Dövlət Təhlükəsizlik Xidməti – dövlətin əsil dayağı

Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkənin Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən bayram tədbirini giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev 1967-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edildi. Bu təyinatdan sonra komitə milli mövqelərə keçdi, həqiqi mənada millətin, xalqın, ölkənin təhlükəsizliyini təmin etdi.
Fəaliyyətinin bütün istiqamətləri xalqa xidmət üzərində qurulmuş ümummilli liderimiz Heydər Əliyev bu təşkilata elə səviyyədə rəhbərlik etdi ki, iki ildən sonra  xalqımızın  taleyi bütövlükdə ona həvalə edildi. 1969-cu ilədək davam edən gerilikdən Azərbaycanı Heydər Əliyev  qüdrətinin çıxaracağına əmin olanlara tarix öz dəyərli qiymətini verdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Təhlükəsizlik orqanlarına verdiyi dəyər, ona göstərdiyi tükənməz  qayğı bu təşkilatı dövlətin əsil dayağına çevirib.
Giriş nitqindən sonra Milli Təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən filmə baxılıb.
Dövlət Təhlükəsziliyi xidməti rayon şöbəsinin rəisi vəzifələrini icra edən Cavid Məmmədov Milli Təhlükəsizlik orqanlarının 100 illiyi barədə məruzə edib.
Milli Təhlükəsizlik orqanlarında uzun müddət çalışmış veteran Elşad Həsənov, rayon məhkəməsinin sədri Rafayel Şirinov, rayon prokuroru Tural Yusifov, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Əməkdar müəllim Mirvari Musayeva və gənc müəllim Çingiz Muradlı Dövlət Təhlükəsizliyi xidməti əməkdaşlarını təbrik ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov DTX-nın müasir fəaliyyətindən ətraflı danışıb, rayon şöbəsinin əməkdaşlarını təbrik edib, bir neçə nəfərə Təşəkkürnamə və mükafat verib. Cavid Məmmədov Yubiley medallarını təqdim edib.
Sonda iştirakçılar Mərkəzin foyesində konsertə baxıblar.

Şərh Yaz