Yaddas kitabcasi

Aslan Aslanovun gülüş dünyası

Dünya binə olandan insana məxsus ən gözəl xüsusiyyətlərdən biri də gülüşdür. İnsan dərdli-ələmli vaxtlarında ağlayıb göz yaşı vasitəsi ilə ürəyini boşaldıb əsəblərini sakitləşdirib, yenidən nikbin ideyalarla yüklənib yaşayıb-yaratmaq arzuları ilə qanadlanıb.

Və canlılar arasında yalnız insan övladına xas olan gülüş də bəşəriyyətin ali varlığının əsrlər boyu yol yoldaşı olmuş, qəlbini pərvazlandırmışdır. Ta qədim zamandan yunanlardan  başlayaraq, üzü bəri bütün xalqların, o cümlədən Azərbaycan ədəbiyyatının canına, qanına (həm şifahi, həm də yazılı) hopmuş gülüş insana şən əhval-ruhiyyə bəxş etmişdir. Təbii ki, bu gülüş ikili xarakter daşımışdır.

İnsan özünü şənləndirmək və başqalarına gülmək üçün.

z var kəsdirər başı,

z var kər savaşı

deyən Ş.İ.Xətai necə də haqlıdır. İnsan üçün çətin anlarda yeni həyat bəxş edən bir həyati söz, səmimi gülüş həyat mənbəyi, gələcək  nikbin günlər üçün bir təkan ola bilər.

Əlbəttə, ürəkdən gülmək hər adama qismət olmur. İnsan buna hərtərəfli – həm cismən, həm də mənən hazır olsun. Başqalarını güldürmək isə daha çətindir. Gərək insanların hamısına bəxş olunmayan xüsusi hərtərəfli istedadın, mənəvi haqqın, fikrindən keçənləri aydın tərzdə ifadə etmək bacarığın olsun. Hər hansı adamın səhvlərinə, yanlış hərəkətlərinə arxasında pis niyyət durmayan yumoristik münasibət göstərmək, ürəyinə toxunmadan onu və digərlərini güldürmək və insanda xoş təəssüratlar oyatmaq gülüş sahibindən yüksək intellektual qabiliyyət, iti düşüncəyə sahib olmaq və bununla da günün nəbzini tutmaq qabiliyyəti tələb edir. Problemləri içində itib-batanda, sözün həqiqi mənasında “başını itirəndə” belə gülüş insanın özünü, həyat tərzini yenidən dəyərləndirməyə sövq edir, belə demək mümkünsə, o öz məqsədinə nail olmağı bacarır.

Bu mənada ümummilli lider Heydər Əliyevin vaxtilə “Bakılı oğlanlar”, “Şən və Hazırcavablar Klubu”nun komandası ilə görüşdə ifadə etdiyi fikri yada salmaq yerinə düşər: “Təbiidir ki, sizin bu çıxışlarınız daha çox yumor xarakteri daşıyır. Ortada suallar da təşkil edirsiniz, onlara cavab verirsiniz. Amma keçmişə nisbətən sizin bu çıxışlarınızın əsasını yumor təşkil edir. Bu da çox vacibdir, əhəmiyyətlidir. Çünki yumor insanlar üçün həmişə mənəvi bir qida olubdur. İkinci tərəfdən də yumor eyni zamanda, ayrı-ayrı qüsurların tənqididir. Əgər keçmişə nəzər salsaq, yumoristlər keçmişdə müəyyən qədər müxalifətdə olublar. Məsələn, bizim böyük mütəfəkkirimiz Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında, yaxud öz əsərlərində o dövrdə xalqımızın, cəmiyyətin nöqsanlarını, xalqımızın bəzi məsələlərdə geri qalmasını çox yumoristik şəkildə əks etdirirdi. Həmin jurnalın nömrələrinə baxanda bəzi adamlar belə qəbul edirlər ki, bu sözlər, şəkillər sadəcə insanı güldürməkdən ötrüdür. Amma orada iki məna var: həm insanı güldürür, həm də cəmiyyətə, insana başa salır ki, bu nöqsanları aradan qaldırmaq lazımdır”.

