Oxucuların Sonya və Raskolnikov sevgisi

Həyatla kitab arasındakı fərqi anlamaq üçün oxucuların kitabdakı Sonyanı sevib, real həyatdakı Sonyaları daşqalaq etməsinə nəzər salmaq lazımdır. Bəzən biz hansısa məsələ haqqında müdriklər kimi danışmağa cəhd edirik, həmin çətinlikləri öz həyatımızda yaşayan zamansa ağıllı-ağıllı danışdığımız məqamlar köməyimizə çatmır. Tələbə yoldaşlarımdan biri deyirdi ki, ermənilər mənim düşmənim deyil. Mən kosmopolitəm. Ancaq həmin gəncin yaxın qohumu şəhid olanda o, erməniləri özünə düşmən saymağa başladı. Belə çıxır ki, millətinə əzab verənlər sənin düşmənin deyil, təkcə sənə əzab verənlər sənin düşmənindir. Özünü xalqın bir nümayəndəsi saymaq da bir mədəniyyət və fikir hadisəsidir. “Məndən ötdü, qardaşıma dəydi” zehniyyəti ilə yaşamaq bizi ancaq uçuruma apara bilər. Gözləməməliyik ki, zərər şəxsən bizə dəysin, itkini öz həyatımızda yaşayaq. İnsanlıq sənə yad olan insanların uğuruna sevinmək, sənə yad insanların itkisinə kədərlənməkdir. İngilis şairi Con Donnun Heminqueyin “Əcəl zəngi” əsərinin əvvəlində epiqraf kimi verilən bu sözləri məhz bu məqamda xatırlayaq:

Elə bir insan yoxdur ki, Ada kimi tək-tənha dayanıb dursun: hər insan Qitənin bir parçası, Qurunun bir parçasıdır; Dalğalar sahildə dikələn Qayanı qoparıb dənizə aparsa, sahilin bir guşəsini qoynuna alsa, sənin, ya sənin Dostunun Qəsrini uçurub dağıtsa, Avropa kiçilər; hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən Bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin  harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən.

Biz dünya insanları ilə vəhdət halında yaşayırıq. Hər birimizin taleyi biri-birimizdən asılıdır. Məsələdən çox da uzaqlaşmadan Dostoyevskinin “Cinayət və cəza” əsəri haqqında danışaq. Əsərin əsas qayəsi bundan ibarətdir ki, etdiyimiz cinayətlərə görə hüquqi cəzadan başqa mənəvi cəza da var, hüquqi cəza bitsə də, mənəvi işgəncə heç zaman bitmir, daim bizi təqib edir, əzab yaşadır. Nabokov haqlı olaraq yazır ki, Dostoyevskinin bütün qəhrəmanları xəstədirlər və bütün qəhrəmanların xəstə olması oxucunu yorur. Əsərin ən bədbəxt obrazı Raskolnikovdur. O qədər sadəlövhdür ki, bir insanı məhv etməklə bütün insanları xilas edə biləcəyini düşünür. Özünü Napoleonla müqayisə edir. Əslində Napoleonun həyatını oğurlamağa çalışır. İlk baxışdan bizə elə gəlir ki, Raskolnikov təhsilini davam etdirmək üçün pul əldə etmək istəyir. Ancaq Raskolnikov həm də çox iddialı idi. İnsan öz iddiaları ilə imkanları arasındakı sərhədləri dəqiq müəyyən edə bilməyəndə özünü məhv edir, məğlubiyyətə düçar edir. İddia heç bir halda boş həvəsə, ehtirasa əsaslanmamalıdır. İddianın beyində müəyyən edilmiş ölçüləri, konkret hədəfləri olmalıdır. Raskolnikovun zehniyyətinə görə insanlar iki qrupa bölünür: adi adamlar və ali adamlar (onun sözləri ilə desək, adi olmayan adamlar). Raskolnikov düşünür ki, adi adamların ali adamlara əbədi borcu var və bu məqamda Raskolnikov borclu qismində görünmək istəmir, öz adiliyi ilə barışmır.

