Birincilərə uğur arzulanıb

Ağdam şəhər 30 nömrəli köçkün tam orta məktəbində birincilərin “Əlifba bayramı” keçirilib.

Məktəbin ibtidai sinif müəllimi Aytən Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir birincilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışını məktəbin direktoru Zahid Namazov edib. Ölkədəki inkişafdan, təhsildə aparılan islahatlardan söz açan məktəb direktoru sinif müəllimlərini və balaca məktəbliləri təbrik edib, onlara təhsildə və həyatda uğurlar arzulayıb.

Tədbirdə çıxış edən A.Əliyeva bildirib ki, məktəbdə “Əlifba bayramı”nın keçirilməsi artıq ənənə halını alıb. Bu bayram uşaqların yaddaşına əbədi yazılan əlamətdar hadisələrdəndir.

Birincilər bu gün həyatda ən vacib addımlardan birini atırlar. Bir il əvvəl kitabı düzgün tuta bilməyən azyaşlılar bu gün onu açır və sərbəst oxuyurlar. Bunu heç də xırda məsələ hesab etmək olmaz. Arzu edirəm ki, əlindən tutub hərf yazmağı öyrətdiyim bu balacalar mükəmməl təhsil alıb gələcəyin böyük insanları olsunlar.

Sonra şagirdlər il ərzində öyrəndiklərindən – Vətən, ana haqqında şeirlər, hikmətli kəlamlar  söyləyiblər.

XI sinif şagirdi Elnur Namazov Azərbaycanı, Qarabağı tərənnüm edən mahnılar oxuuyub. Balaca məktəblilərin etdiyi rəqslər izləyicilərin alqışları ilə qarşılanıb.

Tədbirdən birincilər, məktəbin müəllim və  şagird kollektivi, valideynlər də razı qalıblar.

Məktəb direktoru tədbirin keçirilməsində əməyi olanlara dərin təşəkkürünü bildirib.

“İsmayıllı xəbərləri”

Şərh Yaz