Müqəddəs şəxsiyyət

I Məqalə

 

“Dünyada hər bir kəs üçün sözdən bök yadigar yoxdur, mal-mülk təf olub gedir, amma söz qalır”

lil Məmmədquluzadə

Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, milli yazıçı, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və kiçik hekayənin böyük ustadı kimi daxil olmuş C.Məmmədquluzadə müqəddəs şəxsiyyətdir. Bir çoxlarının da bildiyi kimi C.Məmmədquluzadə ədəbiyyatımızda gülüş ustası kimi özünəməxsus yer tutur. Onun yaradıcılığı ilə  qədim tarixli Azərbaycan ədəbiyyatının yeni dövrü təzə və tamamilə orjinal bir səhifəsi açılır. O, Azərbaycan tənqidi realizmini yeni mərhələyə qaldırdı, onun bütün daxili imkanlarını inkişaf etdirdi, ona qüdrətli satirik istiqamət verdi. Əvəzedilməz sənətkar hər cür zülmə, ədalətsizliyə, yalana, riyakarlığa qarşı barışmaz, nifrət oyadan bir məktəb yaratdı.

Bədii xüsusiyyətləri etibarilə Cəlil Məmmədquluzadə yaradıcılığı ən əsası isə “Poçt qutusu”(1903), “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyət” (1906), “Qurbanəli bəy” (1906), “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı”(1918) və s. kimi hekayələri onun kiçik janrın böyük ustadı kimi tanıtmışdır. Ədibin canlı olan bu kimi ölməz hekayələri bu gün də xüsusi tədqiqata layiqdir.

Cəlil Məmmədquluzadə hekayələrinin əsas mahiyyətlərini sadəlik, təbiilik və real həyata yaxınlıq təşkil edir. O, millətin həyatını bütün yeni və köhnə mənzərələri ilə hekayəyə  gətirən, söz sənətini xalqın qurtuluşu üçün səfərbər etməyi vacib sayanlardan olmuşdur. Azərbaycan kəndi və kəndlisi, onun həyat, məişət lövhələri, təfəkkür tərzi zənnimcə hələ indiyə kimi heç bir yazıçının qələmində Mirzə Cəlildə olduğu kimi bir qədər canlı, doğru təsvir olunmamışdır. XX əsrin əvvələrindən başlayaraq 20-ci illərin axırına qədər ədibin yaratdığı əlliyə yaxın hekayə bu dövr ədəbiyyatımızın ən qiymətli incilərindəndir. Mövzusu müasir həyatdan götürülən bu hekayələrin hər birində ədibin məharəti, xalqının dərd və ehtiyaclarına çarə tapmaq cəhdi, vətəndaşlarını qəflət yuxusundan ayıltmaq tədbirləri oxucuların nəzərindən qaçmır.

O, öz hekayələrində kəndin iki qütbə ayrıldığını, istismarın artdığını, yoxsul kəndlinin vəziyyətinin ağırlaşdığını göstərmiş, insanlara zülm edənlərə, kin, qəzəb, sadə zəhmət adamlarına isə dərin məhəbbət bəslədiyini açıqdan-açığa və cəsarətlə bildirmişdir. Onun realizminə xas olan xüsusiyyət “Poçt qutusu” hekayəsində özünün ən parlaq ifadəsini tapmışdır. Satirik obrazın mənfi sifətlərini daha da kəskinləşdirmək yolu ilə onun xarakterini açmaq – Cəlil Məmmədquluzadə hekayələrində ən çox işlədilən üsuldür. “Qurbanəli bəy” hekayəsində biz oxucular bunun şahidi oluruq. Yazıçı bəylərin əsl simasını ifşa etmək üçün şablon yolla getmir, onlar haqqında tək kəlmə də olsun tikanlı söz işlətmir, replika vermir, sözü onların özünə ötürür, ikiüzlüləri, zülmkarları öz sözləri, öz davranışları ilə rüsvay edir. Bu hekayədə hadisələr “Qapazlı” kəndində təsvir olunur. “Qapazlı” kəndi feodal zülmünün hökm sürdüyü bir yerdir. Qurbanəli bəy bu kəndin mülkədarıdır. O, özündən yuxarıdakılara yaltaqlanır, aşağı zümrədən olanları isə hədələyir, qorxudur. Əsərdə Qurbanəli bəy yaramaz əməlləri ilə öz bədii portretini daha da kamilləşdirir.