Raskolnikov özünü tanıya bilmişdimi? Yoxsa özü haqqında sadəcə illuziyalar uydurmuşdu? Mən əsəri oxuyarkən düşünürdüm ki, Raskolnikovun əzabları elə Dostoyevskinin həyatında yaşadığı iztirablardır. Dostoyevski bu romanı borcların içində itib-batdığı bir zamanda yazıb. Görəsən, Dostoyevski də borclarını ödəmək üçün kimisə qətlə yetirməyi, oğurluq etməyi düşünmüşdümü? Mən qətl törətmərəm, oğurluq etmərəm sözlərini demək çox asandır. Ancaq bir dəqiqəlik dəhşətli emosiyalar insanı çox şeylərə vadar edə bilər. İnsan hər an özünə cavabdeh ola bilmir, əsəbi-emosional anlarında özünə cavabdehlik məsuliyyətini itirir. Borc sahiblərinə demişdi ki,  əgər həbs olunsam romanı bitirə bilməyəcəm, romanı bitirə bilməsəm, borclarımı da qaytara bilməyəcəm. Sonradan ailə quracağı Anna öz köməyi ilə Dostoyevskini xilas edir. Nəşriyyat direktorları, borc sahibləri, ədəbiyyat quldarları Dostoyevkidə  Raskolnikova çevrilmə potensialı yaratmışdılar.

Raskolnikov müharibədə minlərlə insanları öldürənlərin günahsız qaldığını düşünərək sələmçi qarını öldürmək qərarına gəlir. Raskolnikov həyatının elə bir məqamına gəlmişdi ki, ədalət haqqındakı pafoslu sözlərə inamını itirmişdi. O, düşünür: “Böyük hakimiyyət sahiblərini kim cəzalandıracaq, ədalətmi?” Ən böyük ədalətin güc olduğu qənaətinə gələn Raskolnikov eqoizmə qapılır, qəti qərar verir, sələmçini və şahidi öldürür. Bu, son idi, ya başlanğıc? Əslində daxili həyəcanlar, nəhayətsiz suallar, intəhasız işgəncələr indi başlayırdı. Raskolnikov diqqətləri öz üzərinə çəkə bilmişdi. Elə bunu istəmirdimi? Məşhurluq, şöhrət haqqında düşünmürdümü? Özünü Napoleonla müqayisə etmirdimi?

Raskolnikov qəddar idimi? Əgər qəddar idisə Marmeladovun əzablarına görə niyə narahat olur, Sonyaya niyə yazığı gəlir? Kim daha çox yazıq idi? Raslonikov arzuladığı diqqəti cələb etsə də, indi daha çox narahat olurdu, xəstəliyi də ağırlaşmışdı. Danışdığı, görüşdüyü, otağına gələn hər adamın gözlərində bu suala cavab axtarırdı: “O, mənim qatil olduğumu bilirmi?”

Dostoyevski bu romanı Rusiyada kasıbların daha da kasıblaşdığı, varlıların daha da varlandığı zamanda yazmışdı. Sözün açığı, klassik ədəbiyyatın fahişənin bədəni kirlidir, mənəviyyatı təmizdir fikri şablona çevrilib. Bəzən, çağdaş ədəbiyyatımızda da klişeyə çevrilən mövzulara təkrar-təkrar toxunulduğunu görürük. Axı nə zamana qədər bədii ədəbiyyatımızda düşmən millətlərin qızını, oğlanını biri-birinə sevdirəcəyik? Yeni mövzular axtarmaq lazımdır.

Raskolnikov Sonyanın qarşısında diz çökərkən deyir:

Mən sizə təzim etmədim, insanların çəkdiyi iztirablara təzim etdim.

Bu sözlər indi bizim üçün – 21-ci əsr insanları üçün həddən artıq dramatik səslənir. Bu məsələyə görə Dostoyevskini qınamaq olmaz. Klassik ədəbiyyatın əsas prinsiplərindən biri də insanları təəccübləndirmək, onları heyrətləndirəcək səhnələr yaratmaq idi. Müasir dünyanın insanlarısa belə  təsvirlərə təəccüblənmir.

“Cinayət və cəza” romanını oxuyarkən gəldiyim qənaəti bir cümlə ilə belə ifadə edirəm.

“Həyatımızı elə yaşayaq ki, ağır vicdan mühakiməsi ilə üzləşməyək”.

Nicat Həşimzadə

Şərh Yaz