Şəhid Ağahüseyn Aslanov anılıb

İsmayıllıda polis leytenantı rütbəsində sahə müvəkkili kimi xidmətə başlayan Ağahüseyn Aslanov Abşeron rayon polis şöbəsinin rəis müavini olarkən Ağdam ərazisindəki cəbhə zonasında şəhidlik zirvəsinə ucalıb. Bu hadisə 1994-cü il aprel ayının 25-də baş verib.
Şəhidin adını daşıyan İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin şagird və müəllim kollektivi hər il bu tarixdə polkovnik-leytenant rütbəli polis işçisi A.Aslanovun anım gününü qeyd edir. Builki anım gününə şəhidin oğlu, qızı, həyat yoldaşı, rayon polis şöbəsinin rəisi, polkovnik Şəmşir Kazımov, bir qrup ziyalı və ağsaqqal gəlmişdi.
Əvvəlcə şəhidin büstü önünə gül dəstələri qoyulub.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ramil Dadaşov açıb, şəhidin həyat və fəaliyyəti barədə məlumat verib. Şəhid Ağahüseyn Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon ağsaqqallar şurasının sədri Valeh Salehov, iştirakçı ziyalılar Qalib Bəşirov, Əhmədağa Ələkbərov, Hafiz Kərimov, Şahin Gənciyev çıxış edib, Ağahüseyn Aslanov barədə xatirələrini, onun keçdiyi döyüş və xidmət yollarından danışıblar.
Allahverdi Aslanov şəhidin ailəsi və yaxınlarının adından ölkə rəhbərinə şəhid ailələrinə göstərdiyi qayğıya görə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Şagirdlərin ifasında şəhidliyə, vətənə həsr olunmuş mahnılar, hərbi mövzulu musiqi nömrələri və marşlar səsləndirilib.

 

Şərh Yaz