Şərəfli müəllim ömrü

Bəzən insanlar vətəninə xidməti yalnız hərbi xidmət kimi başa düşürlər. Əslində, Vətənə xidmət vətəndaşlara, xalqa xidmətdən, sağlam gələcəyimiz üçün aparılan işlərdən başlayır. Bu baxımdan Vətənə xidmət edənlərin önündə müəllimlər durur. Müəllimlik peşəsi barədə müdrik kəlamlar çox deyilib. Ulu öndərimiz müəllim haqqında demişdir: “Mən dünyada müəllimdən daha yüksək bir ad tanımıram!”

Müəllimlik şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Bu müqəddəs peşəni şərəflə daşıyan ziyalılarımızdan biri də Qaçay müəlimdir.

Əzizov Qaçay Qərib oğlu 1950-ci ildə İsmayıllı rayonunun Vaşa kəndində anadan olub. 1959-cu ildə kəndin ibtidai məktəbində oxuyub. Orta təhsilini Lahıc qəsəbəsində başa çatdırıb.

Azərbaycan Pedoqoji İnstitutun riyaziyyat fakültəsinə qəbul olunub. O, 1973-cü ildə institutu müvəffəqiyyətlə bitirərək riyaziyyat müəllimi ixtisasına yiyələnib. Elə həmin il E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli orta məktəbinə riyaziyyat müəllimi təyin olunub.

Sovet Ordusu sıralarında xidmət edib. 1975-ci ildən çalışdığı məktəbin nəzdində yaradılan internata tərbiyəçi müəllim təyin edilib. Bu işlə yanaşı, o, həm də həmin məktəbin riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

Vətənpərvər ziyalımızın işlədiyi illərdə bir neçə şagirdi 600-dən yuxarı bal toplayıb. Bir şagirdi – riyaziyyat təmayüllü sinifdə təhsil alan Qaraşov Araz Hüseyn oğlu imtahanlardan 690 bal toplamaqla yüksək nəticə əldə edib. 42 illik səmərəli pedaqoji fəaliyyəti dövründə tərtib etdiyi riyaziyyat kabineti “İilin kabineti” adına layiq görülüb. O, dəfələrlə Rayon Təhsil Şöbəsinin Fəxri fərmanı ilə təltif olunub. 20 ildən yuxarı işlədiyi məktəbdə riyaziyyat fənn metodbirləşməsinin rəhbəri kimi fəaliyyət göstərib.

Ömrünün ən mənalı illərini yetişən nəslin təlim və tərbiyəsinə həsr edən Q.Əzizov 65 yaşa çatması ilə əlaqədar 2015-ci il tarixdən işləmir. Təqaüdçüdür. 5 övladı – 4 qızı, 1 oğlu var.  7 nəvənin babasıdır. Övladları  ali təhsillidir.  Nəvələri Nərmin, Pərvin, İslam, Ağali, Mehdi, Aytac, Nihat babaları ilə qürur duyurlar.

Qaçay müəllim yalnız müəllimi olduğu şagirdlərə deyil, həm də öz övladlarına yüksək təlim-tərbiyə verməklə örnək ola biləcək bir ziyalıdır. Qaçay müəllimin yetirmələri – övladları müxtəlif sahələrdə çalışmaqla Vətənə, xalqa xidmət edir.

Qaçay müəllim, sevimli peşəsi ilə yanaşı şəxsi təsərüfatında da çalışması ilə də fərqlənən ziyalıdır. Təqaüddə olduğu müddətdə təsərrüfatını genişləndirib. Hazırda bağ-bostan işi onun gündəlik məşğuliyyətidir. Təsərrüfatında arıçılıq əsas yer tutur.

Q.Əzizov işgüzarlığı ilə gənclərə sübut edir ki, insan ömrünün istənilən çağında vaxtını səmərəli keçirməli, faydalı əməyə bağlanmalıdır. Pensiyaya çıxmaq qocalıq deyil, bu yaşda əli işdən soyutmaq isə qocalığa, həyatdan doymağa işarədir.

Elnarənəş,

AJB-nin üzvü

 

Şərh Yaz