16-cı kitab

Həmyerlimizin –  Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mövlud Teymurun “Mən sözü düz dedim” adlı, 392 səhifəlik şeirlər kitabı çapdan çıxıb. Bu kitab onun sayca 16-cı kitabıdır.

Şair bu kitabı Böyük Vətən müharibəsindən qayıtmayan əmisi Xanməmməd Teymurovun əziz xatirəsinə həsr edib.

Kitabda ana vətənə, doğma yurda, onun əsrarəngiz gözəlliklərinə, təmiz sevgiyə, halal insanlara, bir sözlə, insanı düşündürə bilən bütün hiss və duyğulara bədii dillə aid olunmuş fikirlər daxil edilib.

Mövlud Məmmədhəsən oğlu Teymurov 1951-ci ildə  Buynuz kəndində anadan olub. Uşaqlıq və gənclik illərində bir sıra çətinliklərlə üzləşib. 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Müxtəlif illərdə məktəblərdə, fərqli idarə və təşkilatlarda çalışıb. Hazırda pensiyaçıdır.

M.Teymur “Araz”, “Qızıl qələm”, Rəsul Rza mükafatlarına, 2013-cü ildə isə Prezident təqaüdünə layiq görülüb. İnanırıq  ki, onun bu kitabı da oxucuların ürəyincə olacaqdır.

 

Uduzur

 

Təbiətdə yarış var,

Möhnət daim uduzur.

İşıq irəli gedir,

Zülmət daim uduzur.

 

Sökülür dan, min alqış,

Gülür cahan, min alqış!

Məhəbbətdir bu yarış,

Nifrət daim uduzur.

 

Sevincə bax, sevincə,

Necə açılıb, necə?!

Sanki qönçədir, qönçə,

Dəhşət daim uduzur.

 

Qüdrət dağda görünür,

Vüsət bağda görünür.

Mərd qabaqda görünür,

Namərd daim uduzur.

 

Pis iş ürək ağrıdar,

Haqqın yolu doğrudur.

Gün eşqimin odudur,

Bulud daim uduzur.

 

Mövlud, axşam, gecədi,

Bax, gör saat neçədir?!

Həlim insan incədi,

Kobud daim uduzur!

 

Şərh Yaz