Müəllim ailəsində böyüyüb Aslan. Atası Əlyar müəllim el-oba içində sayılıb-seçilən, mehriban, səmimi insan olub. Övladlarını cəmiyyətə layiq vətəndaş kimi yetişdirmək amalı ilə gecəsini gündüzünə qatan bu el ziyalısı, bütün bunlarla bərabər evdə tələbkar bir insan olub. Xüsusən, övladlarının təlim-tərbiyəsində güzəştə getməyib. Əlyar müəllim həyatının çiçəkləndiyi vaxtda həyatdan köçsə də, düzgün yolda olan balaları başsız qalmayıb.

Aslan əməli ilə insanların yaddaşında yaşamaq üçün inşaatçı peşəsini seçib. Tələbəlik illəri də zəhmətsiz ötüşməyib: gözətçi olub, tələbə inşaat dəstələrinin  tərkibində Rusiyanın müxtəlif şəhərlərində işləyib. Müxtəlif vaxtlarda “Ən yaxşı döyüşçü”, “Ən yaxşı briqadir”, “Ən yaxşı iş ustası” adlarına layiq görülməsi, Çexoslavakiyaya göndərilməsi, Respublika mətbuatında və institut qəzetlərindəki tərifli yazılar necə çalışdığının bariz nümunəsidir.

Aslan ali məktəbi bitirib 1977-ci ildə təyinatla rayondakı 63 nömrəli SMD-yə iş icraçısı təyin olunur. Az müddətdə baş mühəndis vəzifəsinə qədər yüksəlir. 11 il 14 saylı Tikinti Sahəsinə rəhbərlik edir. 480 şagird yerlik Təzəkənd kənd tam orta məktəbi, üçmərtəbəli univermaq, “Talıstan” moteli, “Ana və uşaq” kafesi, “Ticarət cərgəsi”, Qəbələ, Ağsu, İsmayıllı rayonlarındakı müxtəlif tikinti obyektlərinin inşası onun rəhbərlik etdiyi idarənin adı ilə bağlıdır.

Bütün bunlarla bərabər rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Əvvəllər şəhər sovetinin deputatı, sonralar isə 10 il müddətində İsmayıllı Bələdiyyəsinin üzvü olub. Məsul vəzifələr isə bir-birini əvəz edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin tikinti-memarlıq şöbəsinin baş memarı, İctimai-İaşə Müəssisələri Birliyinin direktoru işləyib 2008-ci ildən isə Talıstan qaz paylama stansiyasında işləyir.

Vəssalam. Bütün bunlar A.Aslanovun həyat tərəzisinin bir gözünü dolduran vətəndaş, işçi xüsusiyyətləridir.

Tərəzinin o biri gözü də boş deyil. A.Aslanov da kifayət qədər ciddi, bütöv xarakterli adamdır. Bəzən hiss edəndə ki, rast gəldiyi insanlara fikirlərini zarafatla, yumorla çatdırmaq uğurludur, onda bu “silahı”  işə salır. Yumorun ona ziyanı dəyməyib. O, sözlə çox şeyə nail olub. Və insanların kefinə dəymədən onların nöqsanlarını zarafatla (sözün düzünü zarafatla deyərlər) üzlərinə deyən Aslan insanların qəlbində nikbinlik çırağı yandırmaqla, onlardakı mənfi xüsusiyyətləri aradan qaldırmağa çalışır. Bunu elə ustalıqla edir ki, qarşısındakının heç zərrəcə ruhu da incimir. Əksinə, gülə-gülə öz nöqsanından – “keçmişindən” ayrılır.

Və A.Aslanov belə düşünür ki, (çox doğru da düşünür) işlədiyi müddətdə çoxlarının komanda – amiranəlik üsulu ilə nail ola bilmədiklərinə o, sözlə nail olub. Sadəcə yeri gələndə real həyatda kiməsə cavab verib, kiminləsə zarafat edib. Bunlar kimisə düşündürüb, kimə isə yenidən istifadə üçün lazım olub, kiməsə sadəcə gülüş bəxş edib və beləcə lətifəyə çevrilib. Bu lətifələrin bir hissəsindən isə ondan cəmiyyətə, gülüşsevərlərə bir xatirə – “Ömrün məzəli anları” kitabı ərsəyə gəlib.

