El anası – əsrin yaşıdı

Qadınlar zərif olduqları qədər də güclü, mərhəmətli, cəfakeş və vəfalı olurlar. İnciklik, qan-qada sevməz, yalnız özlərinə, ailələrinə, ölkələrinə deyil, bütün kainata sülh, əminamanlıq arzulayarlar.

Həyat onları sınağa çəkəndə də xanımlıqlarını, mərhəmət, ədalət və hörmət duyğularını itirməzlər. Ən  ali məqsədləri öz işləri ilə məşğul olmaq,  əzizlərinin, doğmalarının qayğısına qalmaq olar. Vətən, xalq, millət və dövlətçiliyin yüksəlişi naminə həyata keçirilən işlərdə zəhmət paylarının olmasından qürur duyarlar.

Xalqımız gözəllik rəmzi olan ana, qadın adını həmişə uca tutub. Azərbaycan qadını tarixin bütün mərhələlərində iradəsi, zəkası, istedadı ilə milli-mənəvi dəyərlərimizi qorumuş və zənginləşdirmişdir.  Bu səbəbdən tariximizin, mədəniyyət və mənəviyyatımızın ən şanlı səhifələri onların adı ilə bağlıdır. Azərbaycan xalqının şöhrət tacı olan qadınlar bu gün də ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin fəal iştirakçılarıdırlar.

Xanım-xatın bir qadın tanıyırıq. 100 yaşındadır, əsrə bələdçilik edir. Uşaqlıqdan zəhmətlə, halallıqla yaşamağı sevib. Möhkəm iradəsi, qorxmazlığı, hamıya gərəkli olmaq niyyəti ilə həmişə zərif çiyinlərini ağır, bəzən kişilərin görə bilmədiyi, dözüm, ürək tələb edən işlərə dayaq edib.

Tanıyanların “El anası” kimi təqdim etdikləri bu qadınla lap bu yaxınlarda görüşdük, həmsöhbət olduq.  Söhbətə bizim üçün də maraqlı olan bir fikirlə başladı: İnsanı irəli aparan, mənalı həyata sahib edən, cəmiyyəti inkişaf etdirən fiziki yox, əqli gücdür. Zəif və zərif cinsin nümayəndələri sayılan qadınlar heç də o qədər gücsüz deyillər.  Hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır deyimi həqiqətdirsə, deməli, ağlın da özünəməxsus dəyərləndirilə biləcək  gücü var.

Həmsöhbətimiz hər şeyi dəqiqliklə görən və danışılanları  rahatlıqla eşidən 100 yaşlı peşəkar tibb işçisi, İsmayıllı şəhər sakini  Şirmayı Zülfüqar qızı Mirzəliyevadır. Xatirəsində olanları mümkün qədər ardıcıllıqla danışmağı xahiş edirik.

– İnsan bir ömür yaşayır. Ömrü şərəflə, ləyaqətlə yaşamaq əsl xoşbəxtlikdir. Kim bu həqiqəti vaxtında dərk edirsə, həyatı mənalı, yaşayışı rahat, süfrəsi çörəkli, ömür yolu örnək olur. Belələri xeyirxah insan –  səmimi, sevimli, hörmətli olur. Böyüklərimiz bizi bu cür tərbiyə etdilər. Biz də onlardan ala bildiklərimizi özümüzdən kiçiklərə, əzizlərimizə, balalara ötürdük. Xeyirxahlıq və zəhmətsevərlik, davamçılarımıza verdiyimiz ən dəyərli miras oldu.  Valideynlərimizdən, ağsaqqal və ağbirçəklərimizdən eşitdiklərimizi yadda saxlamaqla əməlimizdə yaşatdıq.

Ş.Mirzəliyeva 1919-cu ildə İsmayıllı kəndində dünyaya göz açıb. O illərin ərazidə olan məktəbində təhsil alıb. Bir peşənin sahibi olmaq fikrinə gəldikdə, tibb bacısı olmağı seçib və bu arzu ilə Göyçaydakı Tibb Məktəbinə daxil olub.  Seçdiyi ixtisasın sirlərinə bələd olan gənc Şirmayı İsmayıllıya qayıdıb,  canıyananlıq və yüksək diqqətlə bacarığına ehtiyacı olanların qulluğunda durub. Həyatdan ümidi üzülənləri yenidən sağlamlığına qovuşdurub.

