Xoşbəxtlik odur ki…

Dünyanın müqəddəs incisi olan insan ulu Tanrının təbiətə bəxş etdiyi ən özəl və əvəzolunmaz varlığıdır. Haqqında söhbət açdığımız şəxs təkcə təbiətin bir parçası deyil, həm də çoxlarının sevimlisidir. Onunla bərabər olmaq insana xoş hisslər, şirin təbəssüm bəxş edir. Yaradan ona elə boy-buxun, kövrək qəlb, mənalı sima verib ki, onunla qısa  ünsiyyətdən yaranan təəssürat gün boyu insanı tərk etmir.

Bir neçə il əvvəl o ümidverici, püxtələşən bir şəxs idisə, artıq bu gün ibrətamiz həyat yolu keçmiş peşəkar bir insandır. Hamının hörmət və ehtiramını qazanmış bu müdrik insan yaxşı bilir ki, zaman keçir, əməllərimizin xatirəsi isə qalır.

Deyirlər hər kəsin ürəyi yumruğu boydadır və elə bir peşə sahibləri var ki, onların ürəyi daha geniş, yumşaq və rəhmlidir. Əsl müəllimlər belə ürəyin sahibidirlər. Belələrinin ürəyi özündən çox yetirmələrinə yanır, onların formalaşmaqda olan mənəvi dünyasını işıqlandırır. Yetişən nəslə ətraf aləmi, həyatı duymaq və sevmək hissi aşılayır.

Seçdiyi müəllimlik peşəsi vasitəsi ilə təlim-tərbiyəni gənc nəslə layiqincə ötürən, davamçılarımızı xalqa, vətənə məhəbbət ruhunda yetişdirən, onları şəxsiyyət səviyyəsinə yüksəldən müəllim əbədiyaşar olur, qəlblərdə heykəlləşir… Hətta yaşlaşıb təqaüdə çıxanda belə…

Gənclik enerjisini, bilik və bacarığını dərs dediyi şagirdlərə sərf etmiş müəllimlərdən biri,  hər görüşü ilə dost və tanışlarını sevindirən, yaşına görə xeyli gənc və gümrah görünən təqaüdçü müəllimlərimizdən biri – Bəhram Musa oğlu Soltanovdur.  Gəlin, bu şərəfli ömür sahibinin həyat gündəliyinə bərabər nəzər salaq.

Bəhram Soltanov 1952-ci ilin yanvar ayının  18-də  Kürdeldarbəyli kəndində anadan olub. İbtidai təhsilini doğma kənddə, orta təhsilini Hacıhətəmli kənd orta məktəbində alıb. Kuybışev adına təsərrüfatda 2 il çalışdıqdan sonra, 1968-ci ildə Ağdaş Pedaqoji Texnikumuna daxil olub. Fərqlənmə diplomu ilə 1970-ci ildə texnikumu bitirib. Həmin ilin sentyabr ayından  doğma kəndində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Bir il işlədikdən sonra ordu sıralarına çağırılıb. Hərbi xidmətini başa çatdırdıqdan sonra  Qurbanəfəndi kənd məktəbinə ibtidai sinif müəllimi təyin olunur. B.Soltanov 1973-1978-ci tədris illərində sinif və tarix fənni müəllimi kimi çalışır. 1978-ci ildə sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə verir. 1983-cü ildə ali məktəbi bitirir. İşlədiyi məktəbdə direktor müavini, direktor vəzifələrində çalışır. 1979-cu ildə, Kürdeldarbəyli kəndində məktəb direktorunun müavini işlədiyi vaxtda Rayon Təhsil Şöbəsi tərəfindən iş təcrübəsinin rayon məktəblərində öyrənilməsi tövsiyə olunur.

Çalışdığı məktəbin uğurlarında Bəhram müəllimin böyük əməyi vardır. Bu çalışqan pedaqoq təcrübəli müəllimlərdən öyrənib, gəncləri həvəslə öyrətməyə can atıb. Orta məktəb müəllimi Rəhim Ağayevi dərin ehtiramla yad edən Bəhram müəllim onun dərin savadı, pedaqoji ustalığı barədə fəxrlə danışır, belə müəllimlərlə çiyin-çiyinə işlədiyindən özünü xoşbəxt sayır.