Aslan dəqiq müşahidələri ilə gördüklərini gülüş süzgəcindən keçirərək başqalarına təsirli şəkildə çatdırmaq bacarığına malikdir. Məhz bu məziyyətlər insanı həyata baxış tərzini dəyişdirməyə, ata-babaların bizə miras qoyduğu qiymətli mənəvi-əxlaqi dəyərlər, onların münasibətlərdə vacibliyi barədə düşünməyə vadar edir. Bizcə, intellektin və sözün gücü ilə güldürəcəyi, ədalətsizliyə qarşı nifrət oyatmağa, haqsızlığa qarşı mübarizəyə, ləyaqətli, nöqsanlardan uzaq olan gələcək həyat uğrunda mübarizə aparmağa ruhlandırmağa nail olan yumorun qüdrəti də məhz bundadır.

Özü etiraf etdiyinə görə yatıb yuxusuna da gəlməzdi ki, bir zamanlar bu deyimlər kitaba çevrilə bilər. Çünki bunlar onun gündəlik danışıqlarıdır. O deyir, cavab qaytarır, ətrafdakılar özlərini yığışdırır, səhv etməməyə çalışır, özlərini gülməkdən güclə saxlayırlar. Müxtəlif yerlərdə artıq onu öz zarafatları ilə qarşılayırlar: “Sən Aslanov, mən Aslanov”, Düz sözü bir saata deyirəm, yalan sözü necə deyim?” və s.

Həyatı çox da fərəhli keçməyən Aslan etiraf edir ki, heç vaxt istədiyi kimi ürəkdən gülə bilməyib. Atasını tez itirib. Lakin o fəxr edir ki, atadan var-dövlət qalmasa da, təmiz ad-sanı, camaat arasında qazandığı hörmət, izzət həyatına tükənməz bir qida olub. Bütün bunlar onu insanları güldürməyə, ürəklərinə nikbinlik, yaşayıb-yaratma toxumu səpməyə ruhlandırıb. Yaxşı bilib ki, gülüş ömrü uzadır, həm də gözəl müalicə vasitəsidir.

Eyni zamanda komik bir şeyi başa düşmək estetik tərbiyənin zirvəsidir. Qarşısındakı insanı mənəviyyata yüksəldirsə, onun bu gülüşü səmimi və düzgün qarşılaması təbiidir. Lakin A.Aslanov çox doğru düşünür ki, gülüş təkcə bayağı bir vasitə, adi lağlağı, bir anlıq güldürmək demək deyildir. Bu, düşünən və düşündürən insan üçün güclü həyati rişədir.

Sovet dövründə hər şeyə ciddilik damğası vurulduğundan o vaxtlar: “Aslan zarafatcıldır”, ya da komikdir sözləri onu çox narahat edirdi. Son zamanlar insanların bu fikirləri təbii və səmimi qarşılaması Aslanı bir az həvəsləndirib. Sözsüz ki yenə də  çox yüksək insani  missiyasını yerinə yetirmək şərti ilə: “Yumoru qızılgülə bənzətmək olar, ətri üzdədir, tikanı altda. Yumor ilk təəssüratda insanları güldürsə də, nəticədə onları düşündürür. Həyat qaşqabaqlı ötüşməsə də, təbəssümsüz keçən ömür maraqlı deyildir”. Çünki həyatda ürəkdən gülməsə də, onun insanlara hava, su kimi vacib olduğunu çox yaxşı dərk edən Aslan düşünür ki, yaxşı gülüş qədər heç nə insanları  bir-birinə yaxınlaşdırmır və hər kəsə ürəkdən gülüş, təbəssüm arzulayır.

A.Aslanov kimə, nəyə gülür və necə gülür? Bu mənada kitabındakı mövzuları şərti olaraq belə ayırıb: “Aslan institutda”, “Aslan işdə”, “Aslan ailədə”, “Aslan bazarda”, “Aslan toyda”, “Aslan hüzürdə”, “Aslan və siyasəti”, “Aslan və müfəttişlər”, “Ordan-burdan”, “Atalar sözləri” (deyimlər və s.).