– Gənc tibb işçisi olaraq təkcə İsmayıllıda deyil, ətraf kəndlərdə də köməyimə ehtiyacı olanların qapısını açardım. Az qala bütün gününü at belində, ünvandan-ünvana getməklə keçirər, xəstələrin köməyinə çatardım. Xəstələrin köməyinə yetmyindən rahatlıq, qürur duyar, at belində vaxt-bivaxt çağırışlara gedər, həkimlərin təyinatı üzrə tam sərbəst müalicə işini aparardım. Təcili tibbi yardıma ehtiyacı olan xəstələrə köməklik göstərməyi ən vacib işim sayardım. Aldığım Fəxri fərman və Təşəkkürnamələrdən məni daha çox sağaltdığım xəstələrin xeyir-duası ürəkdən işləməyə, peşəmə bağlanmağa sövq edirdi. Fərqli vaxtlarda dəfələrlə qəsəbə, rayon və şəhər soveti üzrə deputat seçildim. Hamının sevimlisi idim…

Uşaqlıq illəri çoxdan arxada qalmışdı. Ağrılı-acılı illərə düşən gəncliyimdə böyük bir ailənin yorulmaz üzvü kimi, həyət-bacada, kolxoz işində çalışır, açdığımız süfrədə zəhmətimin də barı olmasına səy göstərirdim. İllər arxada qalsa da, xatirələri mənimlədir. Müharibə illərini yaxşı xatırlayıram. Almanlar müharibəyə başlayanda kənd-kəsəkdən cavanları, kişiləri yığıb apardılar. Arxada qalanlar yaşlılar, qadınlar və uşaqlar oldu. Sözlə ifadəsi belə çətin olan illər yaşandı. Evlərdə, ailələrdəki ağırlıqların  çoxusu qadınların üzərinə düşdü. Mən də evin işləyən böyük qızı kimi, dörd bacımın – Züleyxa, Qələm, Maral və Qənifənin, eləcə də iki qardaşımın – Sabirlə Kamalın həyatda qalması, təhsil ala bilməsi, çətinlik görməməsi üçün var-qüvvəmlə çalışırdım.

Zəhmətimiz hesabına süfrəmizdə kasadlıq yox idi. Yaxınlardan, qonum-qonşulardan ehtiyac duyanlara mümkün olan köməkliyi də edirdik. Çoxlarının yükünü çəkdik, amma heç kimə yük olmadıq. Aclıq və ağır müharibə illərini itkisiz yaşadıq. Bacı və qardaşlarımın hamısı oxudu, ali təhsil aldı.

Atam Zülfüqar kişi zəhmətkeş, halallığı hər şeydən üstün tutan, Allah adamı idi. Namazını qılar, orucunu tutardı. Yetim-yesiri doyuzdurmağa, sevindirməyə gündəlik işi kimi baxardı. Allahsız hərəkət, iş görənləri heç sevməzdi. Özü kifayət qədər dindar adam olsa da, bizi, uşaqları dindarlığa çəkməzdi. Dövrünün savadlı adamlarından olan atam mədrəsə təhsili almış, rus-tatar məktəbini bitirmişdi.

95 yaşında dünyasını dəyişdi. Bir gün də olsa xəstə yatdığını görmədik. Ölümündən bir neçə gün əvvəl bizi başına yığdı. Balacaların başına sığal çəkdi, üzünü mənə tutub: Qızım,  lampanın nefti qurtaranda  nə baş verir? – deyə soruşdu. Əlbəttə: Lampa sönəcək, – dedim.  Atam gülümsündü və: Düz deyirsən, qızım, amma qorxmayın, səhər saat 12-də mənim də lampam sönəcək… Hə, görürsüz, dişim yoxdur. Səhər mənə bir şiş quyruq kababı bişirərsiz, özünüzə də Allahın verdiyindən. Sarı kişini də çağırarsız gəlsin.

