2018-ci ildə rayonun sosial-iqtisadi inkişafı

Ölkədə aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən iqtisadi islahatlar inkişafın davamlılığını qoruyub saxlamağa imkan verir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır.

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2018-ci ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 257554,1 min manat, müqayisəli qiymətlərlə 255542,9 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 2969,4 manata çatmışdır. Məhsul və xidmətlərin 73,9 faizi, yəni 190269,6 min manatı istehsal sahələrinin, 26,1 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə kənd təsərrüfatında 95,8 milyon manatlıq və ya ümumi məhsulun 37,2 faizi, sənayedə 9,1 milyon manatlıq (müvafiq olaraq 3,5 faiz), tikintidə 85,4 milyon manatlıq (33,1 faiz), rabitədə 0,9 milyon manatlıq (0,4 faiz), nəqliyyatda 3,3 milyon manatlıq (1,3 faiz), ticarət və xidmət sahəsində 63,1 milyon manatlıq (24,5 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən illə müqayisədə sabit qiymətlərlə kənd təsərrüfatı məhsulunun həcmi 2,1 faiz, sənaye istehsalı 14,6 faiz, tikinti istehsalı 16,1 faiz, rabitə 10,3 faiz, ticarət isə 0,8 faiz artmışdır. Nəqliyyat və anbar təsərrüfatında  0,3 faizlik geriləmə müşahidə olunmuşdur.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın  sayı 56 baş artaraq 51765 baş, qoyun-keçilərin  sayı 110 baş artaraq 180730 baş, quşların sayı 3785 baş artaraq 281885 baş, arı ailələrinin sayı 9930 ailə artaraq 17053 ailəyə çatmışdır.   2018-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 57 ton, süd istehsalı 556 ton, yumurta istehsalı 802 min ədəd, yun istehsalı 10 ton artmışdır. 2018-ci ildə rayonda əvvəlki ildən 36,9 faiz çox, 3,9 ton barama istehsal olunmuşdur.

2018-ci ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 30015,5 hektar sahədən 103396 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 3247 ton əvvəlki ildən az taxıl istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 1,2 sentner azalaraq 34,4 sentner olmuşdur. Toplanmış məhsulun 76,7 faizini buğda, 20,0 faizini isə arpa təşkil etmişdir. Hesabat dövründə buğdanın məhsuldarlığı 36,6 sentner, arpanın məhsuldarlığı 29,8 sentner olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı isə 2,9 sentner aşağı düşmüşdür.

Yazlıq bitkilər üzrə 155 hektar sahədən 1543 ton dən üçün qarğıdalı, 1125 hektar sahədən 2457 ton paxlalılar, 220 hektar sahədən 83,5 ton dən üçün günəbaxan yığılmışdır. 2017-ci illə müqayisədə qarğıdalının məhsuldarlığı 73,5 sentner artaraq 99,5 sentner, paxlalıların məhsuldarlığı 2,5 sentner azalaraq 21,8 sentner, günəbaxanın məhsuldarlığı isə 0,1 sentner azalaraq 3,8 sentner olmuşdur.

2018-ci ilin yanvar-dekabr aylarında 885 hektar sahənin kartofu yığılmış, 10415 ton məhsul əldə edilmişdir. Bu dövrdə 8820 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 4,9 sentner artmış, tərəvəzin məhsuldarlığı isə 1,2 sentner azalmışdır. Hesabat dövründə 41,7 ton quru tütün tədarük edilmişdir.

2018-ci ildə bağlardan 9108,0 ton meyvə və giləmeyvə, 4124 ton üzüm toplanmışdır. Meyvə və giləmeyvənin məhsuldarlığı hər hektardan 103,3 sentner, üzümün məhsuldarlığı isə 40,7 sentner təşkil etmişdir. 2018-ci ildə əvvəlki illə müqayisədə bağlardan 628 ton meyvə və giləmeyvə, 1564,3 ton çox üzüm yığılmışdır.

2018-ci ilin yanvar-dekabr ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 9140,7 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 14,6 faiz artmışdır. Hesabat dövründə rayonda əvvəlki illə müqayisədə 5,3 faiz çox, 59,6 milyon kilovat saat elektrik enerjisi, 1,2 milyon kub metr çox, 27,7 milyon kub metr qaz istehlak olunmuşdur.

2018-ci ildə rayonda 12896,9 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,0 faiz azdır. Hesabat dövründə əsas kapitala 91713,8 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox təşkil etmişdir.

Hesabat ilinin yanvar-dekabr aylarında rayon əhalisinə 192920,0 min manatlıq istehlak malları satılmış, 27612,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 2,3 faiz artmışdır.  Həmin dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 971,1 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən 10,3 faiz çoxdur.

01 yanvar 2019-cu il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 293,7 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 10,3 faiz çox olmuşdur.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                     

Şərh Yaz