Ağlı gəlməyibdi hələ başına

Çoxdan idi papaq qoymurdum. Bir neçə gün əvvəl səhər çağı hava soyuq oldu. Mən də keçən ildən qalma kepkamı qoydum başıma. Bir az balaca olsa da, soyuqdan qoruyurdu. İş yerinə çatanda istədim kepkanı götürüb asılqandan asım, bu dəm içindən qafiyə yazılmış bir barmaq kağız düşdü. Oxudum və aşağıdakı nəzm parçasını quraşdırdım. Demirəm ki, “şeir” yazdım. Kitabları qəzet köşklərində qalaqlanmış şairlərdən ayıbdır.

 

Tikib qurmaq aşiqidir hər yanın,

Yaxşını görəndə qaralır qanın.

Darıxma, belindən vuracaq qanun.

Yetişmisən altmış-yetmiş yaşına,

Ağlın gəlməyibdi hələ başına.

 

Pusur qapıları, səs də yazırsan,

Xəbər üçün üst ayaqda hazırsan,

Arada-bir yan-yörəni qapırsan,

Yetişmisən altmış-yetmiş yaşına,

Ağlın gəlməyibdi hələ başına.

 

Əyilirsən qabağa, həm dala sən,

Vurusan həm mıxa, həm də nala sən.

Dur qapıda, çəkmələri yala sən,

Yetişmisən altmış-yetmiş yaşına,

Ağlın gəlməyibdi hələ başına.

 

Çox söz atma ona-buna, yazıqsan,

Hamı görüb, sən yolunu azıbsan.

Əldə külüng dosta quyu qazıbsan,

Yetişmisən altmış-yetmiş yaşına,

Ağlın gəlməyibdi hələ başına.

 

Kəsmə, gədə, oturduğun budağı,

Kim tanımır belə hamar yaltağı,

Görməmişdim sənin kimi sarsağı,

Yetişmisən altmış-yetmiş yaşına

Ağlın gəlməyibdi hələ başına.

 

Şər-böhtanla ömrü bada verirsən,

Ondan-bundan işverənlik edirsən.

“Xəbər” üçün yaman əldən gedirsən,

Yetişmisən altmış-yetmiş yaşına,

Ağlın gəlməyibdi hələ başına.

 

Tuluğuna gəl az doldur çaxırı,

Qarnın qalxır boş başından yuxarı.

Çıxır üzə işlərinin paxırı,

Yetişmisən altmış-yetmiş yaşına,

Ağlın gəlməyibdi hələ başına.

 

“Xəbər” matahına yoxdur alıcı,

Xislətin üfunət, dilinsə acı.

Zənən kimi nə baxırsan qıyqacı,

Yetişmisən altmış-yetmiş yaşına,

Bəs nə vaxt gələcək ağlın başına?

 

“Belələri də var” silsiləsindən qoşa misralar

 

Ağlın yox ki, götürəsən nümunə,

Layiq deyilsənmiş belə bir günə.

***

Boğazına güc vermə, sal aşağı tempini,

Deyəsən, çox ediblər arpa-saman yemini.

***

“Xox” gəlməyi sən çevirmə vərdişə,

Zəhər qatma saf mühitə, gərdişə.

***

Sən ağılda bir də özün olarsan,

Bu xislətlə yarı yolda qalarsan.

***

Təvazö göstərsən, yerin başdadır,

Səmimi ol, indi zaman başqadır.

***

İdarəni döndərib atasının mülkünə,

Paxırı çıxıb üzə, birə düşüb kürkünə.

***

Gavahınla deşilib sanki boğazı onun,

Canavara dönübdü keçmiş ələngə qoyun.

***

Qabiliyyəti çatmayır örnək görsün, götürsün,

Tanrı bunun boyunu qara torpaqla örtsün.

***

Yana addım atır, gərilir dala,

Yaman dadanıbdı havayı yala.

***

Ürək əvəzinə içi taxtadır,

Hər sözü söhbəti yalan, saxtadır.

***

Nadanın biridir, bədliyə uyar,

İnanma, beləsi kimsəni duyar.

***

Hansı yerə, məkana düşsə onlardan toxum,

Qamarlayıb yeyəcək hər nə var, azın-çoxun.

***

Kütbeyindi, düşüncəsi, ağlı yox,

Ona lazımdı ki, qarnı olsun tox.

***

Dünyası qarındı, vətəni mədə,

Mübtəla olubdu o da bu dərdə.

***

Dana gözləri tək bərəlib gözü,

Nifrətə layiqdir əbləhin özü.

***

Sima var ki, görəndə sevinc dolur qəlbinə,

Sifət də var, baxanda işlər dönür tərsinə.

***

Don biçilib xəyanətdən əyninə,

Talançıdır uzununa, eninə,

***

Sanır idarədə pələngdi, şirdi.

Boynu yoğunlayıb, elə bil tirdi.

***

Hamının haqqın yeyib, üstündən su içəndən,

Cibləri zəmi bilib, vaxtlı-vaxtsız biçəndən,

Yeri ayaqda olub, üst tərəfə keçəndən

Umma insana qayğı, cəmiyyətə sədaqət.

***

Yaxşının sayəsində yaxşıların sayı çox,

Davranır hamı burda əli təmiz, nəfsi tox.

Təkcə sənsən arada itdişli canavar,

Səbirli ol, bir gündə də deyəcəklər sənə “yox”.

V.Salehov

Şərh Yaz