Səhər açıldı, həyət bacanın bəzi gündəlik işlərini görəndən sonra aldığımız əti qazana saldıq, quyruqdan kabab çəkdik. Kababı atama isti-isti verdik. İştahla yedi. Çay içə-içə anama:  Ay Mina, yerimi hazırla, uşaqlardan da birini göndər Sarı kişini çağırsın bizə. Görüb eşitdiklərimiz çox təəccüblü idi…

Sarı kişi hörmətli kişilərdən biri, məhəllənin mollası idi. Gəldi və atama: Zülfüqar əmi, azar olmasın, bu nə məsələdi? – deyə soruşdu. Atam cavabında: “Yasin”i başla. Ucadan oxu ki, yaxşı eşidim, – dedi. Surənin müəyyən məqamında atam incik səslə: Ay Sarı kişi, Quranımı düz oxu da, – dedi. Sarı kişi: Bağışla, Zülfüqar əmi, həyəcandan yanıldım, – dedi.

Biz saata baxırdıq. Əqrəblərin 12 üzərində qovuşmasına az vaxt qalmışdı. Surənin davamını atam özü oxudu.

“Yasin” surəsinin son ayələri atamızın dilindən çıxan son kəlmələr oldu. Saatın əqrəbləri sanki bir qayçı olaraq bir bəndənin Allahla, yaxınları, əzizləri, doğmaları, nəhayətdə həyatla əlaqəsini qırdı…

Atamın ölümü ilə bağlı dediklərimi kimdənsə eşitsəm, hardansa oxusaydım, o qədər  də inanmazdım. Amma həmin dəqiqələr yaşadığım 100 illik ömrün möcüzə sayıla biləcək anlarıdır. Şirmayı xanım bu məqamda söhbətinə bir qədər ara verir…

Anam Mina xanım savadsız qadın olsa da halallıq, zəhmətsevərlik, ailəcanlılıq onu hamının gözündə ucaldan keyfiyyətlər idi. Bu səbəbdən atamızın ölümü demək olar ki, bizə yetimlik gətirmədi. Birgə çalışmamız evimizi ruzili, bərəkətli elədi. Hələ imkansızlara əl tutmaq da əlimizdən gəldi.

Ailədə, yaxın qohum-əqrəbada kimə kömək lazım olsa, öncə mən bilərdim. İnsanlara kömək etmək, onları dardan, çətinlikdən, xəstəlikdən qurtarmaq mənim həyatıma çevrildi.

Uğursuz evlilikdən sonra sanki sevdiyi, bəlkə də sevə biləcəyi qəhrəman bir eloğlumuzun odlu-alovlu müharibədən dönəcəyini gözləyirmiş kimi xəyallarla yaşadı, ailə qurmadı Şirmayı xanım. Amma kövrək qadın ürəyi ilə çoxlarına yardımçı oldu, doğmalıq göstərdi, analıq etdi. Qayğıkeşliyi, mərhəmət sahibi olması onu tanıyanların sevimlisi – el anası etdi.

Əsrin yaşıdını əzizləri, yaxınları bir gün də olsa tək qoymurlar. Ona hər gün baş çəkir, qayğı göstərirlər.  Etdiyi yaxşılıqların əvəzini qaytarmağa can atanlardan, xüsusilə bacısı oğlu, yaxın qonşusu Urmuz Bayramovdan çox razıdır. Haqqında bir ana məhəbbəti ilə ağız dolusu danışır Şirmayı xanım.

O danışdıqca, elə bil üzündəki qırışlar seyrəlir, çöhrəsinə bu yaşda da yaraşıq verən təbəssüm artır. Daha gümrah və fərəhli görünür. Sevinir ki, arzuladığı kimi, il ildən xoş gəlir, insanların güzəranı yaxşılaşır.

Həmsöhbətimiz çox maraqlı insandır. Kövrək, son dərəcədə mülayim olmaqla bərabər,  ciddi, səbirli və təmkinlidir. Onunla söhbət zamanı müdrikliyinə, hikmətli ibarələr işlətməsinə heyran qalmaya bilmirsən.

