İsmayıllı dinamik inkişaf yolundadır

İsmayıllı rayonunda “2018-ci ildəki sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbir öncəsi rayonun rəsmiləri, qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Mədəniyyət Mərkəzinin foyesində rayonun müxtəlif istehsal sahələrində  hazırlanmış məhsulların sərgisinə baxış keçirilib.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib.

Başçı bildirib ki, rayonda 2018-ci ildə ümumi inkişafa istiqamətlənmiş, əsas fəaliyyət möhtərəm cənab Prezidentin tövsiyə və tapşırıqlarından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasına yönəldilib. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərinin davam etdirilməsi, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrası, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib. Ümumilikdə, 2018-ci il rayon üçün yaddaqalan hadisələrlə zəngin olub.

Hesabat ilində rayon üzrə görülən işlər barədə ətraflı məlumat verən başçı ayrı-ayrı idarə və təşkilatların, xidmət sahələrinin, ərzaq bolluğu yaratmaqda fərqlənən sahibkarların işindən razılıq edib, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılmasının vacibliyindən söz açıb.

M.Sadıqov 2019-cu ildə 18 obyektin açılışı nəzərdə tutulduğunu bildirib və bu obyektlərin hər birinin əhəmiyyəti, rayonun inkişafına təsiri, ismayıllıların güzaranında rolu barədə fikir söyləyib.

İsmayıllı hərtərəfli, dinamik inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, ölkəmizin qarşısında duran möhtəşəm vəzifələrin icrasında, taleyüklü məsələlərin həllində Respublikamızın bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayıllılar daim ön sıralarda olacaq, 2019-cu ili yüksək nəticələrlə başa vuracaqlar.

Yığıncaqda Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli iştirak və çıxış ediblər. Prokurorluq, mədəniyyət, sosial müdafiə, kənd təsərrüfatı, sahibkarlıq və başqa fəaliyyət sahələri nümayəndələrinin çıxışları dinlənilib.
Hesabat yığıncağında  iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov görülən işlərə münasibət bildirib və qarşıda duran vəzifələrə aydınlıq gətirib.
Müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul olunub.
Yığıncaq iştirakçıları yekdil səslə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.

Ş.Soltanov

Şərh Yaz