Yerli yazarlarla görüş

Şəhid Eldar Məmmədovun adını daşıyan İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey rayonumuzun təhsil uğurlarında xüsusi yeri olan təhsil ocaqlarındandır. Bu məktəbdə təhsillə yanaşı şagirdlərin dünyagörüşünün formalaşması baxımından vaxtaşırı müxtəlif tədbirlər keçirilir. Keçirilən tədbirlər qabaqcadan məktəbin tədbirlər planına daxil edilir. Onların məzmun baxımından dolğun olması üçün vacib məsələlərə diqqət yetirilir.

Aprel ayının 16-da məktəb-lisey yenə də qonaq-qaralı idi. İsmayıllı yazarları sırasından “Tərəqqi” medallı, təqaüddə olan ədəbiyyat müəllimi, şair Hacıməmməd Məmmədov, Diyallı kənd tam orta məktəbinin ədəbiyyat müəllimi, şair Oqtay İsmayıllı və “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair, Prezident təqaüdçüsü Şahməmməd Dağlaroğlu ilə görüş təşkil olunmuşdu.

Aparıcı, məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin qısa giriş nitqindən sonra qonaqlara söz verildi. Onlar növbə ilə keçdikləri ömür yolundan, yaradıcılıqda qazana bildikləri uğurlardan danışdılar. Şeirlərindən nümunələr səsləndirdilər. Məktəb-liseyin söz, sənət vurğunu olan şagirdləri qonaq şairlərin şeirlərini əzbər söylədilər. Məktəbin ibtidai sinif müəllimi, şairə Südabə Şeyda “Vətən nədir” şeirini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Görüşdə həmçinin məktəbdə müəllim kimi çalışıb, dünyasını dəyişmiş şair Ağami Bağırlı, Aydın Səlimzadə anıldı, şeirlərindən nümunələr səsləndirildi.  Məktəbin yaradıcı şagirdlərinin sualları cavablandırıldı. Qonaqlar təbii olaraq sevimli, məktəbli dinləyicilərinə yaxşı oxumağı, Vətəni, onun gözəlliklərini sevməyi və qorumağı tövsiyə etdilər.

Maraqlı və yaddaqalan görüş məktəb-liseyin direktoru Əhmədağa Ələkbərovun tədbirin hazırlanmasında zəhməti olanlara və günün qonaqlarına təşəkkürlə yekunlaşdı.

Nilufər Qəhrəmanova,

məktəb-liseyin şagirdi

Şərh Yaz