Bəzilərinə

Bu yazıda ad çəkmək fikrim yoxdur. Çünki bəziləri adını eşitdiyi halda, layiq olmasa belə, özünü sayılan, seçilən kimi hiss edir. Belələrinə: “Adı qulağına xoş gəlir”  də deyirlər.

Qəribədir, İsmayıllının hamını sevindirən, göz önündə olan inkişafı nədənsə, bəzilərinin gözünə görünmür və ya həmin gözlərə girib, sanki onları kor edir.

Son 5-6 ildə rayondakı yeniliklər – tikilən müxtəlif təyinatlı binalar, açılan müəssisə və iş yerləri, asfaltlaşdırılan, işıqlandırılan yollar və  küçələr, qurulan istixanalar, qazlaşdırılan kənd və qəsəbələrimiz ölkədəki, eləcə də rayonumuzdakı sürətli inkişafı açıq-aydın göstərməkdədir.

Söz yox ki, yerini-yurdunu, ümumilikdə, Vətənini sevən hər kəs bu yüksəlişdən razı qalmaqla, qürur hissi keçirir, qonşuluqdakı küçənin asfaltlandırılmasını, kəndin abadlaşmasını görüb, tezliklə məhəllələrinin, yaşadıqları ərazinin də müasir görkəm alacağını düşünür və bu işi icra edənlərə minnətdarlıqla can sağlığı arzulayır. Əlbəttə, mədəniyyəti, qanacaq və mərifəti, şükranlıq hissi olanlar məhz bu cür etməli olduqlarını yaxşı bilir, belə də edirlər. Amma göz və könül oxşayan yenilikləri görüb qubar çıxaran düşüncə sahiblərinin olduğunu biləndə, məlum bir şeirin misraları yada düşür. Səhv etmirəmsə, şair belə yazıb:

Biri qaçaq olub, mərd olub,

Biri qoçaq olub, mərd olub.

Bəs bu namərdlər hardandır?

Bax, bu mənə dərd olub…

Bəli, eyni çəmənlikdə zövqü, ruhu oxşayan güllər, çiçəklərlə yanaşı, qanqal da bitir. Təbii haldır ki, bunların hər biri öz kökü üstündə baş qaldırır. Bu nümunənin məntiqi nəticəsidir ki, əqrəbi tumarlamaqla xislətindən döndərmək çətin məsələdir. Əslində, buna ehtiyac da yoxdur. Narahatlıq doğuran o haldır ki, kimlərəsə yaxşı pis kimi, doğru yalan şəklində, ağ qara rəngdə görünür. Belələri hər gün qulluq göstərilən bağın, bostanın alaq otuna bənzəyir. Kənd təsərrüfatı işləri ilə məşğul olanlar yaxşı bilirlər ki, vaxtında kökündən çıxarılmayan alaq otu mütləq toxum səpib artacaqdır…

Sosial şəbəkələrdə nahaqdan: “Sökdülər, yedilər, dağıtdılar!”- deyib haray-həşir salan bəziləri etdiklərinin sanki bir qəhrəmanlıq olduğunu düşünüb, efirdə səslənməyə, ekranda görünməyə can atırlar. Belələrinə rəvac verənlər də tapılır. Məlum məsələdir ki, onlar əksər hallarda kimlərinsə haqqı ödənilən sifarişini yerinə yetirirlər. Bu qəbildən olanların uydurduqları şər, böhtan olmasa, şübhəsiz ki, onlar tanınmayan, nüfuzsuz kütləvi informasiya vasitələrinə deyil, dövlətin müvafiq hüquq-mühafizə orqanlarına müraciət edərdilər.

Bu kimi məqamlarda hüquq-mühafizə orqanlarının pozucu xarakter daşıyan, həqiqətdən tamamilə uzaq olan informasiyaları yayanlara qarşı qanunvericilikdə nəzərdə tutulduğu şəkildə rəftar etməsi, ədalətin hər yerdə və həmişə yüksəkdə durmasını bir daha diqqətə çatdırardı.

İstəməsək də, bəziləri qismində olanlar demək olar ki, hər yerdə vardır. Onları halallığa, Haqq yoluna dəvət etmək vətəndaşlıq borcumuzdur. Belələri bilməlidirlər ki, işləyən adama: İşin avand olsun! – deyib daha yaxşı işləməsinə stimul verərlər. Çox güman ki, bəziləri bu barədə düşünəcək də.

Bu kiçik yazıda bəziləri oxuduqlarından bəzi məqamların sahibliyinə də əminlik duyacaqlar. Bəziləri isə yazını oxuyub başa çatdırmamış müəllifin kimliyi ilə maraqlanacaq.

Sözümü: – Bu yazıda ad çəkmək fikrim yoxdur, – ifadəsi ilə başlamışdım. Amma bəziləri bilsinlər: – Yazını qələmə aldı:

Şahməmməd Soltanov,

Prezident təqaüdçü

 

Şərh Yaz