Görülən işlərdən əhali razıdır

İsmayıllıya ilin ilk qarı yağan gündə  – Yol-İstismar Sahəsinin nəqliyyatın hərəkəti üçün normal şərait yaratdığı zamanda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalacıq kənd sakinləri ilə görüş-qəbul keçirib.
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov məktəbin akt zalına toplaşan çoxsaylı sakinləri salamlayıb, sonra qeyd edib ki, tarixi qonşu kəndlərlə müqayisədə qədim olan Qalacıq kəndi dövlət qayğısı ilə hərtərəfli əhatə olunub. Sumağallıdan buraya qədər asfalt yol çəkilib, elektrik enerjisi ilə abonentlər dayanıqlı qaydada təmin olunur, daşıyıcı qaz kəməri və evlərə qaz xətləri çəkilir. Novruz bayramı ərəfəsində Qalacığa qaz yanacağı verilişinin açılışı olacaq. Çalışacağıq ki, məktəbin qazanxanasına da qaz xətti çəkilsin. Xalçaçılığın bərpası da diqqətdə saxlanılır. Taxılçılığın inkişafı və gəlirli sahəyə çevrilməsi üçün torpaq payçıları bir araya gəlib, kooperativ yaratmaq barədə düşünməlidirlər. Digər sosial-iqtisadi məsələlərin də Qalacıqda öz həllini tapdığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı onu da qeyd edib ki, əhali vergilərin ödənməsinə  diqqətlə yanaşmalı, torpaqlardan səmərəli istifadə etməyə çalışmalıdır.
Görülən işlərdən, həyata keçirilən sosial yönümlü layihələrdən razılıq edən və minnətdarlıq bildirən sakinlər bəzi çatışmazlıqlardan da danışıblar: kəndin çaydan sol tərəfdəki əraziyə transformator qoyulmalı, elektrik xətti təzələnməli, həkim məntəqəsi işlək vəziyyətə gətirilməlidir; kəndin mərkəzindəki köhnə məktəb binasının yerində məscid binasının tikintisinə ehtiyac vardır; kəndin aşağı hissəsi ilə yuxarı hissəsi arasında  3 kilometrə qədər məsafə olduğunu nəzərə alıb kəndin məktəbdən daha uzaq zonasında ibtidai məktəb açılması məqsədə uyğun olardı; Qalacıq İnzibati Ərazi Dairəsinə daxil olan Çəmənli kəndinin elektrik xəttinin Qəbələdən ayrılıb İsmayıllı elektrik şəbəkəsinə qoşulmasını aid təşkilat diqqətdə saxlamalıdır.
Bu və digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fikrini bildirib, məsləhətini və tapşırıqlarını verib.
Sonda pensiyaçı müəllim, ağsaqqal ziyalı Bəxtiyar Rəhimov çıxış edərək bugünkü təminatlı həyatlarına, İsmayıllıya, xüsusilə Qalacığa hərtərəfli qayğısına görə cənab Prezidentə kənd sakinləri adından minnətdarlığını bildirib.

Şərh Yaz