Vicdanımızın carçısı… Onu oxuyun…

II məqalə

 

“Mirzəlil ərlərini üyinin qanı ilə yazırdı”…                             

Abbas Zamanov

 

Mirzə Cəlili duymaq çox asandır, çünki onun bütün yazdıqları bu yurdun havası, torpağı, suyu və insanı qədər realdır, aydındır, təbiidir. Bu yazılarda hər hansı bir azərbaycanlıdan ötrü ilk baxışda qeyri-adi heç nə yoxdur.

Mirzə Cəlilin – Novruzəlisindən tutmuş, Kefli  İsgəndərəcən – bütün tipləri, obrazları bizə nənə-babamız, ata-anamız, qohum-qonşumuz və özümüz qədər tanışdır. Bu adamları biz də görmüşük, bəlkə Mirzə Cəlilin yazdıqlarını oxumazdan da əvvəl görmüşük. Buna görə də Mirzə Cəlili ilk dəfə oxuyanda bizim hər birimiz, ən əvvəl, mütləq gülümsəyirik. Sonra bir qədər çaşan kimi oluruq. Mirzə Cəlilin hər hansı bir yazısı, bəlkə, bizim hər hansı bir duyğumuzu oyadıb, şüurumuzdan yan keçirsə, o gülüşdən, çaşqınlıqdan sonra, olsa-olsa, bildiyimiz, eşitdiyimiz nağılların sırasına bir təzə nağıl da  daxil olur: Novruzəlinin nağılı, Kefli İsgəndərin nağılı, Kəblə Əzimin, Usta Zeynalın, Pirverdinin  nağılı…

Mirzə Cəlili duymaq asandır, onunla ilk görüşdə bizdən heç bir mənəvi hazırlıq tələb olunmur, çünki bir yandan baxanda onun yazdıqları da sanki bir nağıldır: Mirzə Cəlil sözünün ürəkoxşayan mehi milli sözün ilk təbii qızıl yatağı  olan nağıllardan süzülüb gəlir. Elə buna görə də bu havada – yaşından, ağlından, savadından asılı olmayaraq hamı kimi kifayət qədər rahat nəfəs ala bilir.

Mirzə Cəlil sözündən hər bir azərbaycanlı, az, ya çox, mütləq öz payını götürür, çünki ayrı cür ola da bilməz. Yəni ola bilməz ki, su ola, insan onu içməyə, hava ola insan onu udmaya, işıq ola insan onu görməyə. Elə məsələ də burasındadır ki, Mirzə Cəlil kimi böyük ədibi simaların yaradıcılığından heç olmasa bir içimlik “su”, bir udumluq “hava”, bir görümlük “işıq” hamının payına düşür. İstedad milli sərvət sayılır və yurdun mənəvi xəritəsində öz adını yazdırmaq yəqin, buna görə hər yazıçıya nəsib olmur.

Mirzə Cəlili duymaq  nə qədər asandırsa, onu dərk  eləmək bir o qədər çətindir. Həm də ona görə  yox ki, o bizdən şüurca üstündür, bizdən ağıllıdır, istedadlıdır. Şübhə yox ki, burası da var. Ancaq Mirzə Cəlili dərk eləməkdə biz təkcə buna görə çətinlik çəkmirik. Biz bu çətinliyi ona görə çəkirik ki, Mirzə Cəlil bizdən səmimidir. Özü də çox səmimidir. Bəzən lap anlaşılmazlıq dərəcəsində! Məhz bu səmimiyyətlə o, milli vicdanımızın, söz yox, ən fədakar carçısıdır. Onu oxumaq, anlamaq lazımdır.

Qoç Koroğlunun, bir də igid Həcərin törəmələrindən ibarət olan və üstəlik, çox-çox xalq yazıçısı, xalq şairi və müxtəlif adlar almış bir məmləkətdə Mirzə Cəlil aydınlığı, Mirzə Cəlil böyüklüyünü dərk edəcək adamları hələ yüz il bundan sonra da bəlkə  günün günorta çağı çıraqla axtarmaq lazım gələcək…

… Mirzə Cəlili yaxşı tanımaqdan ötrü biz ən əvvəl özümüzü həqiqətən tanımalı olacağıq. Milli dirçəlişimizin yeganə düz yoluna çıxmaq üçün o kişinin gözünün nuru ilə özümüzə lap yaxından bir də baxmalı olacağıq.  İstəsək də, istəməsək də biz o yolu mütləq Mirzə Cəlillə birgə getməli olacağıq. Çünki  bizi həqiqi milli tərəqqiyə aparan yol birbaşa onun  işıq  və aydınlıqla dolu ürəyinin içindən keçib gedir.

H.Məmmədov

Şərh Yaz