Azərbaycan Respublikasının hər bir vətəndaşı Vətən qarşısında öz xidmətini yerinə yetirməyə borcludur

Həqiqi beynəlmiləlçilik və sülhsevər siyasəti ilə dünya ölkələrinə nümunə olan Azərbaycan Respublikasında müstəqilliyimzin qorunması və ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılıb ərazi bütövlüyümüzün bərpasının əsas təminatlarından biri kimi, sivil və güclü Milli Ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilərək, bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində yaradılmış və suverenliyimizi qorumağa qadir olan, ölkə Prezidenti cənab İlham Əliyevin gündəlik qayğısı sayəsində döyüş qabiliyyəti və maddi-texniki təminatı daha da təkmilləşərək regionun ən güclü ordusuna çevrilmiş Milli Ordumuzun sıralarında xidmət keçmək və Vətəni müdafiə etmək Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, çağırış yaşına çatmış hər bir vətəndaşın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmət keçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.

Qeyd edilən qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər. Son on illər ərzində vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılaraq Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsində prokurorluq və digər hüquq-mühafizə orqanları, icra strukturları Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqəli şəkildə xeyli işlər görülmüş, həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində çağırışdan boyun qaçıran çağırış yaşlı vətəndaşların böyük hissəsinin aşkar edilərək hərbi xidmətə göndərilməsi təmin edilmişdir.

Bununla yanaşı, mühüm dövlət əhəmiyyətli bu məsələnin həllində müəyyən çətinliklər yaradan hərbi xidmətə çağırışdan boyun qaçırma halları hələ də tamamilə aradan qaldırılmamışdır. Belə şəxslərin əsas hissəsini vaxtında hərbi qeydiyyata alınmamış və hərbi qeydiyyatdan çıxıb yenidən müvafiq ərazi üzrə qeydiyyata düşməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmadığı və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmədiyi halda ölkədən kənara gedən, habelə, ali təhsil almaq məsqədi ilə xarici dövlətlərə, əsasən də Müstəqil Dövlətlər Birliyi ölkələrinə göndərilən, lakin təhsilini başa vurduqdan sonra geri qayıtmaqdan imtina edən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar təşkil edir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 7-ci maddəsinə göstərilmişdir ki, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməli, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalı, eyni zamanda yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

Habelə, Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər. Belə ki, hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı; vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli; hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində, cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində, tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə çağırışçılara və hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə göstərilmişdir ki, Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Həmin Qanunun 12.8-12.9-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Konsul Nizamnaməsinin 30-cu maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konsul xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır. Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasında daimi yaşayış yerlərindəki müvafiq icra hakimiyyəti orqanına gəlməsini təmin edir.

Qeyd edilən Qanunun 53-cü maddəsinə əsasən, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsində növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmağa görə cinayət məsuliyyəti, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 603-cü maddəsində “Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə”, 604-cü maddəsində “İlkin hərbi qeydiyyata alınmaq boyun qaçırmağa”, 605-ci maddəsində “Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə”, 606-cı maddəsində “Hərbi qeydiyyat qaydalarının pozulmasına”, 607-ci maddəsində “Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanmasına”, 608-ci maddəsində isə “Dövlət hakimiyyəti orqanları və yerli özünüidarə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə” görə inzibati məsuliyyət müəyyən edilmişdir.

Xanlar Xanlarzadə,  

İsmayıllı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor                                                                                        

Şərh Yaz