Aprel döyüşlərinə həsr olunmuş inşa-yazı müsabiqəsi

Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi ilə Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı əsasında Azərbaycanın Milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə rayon ərazisində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Aprel zəfər döyüşləri Şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən mənə oğul desə…” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda, Qarabağ müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq qeyd edib ki, məlum Aprel döyüşlərində İsmayıllıdan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə  elinə-obasına  başucalığı gətiriblər. Maçaxı kəndində dünyaya gəlmiş Mikayıl Vahabzadə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Məhz Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin – Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə aprel döyüşlərində qələbə qazanıb, düşmənin layiqli dərsini verib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini,  vətənpərvərliyini nümayiş etdirib.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini Murad Məhərrəmov,  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev, İsmayıllı rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev və təhsil şöbəsinin metodisti Ülviyyə Zeynalova çıxış edərək mövzuya dair ətraflı danışıblar.
25 məktəbdən 58 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsi bir saat ərzində başa çatıb.

V.Salehov

Şərh Yaz