Bir dəfə müəllim kurs işinə mənasız düzəlişlər edərək, bir həftəyə gəlməsini tapşırır. Aslan başa düşür ki, müəllim ondan 70 manat pul istəyir. Və bir həftənin çox olduğunu deyərək, üç günə gətirəcəyini söyləyir.

İşdəki hazırcavablığı da onun çox karına gəlir. “Sapı özümüzdən olan baltalar” işi elə təşkil edirlər ki, Aslanı işdən çıxarsınlar. Müzakirə vaxtı o, sədrə müraciət edərək, bir az humanistlik  göstərməyi xahiş edir. Yanındakının: “Bu nə sözdür?” sualına: “Onu siz bilməzsiniz, rayon sözü deyil, Bakı sözüdür” – cavabını verir və bununla da töhmətlə canının qurtarır.

Bir çoban savadsız və bacarıqsız oğlunu işə götürməyi xahiş edir və sürü yaylaqdan qayıdanda yemək-içmək üçün bir qoyun verəcəyini vəd edir. İşçilər sürünün yaylaqdan çoxdan qayıtdığını, çobandan isə xəbər çıxmadığını müdirə bildirəndə o: “Kişi qoyunu çoxdan verib də. Onu əhliləşdirməklə məşğuluq” cavabını verir.

Sovet dönəmində bankdan əmək haqqı alanda məcburi lotoreya biletləri vermək istəyəndə isə: “Mən hökumətlə qumar oynamıram”, – deyir.

Vaxtı keçəndən sonra göstəriş gəlir ki, ağac əkilməlidir. İşçilərdən biri bunun səmərəsiz olduğunu deyib etiraz edəndə Aslan cavabında deyir: “Ay yoldaş, “Ək” deyirlər, əkirik. Biz ölü yuyuruq: istər cənnətə getsin, istər cəhənnəmə, o bizlik deyil.”

A.Aslanov ailədə yaxşı övlad, yaxşı həyat yoldaşı, yaxşı ata olmaqla, yeri düşəndə incidiyi hadisələri, ürəyincə olmayan məqamları da könül sındırmadan, ürək üzmədən aradan qaldırmağa səy göstərib. Bu zaman, necə deyərlər, “nə şiş yanıb, nə kabab.” Və kiminsə ürəyinə dəymədən axırı pis olacaq olayların qarşısı ziyansız aradan qaldırılıb, səmimi münasibətlər bərpa olunub. Zarafatla deyilən hər söz hər iki tərəfi razı salıb, münasibətləri daha da mərhəmləşdirib.

Anası həmişə deyərmiş ki, papirosu az çəksin, arağı az içsin, çünki dədəsini onlar öldürüb. Bir dəfə nazirliyin işçisi bivaxt qonaq gələndə anasından şkafın arxasındakı “dədəsini öldürəni” gətirib  süfrəyə qoymağı xahiş edir. Ana da dinməz-söyləməz araq şüşəsini stolun üstünə qoyur.

Subay vaxtı tez-tez işə gecikən Aslan anasına deyir ki, əlac yoxdur, ya gərək 6 manat verib  “budilnik” alaq, ya da 6000 xərc çəkib arvad.

Qohumları qonaq gələndə uşaqlar arasında dava düşür. Qonağın uşağı “it oğlu”, onun oğlu  “eşşək oğlu” deyəndə Aslan gələn uşağın başını sığallayaraq: “Bala söyürsənsə, “it oğlu” demə, barı “aslan oğlu” söylə cavabını verir.

A.Aslanov dükan-bazarda, toyda-yasda da, yeri düşəndə, özünəməxsus səmimiyyətlə insanların üzünə gülüş qondura, ürəklərindəki problemləri nisbətən yüngülləşdirə, yenidən nikbinliklə həyata adaptasiya olunmalarına kömək edir. Məsələn, mərd-namərd məsələsində özünəməxsus prizması var: Bir dilənçi hey deyirmiş: “Allah, sən mərdi namərdə möhtac eləmə”. Aslan ona bir manat verərək deyir: “Ay arvad,  valı dəyiş. Onsuz da bütün mərdlərin ixtiyarı namərdlərin əlindədir”.