Böyük Vətən müharibəsi illərində Şirmayı xanım da digər ana və bacılarımız kimi, gündüzləri arxa cəbhədə işləyib, gecələr isə döyüşən ordunun əsgərləri üçün lampa işığında corab, əlcək toxuyub. Sülhsevər bəşəriyyət bu günlərdə faşizm üzərində qələbənin 74-cü ildönümünü qeyd etdi, – deyə Şirmayı xanım söhbətinə davam edir:

– İnsan diqqət və qayğı gördükdə daha rahat yaşayır. Ümummilli lider Heydər Əliyev müharibə iştirakçılarını diqqətdə saxlayırdı. Bu gün həmin siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən  uğurla, ləyaqətlə davam etdirilir. Prezidentin hər il, Qələbə bayramı ərəfəsində o məşəqqətli günlərin iştirakçılarına birdəfəlik yardımların edilməsi barədə imzaladığı sərəncamlar veteranlar tərəfindən sevinclə qarşılanır. Bu səbəbdən də Prezidentimizə can sağlığı arzulayıram. Ən böyük arzum odur ki, Milli Ordumuzun qazanacağı Qələbənin bayram kimi qeyd olunacağı günü görüm.

Şirmayı xanımın işgüzar, qorxmaz və yorulmaz olduğunu sübut edən çoxsaylı sənədlər, medallar, Fəxri fərmanlar var. Onları nəzərdən keçirdikcə, bu xanımın həqiqətən necə güclü bir qadın olduğunu düşünməli olursan.

El anası yaşının bu çağında da kifayət qədər gümrahdır, yaddaşı yerindədir. Bu qəbildən olan ağsaqqal və ağbirçəklərimiz söz xəzinəsi, qənimət boğçasıdırlar. Mənalı yaşayanda  həyatdan doymaq çətin olur. Söhbət əsnasında Ş.Mirzəliyeva uzunömürlülüyün sirlərini, şərtlərini açıqlayır:

– İnsan bişirilən kərpicə bənzəyir, bişdikcə möhkəmlənir. Səbirlə inam insanın qoşa qanadlarıdır. İnam incanın gələcəyə doğru yolunda böyük köməkçi, möhkəm dayaqdır. Gözəl arzulara çatmaq üçün mübariz olmalı, haqqın, ədalətin təntənəsi üçün heç nədən çəkinməməlisən. Əslində, hər şey insanın öz əlindədir. Uğur zəhmətsevərlikdə, bilikdə və iradənin möhkəmliyindədir. Səmimi, xeyirxah olmaq üzunömürlülüyə açılan qapılardandır.

– Sovetin fərqli dövrlərini və müstəqilliyimizi görmüş adam kimi üstünlüyü nəyə verərdiniz?

– Sovetlər quruldu, müharibədən keçdi, dirçəlsə də süqut etdi. Çünki çoxsaylı millətlərin zorla birləşdirilmiş dövləti idi. Şükürlər olsun ki, müstəqil Azərbaycan dövləti xalqımızın istək və arzusundan doğulub və   durmadan inkişaf edir.

– Gənclərə hər sözünüzü çatdırmağa hazırıq.

– Allah gənclərimizi qorusun! Dünya malına uymasınlar. Böyük-kiçik yerini bilsinlər. Milli-mənəvi dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürsünlər. Vətənə, xalqa sadiq olsunlar.

100 il! Səsləndiriləndə adi rəqəmdir. Amma ömürdür deyə, kifayət qədər uzun bir yoldur. Bu mənzilə yetişmək arzu olsa da, hamıya nəsib olmur.

Mənalı ömrü məhəbbət, qəhrəmanlıq dastanı olan Şirmayı Zülfüqar qızı Mirzəliyeva ilə bərabər olduğumuz dəqiqələrdə söhbətimizdən bəzi məqamları sizlərlə bölüşdük. Onun yüz illik ömür kitabına yazılanları oxumağa isə yəqin ki, illərlə vaxt lazım gələrdi.

El anası – fəxrimiz, ağbirçəyimiz Şirmayı xanım, 100 illik yubileyiniz mübarək!

Şahməmməd Dağlaroğlu,

Prezident təqaüdçüsü,

Hacıməmməd Məmmədov,

“Tərəqqi” medallı müəllim

Şərh Yaz