Yaddaşlarda yaşayan gün

2010-cu ilin 19 iyununadək 7 fevral  sıradan bir gün  idi, 365 günün adi bir günü, heç nə ilə fərqlənməyən, seçilməyən. Azərbaycanın qeyrətli oğlu həmin günü öz qanı, canı ilə tarixi bir günə çevirdi. 1988-ci il fevralın 7-də dünyaya gələn Mübariz İbrahimov 2010-cu ilin 19 iyununda elə bir qəhrəmanlıq göstərdi ki, hər 2 gün – 7 fevral və 19 iyun tariximizə qızıl hərflərlə yazıldı.

Fevralın 7-də   şəhid Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş  anım tədbirində qəhrəmanın həyat və qısa, lakin çox şərəfli döyüş yoluna geniş nəzər salındı. Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Şəmsiyyə Əhmədova  milli qəhrəmanlıq tarixindən danışaraq Mübariz İbrahimovun əfsanələşmiş Babəkin, Koroğlunun, Cavanşirin qəhrəmanlığını real olaraq günümüzdə təkrarladığını, ataların yolunun oğulları yolu olduğunu təsdiqlədiyini fəxrlə vurğuladı.

Rayon təhsil şöbəsinin metodisti Ramiz Baloğlanov, məktəbin ali məktəbə qəbulda 600-dən çox bal toplamış məzunlarından Xoşbəxt Qinyətova, Qədir Qədirli, Rüstəm Pənahlı qəhrəmanın həyat və döyüş yolunun hər bir azərbaycanlı gənci üçün nümunə olduğunu dedilər. R.Baloğlanov ordumuzun yaranma günündə Bakı şəhərində keçirilən əzəmətli paraddan söz açaraq yaddaşları təzələdi və inamla bildirdi ki, elə güclü ordusu, belə igid oğulları olan bir ölkənin torpaqları heç vaxt yad əllərdə, düşmən tapdağında qala bilməz və qalmayacaq da. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Məmmədov, Diyallı bələdiyyəsinin sədri Kamran Nemətov, məktəbin müəllimlərindən Sürmə və Oqtay Fərzəliyevlər də  Mübariz İbrahimovun hər kəsə örnək olan şücaətindən danışdılar. Çıxış edənlər bu kəndin yetirmələri, bu məktəbin məzunları olan və əksəriyyəti Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşən orduya qatılan, Vətən yaşasın deyə, canlarını fəda edən Aqil Məmmədovu, Azər Kərimovu, Ədalət Qasımovu, Əflatun Həsənovu, Allahverdi Hacıyevi, İlham Mirzəliyevi də yad etməyi özlərinə borc bildilər. Hər çıxış, hər baxış, şagirdlərin təqdim etdikləri kompozisiyada səslənən şeirlər, mahnılar da bir sim üstə köklənmişdi: Şəhidlər ölməz, Vətən bölünməz!

nel Əliyeva,

A.Məmmədov adına Diyallı kənd tam orta məktəbinin uşaq birliyinin rəhbəri

 

Şərh Yaz