B.Soltanov istər müəllim, istərsə də bir vətəndaş kimi, məsuliyyət hissi yüksək olan insandır. 1998-ci ildən 2017-ci ilədək Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində çalışmış, tədris etdiyi hər bir mövzunu şagirdlərə mənimsətməkdə imkan və bacarıqlarından maksimum istifadə etməyə çalışıb. Tarix müəllimi kimi, tarixi həqiqətləri, vətənimizin yaxın, uzaq keçmişinin şagirdlərə öyrədilməsində, onlarda zəruri bacarıq, vərdiş və nəhayət yüksək elm sayəsində vətənpərvərlik ruhunun aşılanmasında yorulmaq bilmədən işləyib.

Bəhram müəllim təcrübəli tarixçi kimi şagirdlərinə zəkası və uzaqgörənliyi ilə tanınmış Azərbaycan oğulları – Cavanşirdən başlamış, ulu öndər Heydər Əliyevə qədərki tarix, eləcə də Azərbaycana, xalqın müstəqilliyinə və tərəqqisinə xidmət etmiş rəhbərlər barədə geniş məlumat verməyi özünün şərəf işi sayıb. Həmişə hesab edib ki, tarixi şəxsiyyətlərimiz, xalqın azadlığı və tərəqqisi uğrunda aparılan mübarizələr haqqında şagirdlərə ötürülən bilgilər onların kamil, mübariz vətəndaş kimi formalaşmasında müsbət rol oynayacaq.

Bəhram müəllim fənlərarası əlaqə qurmaqla keçdiyi dərslərdə keçmişin bugünlə müqayisəsini, tarixi inkişaf mərhələlərini, dünya şöhrətli, xalqımızın iftixarı olan şəxsiyyətlərimizin həyat və yaradıcılığını dərs dediyi şagirdlərə mənimsətməyə çalışıb və məqsədi sevindirici nəticələr verib. Bir tarixçi vətəndaş  kimi, üzərinə düşən məsuliyyətin böyüklüyünü hələ gənc yaşlarından dərk edən Bəhram müəllim təkcə dərs deməklə kifayətlənməyib. İşlədiyi məktəblərdə, yaşadığı kənd və rayon tədbirlərində fəal iştirak edərək xüsusi təşkilatçılıq qabiliyyəti nümayiş etdirib.  Savad və bacarığını nəzərə alıb onu dəfələrlə müxtəlif vəzifələrə təklif ediblər. Ailənin ilk övladı olduğundan, atasını itirdikdən sonra özündən kiçik bacı və qardaşlarını ərsəyə çatdırmaq yükünü anasının öhdəsinə buraxmayıb, onlara böyüklük edib.

Bəhram müəllimi digərlərindən fərqləndirən cəhətlərdən biri də onun mətbuatla müntəzəm əlaqə saxlamasıdır. O, tez-tez yerli və mərkəzi mətbuatda pedaqoji və ictimai məzmunlu yazılarla çıxışlar edib, işgüzar həmkarlarının əmək fəaliyyətini işıqlandırıb.

B.Soltanov həmişə milli dəyərlərimizin qorunmasına, milli mədəniyyətimizin inkişafına diqqətlə yanaşıb. İşlədiyi illər ərzində  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, Respublika Bilik Cəmiyyətinin, rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin Fəxri fərman və Təşəkkürnamələri ilə təltif olunub.

Bəhram müəllim uzun illərdir ki, İvanovka kəndindəki 37 saylı kənd seçki məntəqəsinin katibidir. Bu işin öhdəsindən layiqincə gəlir. Ömrünü mənalı yaşadığını, ömründən yetişən nəslə verdiyi paydan bu gün kimlərinsə faydalandığını görən bu kamil insan özünü xoşbəxt sayır. Belə düşünməkdə o, çox haqlıdır. Bu gün 5 övlad atası olan Bəhram müəllim həm də 10 nəvənin babasıdır. Əsl xoşbəxtlik də elə odur ki, ömrünün müəyyən parçasının kiminsə ömründə özünə yer tapdığını görəsən.

Hacıməmməd Məmmədov,

86 saylı İsmayıllı DSK-nın üzvü

Şərh Yaz