Bazardakı tanışlarından biri ona əlinin yüngül olduğunu deyib malını almağı xahiş edir. Yararsız malları görərək deyir ki, əlim yüngül olsa da, başım sən deyən yüngül deyil.

Yararsız əti ona “sırımaq” istəyəndə səmimiyyətlə qəssaba deyir: “Onu apar ver pişiyinizə, mən Aslanam”.

Adət-ənənələrimizdəki bəzi məsələlərə ustalıqla gülən Aslan Bakıya toya gedəndə pul yazdırmaq vaxtı deyir: “Yaz, Aslanov Aslan, İsmayıllı”. “Məgər səni tanımırlar?” – sualına cavabı  yerində verir: “Qoy toy yiyəsi bilsin ki, mən 50 manat da yola vermişəm!”

Bayram axşamı həyat yoldaşı qazan asarkən pəncərəni aralayır. Ölülərin ruhunu çağırmaq məqsədilə belə düşündüyünü başa düşən Aslan deyir: “Bir az da aralı aç, qoy bizimkilər də gəlsin”. ”Siyasət adlı bir mərəzim yox” (Şəhriyar) deyən və siyasi məsələləri də özünə məxsus gülüşlə qarşılayan Aslan da özü istəmədən istər-istəməz məzəli-duzlu söhbətləri ilə insanlara gülüş bəxş edir. Konsert zamanı səsi və hərəkətləri səhnəyə layiq olmayana əl çalmır. Yanındakı iş yoldaşı niyə belə etdiyini soruşduqda: “Ona əl çalmaq, prezidentliyə layiq olmayan namizədə səs vermək kimi bir şeydir” – cavabını verir.

Eyni vaxtda 3 yerə deputat seçkisi keçiriləndə tanışlardan biri hara seçildiyini soruşanda: “Mən “B” qrupunda oynayıram”, – deyə şəhər sovetinə deputat seçilməyinə işarə edir.

Sovet dövründə İsmayıllıdakı yaxşı vəzifələrə Bakıdan kadr göndərilən vaxt təəccüblənənlərə belə izahat verir: “İsmayıllının əvvəlki adı “sumeyilli” olub da. Kənardan gələnlərin meyli düşür bura“.

Yalançı mollaların çoxalması Aslanı yaman narahat edir. Dini kitabları çox oxuduğunu görən tanışı buna işarə edərək deyir ki, birdən oxuyub molla olarsan ha.

Aslanın da cavabı sərrast olur:  “Molla olmasam da, adamları yola verərəm”.

Vaxtilə kənddən köçüb gəlmiş bir nəfərin atası rəhmətə gedir və onu kənd qəbiristanlığında  basdıracağını deyir.

Aslan da burada basdırmağı məsləhət görür: Kəndə aparsanız əhatə dairəsindən çıxar… Nə Azersellik olar, nə də Baksellik”.

Ayrı-ayrı idarələrdə işləyərkən bir müdir kimi müfəttişlərə də işi düşür. Adətən, güzəştsiz müfəttişlər onun duzlu-məzəli söhbətləri qarşısında yumşalmaqdan başqa çarələri qalmayıb.

İdarəyə iki müfəttişin gəldiyini görən Aslan təəccüblənir. Baş müfəttiş isə ikincinin təcrübə keçmək üçün qoşulduğunu bildirir. Cavab isə gecikmir: “De ki, dəlləkliyi bizim başımızda öyrənəcək də”.

Müdir  işləyəndə Yaşar anbardar, Salam isə baş mühasib idi. İdarəyə bir il Yaşar, o biri il isə Aslan adlı müfəttiş gəlir. Aslan Salama deyir: “Gələn il yəqin Salam gələcək. Yaşarı Yaşar yola salıb, Aslanı Aslan. Hazırlaş, növbə sənindir”.

Aslan keçən il qonşu rayonda təcrübə keçən təftişçi şagirdini göstərib deyir: “Tanış olun, bizi yoxlamağa gəlib. Ötən il şagird idi, bu il ustalıq edəcək”.

İaşə birliyində işləyəndə idarəyə kəkələyən müfəttiş gəlir. Mühasib narahatlıq keçirəndə onu sakitləşdirir: “Bizə tərcüməçi lazım deyil, bir-birimizi yaxşı başa düşürük”.

