetmələrin XI ümumrayon spartakiadasına daxil olan marafon yarışı keçirib.
Tədbirin başlanğıcında çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov   müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti  haqqında ətraflı danışıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova gənc idmançılar qarşısında ulu öndər Heydər Əliyevin gənclər və idman siyasətinin davamlı olaraq yüksək nəticələrlə bu gün də davam etməsindən, ümummilli liderin xilaskarlıq missiyasını qəhrəmanlıq səviyyəsində həyata keçirməsindən bəhs edib.
Keçirilən marafon yarışında İsmayıllı şəhərinin bütün orta məktəbləri və 3 nömrəli məktəb-lisey, Diyallı, Cülyan, Talıstan kənd tam orta məktəblərindən, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzindən 100 nəfər məktəbli və tələbə iştirak edib.
Yarışa Şəhidlər xiyabanı önündən start verilib. Marafon ümummilli lider Heydər Əliyevin abidəsi önünə qədər davam edib.
Gərgin keçən marafonda şəhər 5 nömrəli  tam orta məktəbinin şagirdi Samir Həsənov I yerə, şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi  Elşən Abbaszadə II yerə, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi  Yusif Məmmədov III yerə çıxıblar.

Hər üç yerin qalibi İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Diplomları və qiymətli hədiyyələri ilə təltif olunub.

R.Rəcəbov,

İsmayıllı Gənclər və İdman İdarəsinin rəis müavini

Şərh Yaz