Xalqa sədaqət nümunəsi

O, həyatı boyu saf, ülvi duyğulara tapınmaqla insanlığa, işıqlı fikirlərə dəstək verib. Onun üçün ən şərəfli iş xalqa, vətənə layiqli xidmət olub. Ağlı, bacarığı, işinə və insanlara sədaqəti onu həmişə başqalarından uca tutub. Sanki ona uca Tanrı vicdanlı iş görmək, elinə-obasına sədaqətlə xidmət etmək üçün dünyaya bəxş edib. Xasiyyəti –  xoş rəftarı, mərdliyi, yaxşını pisdən seçə bilməsi kimi keyfiyyətlərini çözələmək, onda olan mənəvi xəzinənin açarını tapmaq, ciddi bir məsələ olduğuna görə bu yazını işləyəndə məsuliyyətim bir az da artdı. Onu yaxından tanıdığım üçün cəsarətlənirdim, çünki onun sadəliyi, mehribanlığı, müdrikliyi həmişə məni düşündürüb. Odur ki, bu işıqlı, ziyalı, nəcib insan əsl vətəndaş haqqında bildiklərimi oxucularımızla bölüşmək istədim. Xalqa sədaqət nümunəsi göstərən belə insanlar elin əvəzsiz sərvətidir.

Əqidə, əməl adamı olan Kamran İnqilab oğlu Muradov 1966-cı ildə Mican kəndində, indiki İsmayıllı şəhərinin bir məhəlləsində dünyaya göz açıb. Xarakterində cəmləşən bütün gözəlliklər, yaxşı dəyərlər, lap uşaq yaşlarından onun qəlbinə, ruhuna hakim kəsilib. O, ləyaqətli bir nəslin nümayəndəsidir. Valideynləri sayılıb-seçilənlərdən olublar. Atasını tez itirib. Ailənin ağırlığı Adilə xanımın üzərinə düşüb. Çətinliklərə baxmayaraq balalarını böyüdüb, təhsil vermiş Adilə xanımın təmizliyi, düzlüyü, kövrəkliyi, bütövlüyü, ağbirçəkliyi, çörəkli olması (Allah rəhmət eləsin) Kamran müəllimin də mənəvi daxili aləmində özünə silinməz, əbədi yer edib. Belə daxili uyğunluq övladın ana qarşısında müqəddəs borcudur.

Kamran Muradov Mican kənd orta məktəbini 1983-cü ildə fərqlənmə attestatı ilə bitirib, həmin ildə də Bakı Maliyyə-Kredit texnikumunun Büdcə uçotu fakültəsinə daxil olub. 1984-cü ilin aprel ayından Sovet ordusu sıralarında xidmət edib. Kamranın 2 illik hərbi xidməti də Azərbaycana başucalığı gətirir. Müxtəlif millətlər arasında milli dəyərləri özündə yaşadan keyfiyyətləri vətən naminə həmişə öndə durması ilə seçilir, rəğbət qazanır. 1986-cı ilin may ayında əsgəri xidmətini bitirir. Bundan sonrakı həyatını xalqa xidmətə bağlamaq niyyəti onu təhsilini davam etdirməyə sövq edir.

1987-ci ilin may ayında texnikumu bitirib bir ay sonra İsmayıllı Rayon Maliyyə Şöbəsinə təyinatla dövlət gəlirləri inspektoru vəzifəsinə təyin olunur. İşləyə-işləyə təhsilini davam etdirmək üçün 1987-ci ilin avqust ayında D.Bünyədzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur. Həmin ərəfədə Azərbaycan Xalq Təsərrüfatı İnstitutun adı dəyişdirilərək, Azərbaycan Dövlət İqtisad İnstitutu adlandırılır.  O, bu təhsil ocağını 1992-ci ildə bitirir.

1990-cı ildə Dövlət Vergi Müfəttişliyi yaradılır. K.Muradov rayon Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə çalışır. 2009-cu ildən isə ona Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiəsi Fondunun İsmayıllı Rayon Şöbəsinin müdiri vəzifəsi etibar olunur.

Ülfət bağladığı peşəsinə sonsuz sədaqət bəsləyən, həyatının mənasını onda görən, Kamran Muradov bacarıqlı, yüksək səviyyəyə malik savadlı işçi, xeyirxah insan kimi xidmət göstərdiyi adamların, rəhbərlik etdiyi təşkilatda çalışanların sevimlisidir. Əməllərində insanlıq, haqq, ədalət öndə durur. Xalqına fayda vermək amalı ilə işlədiyi müddətdə qazandığı uğurlar onun əsl ziyalı olduğunu göstərir. Odur ki, rayonda, eləcə də ətraf rayonlarda həmkarları Kamran Muradovu cəmiyyəti işıqlı sabahlara aparan dəyərli şəxsiyyət kimi  tanıyırlar. O, Sosial Müdafiə Fondunun dinamik inkişafına yönələn iş metodlarını həvəslə öyrənir, öz işlərinə tətbiq edir. Hər yerdə, hər zaman ünvanına səmimi, ürəkdən gələn sözlər söyləyirlər.