Yazıçının ən məhşur portret hekayələrinə  “Usta Zeynal” və “Rus qızı” əsərləri daxildir. Bu əsərlərdə ədib hadisələrdən cox portretçiliyə fikir vermiş, insan mənəviyyatının  daxili aləminin açılmasında bu üsuldan istifadə etmişdir.

“Usta Zeynal” yazıçının kiçik hekayələri içərisində əvəzedilməz yer tutur. Bu hekayə Azərbaycan xalq həyatının, mübarizə tariximizin müəyyən bir dövrünün aynasıdır. Hekayənin müasirliyi ondadır ki, indi də tənbəllik və ətalət azarına tutulanlara biz “Usta Zeynal” deyərək onları gülüş hədəfinə tuturuq. Ədibin hekayələrində avam, savadsız  kəndli surətləri ilə yanaşı, bir sıra maraqlı, ziyalı obrazlarına da rast gəlirik. Məsələn, “Danabaş kəndinin məktəbi”, “Yan tütəyi” əsərlərində yazıçı ucqarlarda çarizmin müstəqillik siyasətini yeridən, xalqın milli adət-ənənələrinə, dilinə yad münasibət bəsləyən bəzi “oxumuşları” tənqidi gülüşlə ifşa etmişdir. Hər iki hekayədə xalqın dilinə biganə olan müəllim və ziyalılar kəndlilərlə dilmanc vasitəsilə danışırlar. “Yan tütəyi” hekayəsində dilmanc vəzifəsində çalışan əcnəbi dil, Azərbaycanlıdır. O, çox başısoyuq və bivec adamdır. Yazıçı hekayələrində məmurlara, dilmanclara və ümumilikdə çarizm üsuli-idarəsinə gülür. Mirzə Cəlil realist sənətkar kimi bütün əsərlərində real həyatla, həmvətəndaşlarının istək və arzuları ilə bağlı olmayan bir sətri yoxdur. Onun “Xanın təsbehi” hekayəsi İran mütləqiyyətini amansız ifşa etmək, gülüş hədəfinə çevirmək baxımından görkəmli sənətkarımız Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestindəki ideyaları davam etdirir. Hekayədə təsvir olunan təsbeh məmləkəti idarə etməyin gülünclüyünə mənalı ehamdır. Kənd zülümkar xanların özbaşınalığından xarabazara çevirmişdir. Kəndin camaatı mal-qara ilə bir damın altında ömür sürürlər. Daha doğrusu, onlar yaşamır, sürünürlər. Hekayədə sənətkarın xanlara qarşı kəsin satirik gülüşü, rəiyyətə qarşı yumoru yeri gəldikcə özünü tapır. Hekayədəki xan da, onun təsbehi də, feodal cəmiyyətinin çürüklüyünü ifşa etmək üçün vasitədir. Hekayədən öyrənirik ki, adi təsbeh böyük gücə malikdir. Bu adi təsbehin belə güclü olması isə onun arxasında hakim qüvvələrin dayandığından irəli gəlir. Nəzərəli xanın təsbehi qarşısında bütün kənd dilsiz-ağısız qula çevrilir.

Böyük ədibimiz Mir Cəlal yazır ki, “əsrimizin əvvəllərində M.Ə.Sabir yeni şeirin, Ə.Haqverdiyev yeni dramın bayraqdarı idisə, Mirzə Cəlil, xüsusilə yeni, realist, nikbin hekayənin bayraqdarı və yaradıcısı idi”. Cəlil Məmmədquluzadə hekayələri yığcam, lakonik olsa da əslində, hər biri ayrı-ayrılıqda böyük və dərin məna ifadə edir, biz insanları düşündürür, tərbiyələndirir. Onun hekayələri illər keçsə belə yenə də, müasir dövrümüzlə səsləşir və heç zaman öz aktuallığını itirmir. Ölməz, müqəddəs şəxsiyyət olan sənətkarın hekayələrində ürək ağrısı, həzin bir lirika ilə yanaşı, qəzəbli qəhqəhələr, ölüm hökmü oxuyan ittiham vardır.

Prezident İlham Əliyevin ədibin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqındakı sərəncamı müdrik şəxiyyətin yaradıcılığına verilən dəyərdir. Əsrlər ötəcək, Cəlil Məmmədquluzadə hər zaman yaddaşlarda əbədi qalacaq və əsrlər boyu yaşayacaq, sevilə-sevilə oxunub öyrəniləcəkdir.

Hacımməd Məmmədov

 

Şərh Yaz