Yaddas kitabcasi

“Ana harayı” abidəsi ziyarət olunub

Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı fövqəladə komissiya indiki İsmayıllının Şamaxı qəzasına daxil olan Tircan, Mücü, Bizlan, Tağlabiyan, Sulut, Xankəndi, Kürdüvan, Zeyvə, Qıçatan, Sərdahar, Zərnava və başqa kəndlərinin də soyqırıma məruz qaldığını müəyyən  edib. Fövqəladə komissiyanın imkan tapıb tədqiq edə bilmədiyi Hacıhətəmli – Mollaisaqlı zonasında da kütləvi qırğınlar baş verib, Türk-İslam ordusu burada ermənilərin müqavimətini qırıb, layiqli cavablarını da verib. Həmin ərazidə iki türk çavuşunun məzarı ziyarət yerinə çevrilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Gəncəvi küçəsi ilə Mübariz Orucov küçəsinin qovuşuğunda ucaldılmış “Soyqırım – Ana harayı” abidəsinin önündə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mitinq – mərasim keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidə önünə əklil qoyub. Sonra hüzn mitinqi olub. Tədbiri giriş sözü ilə başlayan rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov deyib ki, Azərbaycan tarixi şərəfli səhifələrlə, sevinc və şadlıq gətirən günlərlə, kütləvi qəhrəmanlıqlarla zəngindir. Bunlarla yanaşı, xalqımız ədalətsiz soyqırımlardan, müharibə alovlarından, qətliamlardan da yan keçməyib, mərdliklə, dəyanətlə bu günə gəlib çatıb. Çox təəssüf ki, bəzi mərhələlərdə tarixi düşmənlərimizin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım hadisələri, digər qanlı olaylar qəsdən, bilərəkdən, məqsədli olaraq unutdurulub. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına az müddət qalmış bir zamanda – 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən türk aləminə qarşı düşmənçilik zəminində azərbaycanlıları soyqırıma məruz qoyublar. 26 mart 1998-ci il tarixədək Azərbaycan Anası haray çəkib. 70 il müddətində sovetlər birliyini idarə edənlər, 80 il beynəlxalq aləm bu harayı eşitmək, tökülən qanları görmək istəməyib, ermənilərin  yanında olub.  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev milli taleyimizin  yaşam məsuliyyətini yenidən öz üzərinə götürdü. 26 mart 1998-ci il tarixdə verdiyi Sərəncamla 31 martı “Azərbaycanlıların soyqırımı günü” elan etdi. Bu gün biz soyqırıma məruz qalan soydaşlarımızın ruhu qarşısında borclu olduğumuzu dərindən dərk edərək ziyarətə, Ana harayına səs verməyə gəlmişik.
Mərasim açıldıqdan sonra soyqırımlar, Qaradağlı və Xocalı faciələri, Qarabağ müharibəsi zamanı şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon veteranlar şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev, Tircan kənd tam orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva, gənc müəllim Ülvi Şamilov və Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Vəfa Sadıqova çıxış edərək soyqırım hadisələrindən, onun doğurduğu məhrumiyyətlərdən, bugünkü gəncliyin Vətənin müdafiəsi ilə əlaqədar qarşısında duran vəzifələrdən, qan yaddaşının daim möhkəmləndirilməsinin vacibliyindən danışıblar.
Tədbir iştirakçıları torpaqlarımıza bütövlük, müstəqilliyimizə əbədilik, xalqımıza, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılacaq Böyük qələbənin sevincini arzulayaraq mərasimi yekunlaşdırıb və ziyarəti davam etdiriblər.
31 marta qədər soyqırıma məruz qalan kəndlərdə məktəblərin, icra nümayəndələrinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə zona anım mərasimləri keçirilib.

V.Salehov

veteran jurnalist

Şərh Yaz