Qazi təhsil aldığı məktəbdə

İsmayıllı şəhər sakini, 6 nömrəli tam orta məktəbini bitirmiş, xüsusi təyinatlıların döyüş dəstəsində xidmət etmiş Yaşar Ağayev Aprel döyüşlərində əsil Vətən oğlu kimi vuruşmuş, yaralanana qədər neçə-neçə düşmən hərbiçisini al qanına boyamışdır.

Ölkəmizin və bilavasitə ordumuzun qüdrətini tanıdan Aprel zəfərindən sonra Yaşar dövlətimizin qayğısı ilə Türkiyədə dəfələrlə müalicə olunması nəticəsində artıq sağlamlığını bərpa etməkdədir. Məktəb məzununun bu halına və hünərinə sevinən, onunla qürur duyan müəllim və şagird kollektivi Yaşar Ağayevlə görüş keçirib.
Aprel döyüşləri qazisi keçdiyi şərəfli döyüş yolundan, dövlətin, Prezidentin qayğısı sayəsində fəal həyata ümidlə qayıtmağından, Qarabağ müharibəsində qələbəmiz üçün hər bir vətəndaşın məsuliyyəti öz üzərinə götürməsinin vacibliyindən danışıb.
Şagirdlər tədbiri hərbi marşlar, vətənpərvərlik mahnıları və şeirlərlə zənginləşdiriblər.
Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, istefada olan polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli müəllim Eynulla Bağırov, tədbirin əsas təşkilatçısı – məktəbin hərbi hazırlıq rəhbəri Əsgər Manafov, Rayon Təhsil Şöbəsinin məsləhətçisi Mail Səftərov və veteran jurnalist Valeh Salehov, məktəbin direktoru Qalib Bəşirov çıxış edərək, Aprel zəfərini Böyük Qələbənin, Cocuq Mərcanlıya qayıdış timsalında  Qarabağa qayıdışın başlanğıcı olduğunu deyiblər. Onlar şagirdləri əsil vətənpərvər, vətənsevər mövqeyə, qələbə naminə döyüşə hazır olmağa səsləyiblər.
Dəvət olunan ictimaiyyət nümayəndələri vətənpərvərlik mövzulu belə bir tədbirdən razı qaldıqlarını bildiriblər.

V.Salehov

Şərh Yaz