Müxtəlif vaxtlarda, müxtəlif məqamlarda da insanlar arasında öz duzlu-məzəli söhbətlərindən qalmayan Aslan hər adamı öz dilində danışdırır, qəlblərinə dəymədən zarafatla sözün düzünü deyir. Çap olunmuş kitabında “Ordan-burdan” başlığı altında toplananlar da belə anlardan bəhs edir.

Tanışlarından 3 subay qardaş var imiş. Hər dəfə onları tələsdirirdi ki, evlənsinlər. Biri evlənmək əvəzinə “Jiquli” markalı maşın alır. Aslan ona: “Jiquli” almağa nə var ki? Hünəriniz var özünüzə arvad alın” – deyir.

Camaatla qəbir üstünə gedəndə hər bir şey xahiş edir. O da hər kəsə söz verir. Biri bu qədər materialı haradan verəcəyini soruşduqda: “Bura elə yerdir ki, yox deməyə dilim gəlmir” – cavabını verir.

Evinə alminium qapı-pəncərə saldıranda, ustanın içən olduğunu bilib ehtiyatlı olmağı məsləhət görür. Usta onu sakitləşdirəndə deyir: “Səndən ötrü qorxmuram. Müstəntiq hadisə yerinə gəlib pəncərələri görəndə ona da düzəltdirməyi tələb edəcək”.

Maşında oturacağına ayı dərisi salır. Soruşanlara: Aslan olub “Oxranamı” (mühafizəmi) tülküyə, çaqqala etibar etməyəcəyəm”, – deyir.

Kitab üçün şəkil çəkdirəndə fotoqraf məsləhət görür ki, şairlər, yazıçılar kimi o da əlini çənəsinə qoysun. Aslan yenə hazırcavab olur: “Onlar sözü fikirləşib tapırlar, mən isə sözdən ötrü cibə girmirəm, özü bədahətən gəlir”.

Kitabda Aslanla bağlı atalar sözləri və deyimlər də verilib ki, bunların çoxu məcazi mənada onun portretinin məntiqi yekunu kimi səslənir.

Və axşamlar kitab üzərində işlədiyini görən həyat yoldaşı bunun lazımsız iş olduğunu ona xatırladanda Aslan: “Bu kitab sizin mənə qoyacağınız baş daşından yaxşıdır” – cavabını verir.

Biz isə deyirik ki, təkcə çap olunmuş kitabı ilə deyil, sağlığında dadlı, duzlu, məzəli söhbətləri ilə insanların qəlbinə nikbinlik, yaşayıb-yaratmaq, iradəli olmaq, çətinliklərə sinə gərmək, vüqarlı olmaq, əyilməzlik toxumu səpməklə, hər birinin ürəyində heykələ dönüb. İnsanı sevindirmək, yaşatmaq həvəsi ilə qanadlandırmaq haqqın dərgahında ən savab işlərdən biridir. Neçə il sonra da onun yumorlu fikirləri yüksək zövqlə qarşılanacaqdır.

Saf su təmiz bulaqdan axdığına görə, təmiz gülüş də təmiz ürəkdən qidalanır.

Düşüncəsi yumor üstə köklənmiş A.Aslanova gələcək nəsillərə miras olacaq dəyərli fikirlərini bundan sonra da bu cür ustalıqla yumor üstə kökləməklə bərabər, bizə də  “Gülüş bulağ”ın həmişə çağlasın”, – deyərək bu təmizlik yolunda uğurlu yol arzulamaqdan başqa yol qalmır.

na Mirzəliyeva,

“Qıl qəm” media mükafatçı

 

Valideynlər iclası

 

Aslan oğlunun iş problemi ilə əlaqədar onun işlədiyi idarəyə gəlir.

Həyətdə tanışlar soruşur ki, Aslan dayı, nə əcəb gəlmisən, nə qulluğun?

– Valideynlər iclasına gəlmişəm, bala, – deyə Aslan cavab verir.

 

Züy tutan

 

Aslan göz həkimində alacağı eynəyin ölçüsünü dəqiqləşdirir. Həkim deyir: Dayı, ala bu mətnləri iri hərfdən xırda hərfədək oxu. Aslan birbaşa xırda hərfləri oxuyur.