İsmayıllı şər sakini, ağsaqqal Qəhrəman Osmanovun dediklərindən:

– Mən Kamran Muradovu dünyaya göz açdığı gündən tanıyıram. Nəsil şəcərəsinə, həyat fəaliyyətinə yaxşı bələdəm. Bütün insani keyfiyyətləri şəxsiyyətində birləşdirən bu işıqlı zəka sahibi gördükləri düz əməlləri ilə rayonda lazımi mövqe qazanmışdır. Gördüyü işləri özünəxas tərzdə, ürəklə görür. Yüksək siyasi düşüncəsi ilə fərqlənir. Səmimiyyəti, düzlüyü, dövlətə, elə torpağa bağlılığı onu bizlərə sevdirir. Xeyirxahdır, gözütoxdur, əl tutan və kömək edəndir. Allah adamı, iman, inam adamıdır. Həm də onu sevdirən mübariz insan olmasıdır. Geniş dünyagörünüşünə, böyük ürəyə sahibdir. Əvəzsiz təşkilatçılıq qabiliyyətinə malikdir. İşini bilən, bu sahədə təmiz nüfuza malik, təcrübəli iqtisadçıdır. İşinə tələbkardır.

Kamran Muradov həmçinin kollektivdə öz istiqanlılığı, səmimiliyi, həssaslığı, məsuliyyət hissi, dostlarına qarşı yüksək dərəcədə diqqətcilliyi ilə fərqlənir. Uğurlu xidməti danılmazdır. Qayğıkeş idarə müdiri, etibarlı dost, qeyrətli vətəndaşdır. Ziyalı, müdir adının məsuliyyətini ləyaqətlə daşıyır. Əmək fəaliyyəti dövründə aldığı Tərifnamə, Fəxri fərman və Diplomlar əməyinə verilən yüksək qiymətdən xəbər verir. Kamran vəfalı, sədaqətli həyat yoldaşı, qayğıkeş ata kimi də ailəsində böyük nüfuz sahibidir. 1 qızı,  2 oğlu var. Qızı Bakı Dövlət Universitetində təhsil alır. 2 oğlu şəhər 1 nömrəli tam orta məktəbinin əlaçı şagirdləridir. Ömür-gün yoldaşı Aynur  Salehova da elə bu məktəbdə çalışan qabaqcıl riyaziyyat müəllimidir. Şirin rəftarı, xoş ünsiyyəti ilə şagirdlərinin qəlbinə yol tapan müəllimdir. İşlədiyi kollektivdən olduqca razıdır.

hbət əsnasında Kamran müəllimin dediklərindən:

– Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində verdiyi sərəncamlar pensiyaçıların və digər kateqoriyaya mənsub olanların həyat səviyyəsinin yüksəldilməsinə müsbət təsirini göstərmişdir. Odur ki, DSMF rayon şöbəsinin hər bir üzvü fəaliyyətində operativliyə, şəffaflığa, qanunların mütləq icrasına əsaslanır. İşlərini tələb olunan səviyyədə qururlar. Əhalini düşündürən, narahat edən məsələlər öyrənilir, həlli tapılır və  aradan qaldırılır. Əminliklə deyə bilərəm ki, 2019-cu ildə əhalinin sosial həyatının zənginləşməsində daha fəal iştirakımız olacaqdır.

Haqqında yazı yazdığımı bilən iş yoldaşı Ramiz Səmid oğlu Səfərov bildirdi ki, Kamran bir müdir kimi kollektivdə yüksək mehribanlıq və səmimi ünsiyyət yaratmağı səyləri vacib olan istiqamətə yönəltməyi bacarır. Daim öz üzərində çalışır. Özünə qarşı çox tələbkardır. Görülən işlərə obyektiv yanaşa bilir. Həll edəcəyi məsələni ətraflı öyrənir, dəqiqləşdirir sonra qərar qəbul edir. Elin-obanın xeyir-şər işlərində yaxından iştirak edir. O, soy-kökünə bağlılığı ilə də örnəkdir. Ağıllı fikirlə hesablaşır. Bir sözlə, Kamran Muradov vəzifəsinin mükəmməl icraçısıdır. Xalqa xidmət, sədaqət nümayiş etdirmək onun başlıca amalıdır. O, çoxlarına nümunə göstərilə biləcək işgüzar bir məmurdur.

Xalq sevgisi qazanmış Kamran müəllimə işində yeni-yeni nailiyyətlər, Allah sevgisini qazanmağı arzulayırıq.

Hacımməd Məmmədov

 

Şərh Yaz