Həkim deyir: Onu oxuma, dayı, o, zərgərlər üçündür. Siz nə işləyirsiz?

– Mən züy tutanam, bala, gözümü yumub, piləyirəm, – deyə Aslan cavab verir.

 

Özüm namizədəm

 

Qarlı qış vaxtı Aslanın həyat yoldaşının qohumu dağ kəndində rəhmətə gedir.

Aslan deyir :

– Mənlik deyil, sən get.

– Sənin ölənlərin qurtarıb deyə getmək istəmirsən?

– Ölənlərin qurtarsa da, özüm dağ boyda namizədəm, – deyə Aslan cavab verir.

 

Bir “Yasin” oxuyardım

 

Aslanın yaxın  qohumunun toyunda müğənni Rəşid Behbudovun “Ana” mahnısını oxuyur. O, mahnını kimin sifariş etdiyini soruşanda deyirlər ki, həyat yoldaşın anasını xatırlayır. Aslan həyat yoldaşına yaxınlaşıb deyir:

– Niyə bədxərclik edirsən, 10 manat verib mahnı oxudunca, 2 manat verəydin mən bir “Yasin” oxuyardım.

 

Aslanın böyüyü, balacası olmaz

 

Aslan eyni vaxtda balacaboy aktyor Aslan Şahverdiyevlə ürək müayinəsinə gəlir. Tibb bacısı aktyoru göstərib Aslana deyir ki, bunun da adı Aslandır.

– Aslanın böyüyü, balacası olmaz, – deyə Aslan cavab verir.

 

Gülən yoxdur

 

Aslanın həyat yoldaşı yeni yazılmış lətifələri oxuyub deyir ki, heç gülmək olmur.

– İndi elə zəmanədir ki, camaatı əllə də qıdıqlasan gülən yoxdur,  – deyə Aslan cavab verir.

 

67 yaş edəcəklər

 

Aslan poliklinikada yaşı 65 olan tanış həkimlə söhbət edir. Digər həkim isə bikef fikrə dalır. Aslan ondan soruşur ki, sən nə vaxt pensiyaya çıxırsan?

– Bir ilim qalıb 65 olmağa.

– Narahat olma, sən çıxana pensiya yaşın 67 edəcəklər.

 

Seriallara baxır

 

Aslanın həyat yoldaşının rəfiqəsi Aslana deyir ki, bu Aslanova sənə baxır?

– Mənə baxmağını deyə bilmərəm, ancaq seriallara baxır, – deyə Aslan cavab verir.

 

Topdansatış danışardın

 

Aslanın bazarda alver edən bir tanışının iki ayın içərisində həm yaşlı atası ölür, həm də anası. Aslan hər iki hüzrdə iştirak edib tanışına deyir :

– Səndən alverçi olar? Belə işin var idisə, çadırları topdanicarə danışardın, hərəsinə yüz manat çıxardılar.

 

Ölüyə zəng

 

Aslanın ölüm xəbəri çıxır. Ara sakitləşəndən sonra həyat yoldaşı deyir ki, o boyda ölüm xəbərin çıxdı, heç sənə zəng edən olmadı.

– İndiyədək hansı ölənlərinə zəng etmisən ki, kimsə də məni ölü bilib zəng etsin, – deyə Aslan cavab verir.

 

Ya hə de, ya da yox

 

Aslanın tanışı molladan maşın alası olur. Molla da günü-günə sataraq, nə “hə” deyir, nə də “yox”. Aslan mollanı yolda tutub iradını bildirir.

– Ölü deyil ey, nə deyəsən qəbul edə, səsin çıxartmaya, cəsarətin olsun, diriyə ya “hə” de, ya da “yox”.

 

Pulu yoxdur

 

Aslanın bir qohumu onun vasitəsi ilə arıçıdan bal alır. Bir müddət ötəndən sonra qohumu balın saxta olduğunu bildirərək arıçıya deyir:

– Adamın gərək zatı ola.

– Zatı var ey, pulu yoxdur, – deyə Aslan aranı sakitləşdirir.

Şərh Yaz