Yaddas kitabcasi

İsmayıllı bələdiyyəsi son bir ildə

 (Bələdiyyə sədri Pərviz Ağayevin illik hesabatından xülasə)

 

1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüidarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2018-ci il üzrə 200000 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 96755 manat olmuşdur. Büdcənin mədaxil hissəsinə hesabat dövründə 49 faiz əməl edilmişdir ki, bu da büdcənin kəsirlə  yerinə yetirilməsi deməkdir.

Hesabat ili ərzində bələdiyyə büdcəsinə torpaq vergisindən 19693 manat, əmlak vergisindən 24417 manat daxil olub. Küçə reklamlarının yerləşdirilməsi və yayımı üzrə heç bir gəlir əldə edilməyib.

Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn gəlir 26107 manat təşkil edib, ticarət obyektlərindən torpaq icarə haqqı  8174 manat, əkin sahələrinə görə icarə haqqı isə 5862 manat olub. Bələdiyyə əmlakının icarəsindən 3340 manat, avtomobil dayanacaqlarından 1937 manat, mehmanxana rüsumundan 120 manat vəsait əldə edilib. Hüquqi şəxslərin maliyyə yardımı 7000 manat olub.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 200 000  manat əvəzinə 96048 manat təşkil etmişdir ki, bu da proqnoza 48 faiz əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi üzrə

yerli özünüidarəetmə orqanlarının saxlanmasına 66 488 manat, sosial müdafiə və sosial təminat xərclərinə 4320 manat, mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi xərclərinə 2274 manat, mənzil kommunal təsərrüfatı və abadlıq xərclərinə 14569 manat, digər xərclər – reyestr və kadastr xidmət xərclərinə isə 8398 manat vəsait sərf olunub.

Bildiyiniz kimi Azərbaycan Respublikası “Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Vətəndaşların 01 yanvar 2018-ci il tarixə 100390 manat vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi 44110 manat və ya 43,9 faizi həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.

2018-ci il üçün proqnozlaşdırılmış 30 000 manat torpaq vergisinə qarşı 19 693 manat və ya 65,6 faiz , 60000 manat əmlak vergisinə qarşı 24417 manat  və ya 40,7 faiz ödəniş edilmişdir. 2017-ci illə müqayisədə torpaq vergisinin yığımında 393  manat azalma, əmlak vergisində isə 1753 manat  artım olmuşdur.

Hesabat ilində şəhər ərazisində mövcud 8234 vergi ödəyicisindən 6088-nə və ya 73,6 faizinə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 178964 manat olmasına baxmayaraq,  2018-ci ildə cəmi  2516 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin  41,3 faizini təşkil edir. Yəni şəhərimizdə təxminən hər üç vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.

2018-ci il ərzində 291 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu  33 011 manatdır. Bu orta hesabla hər vergi ödəyicisində 120 manat təşkil edir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq  vergiləri ödəmədiyinə  görə 10 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 13 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 131 qərar qəbul edilmişdir.

Hesabat dövründə bələdiyyəyə 1189 nəfər müraciət etmişdir ki, onların 483 nəfəri arayış və digər sənədlər almaq üçün, 112 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 594  vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

2018-ci ildə ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi  yönündə işlər davam etdirilərək bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur.

2018-ci ildə şəhər üzrə 65,9 sot zəbt olunmuş torpaq sahəsi özəlləşdirilmişdir və bundan bələdiyyə büdcəsinə 18960 manat vəsait daxil edilmişdir.

Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

Heydər Əliyev  adına Parkda yerləşən “Yaşıl Teatr” binasının dam  örtüyünün qəzalı vəziyyətdə olması və bunun parkın görünüşünə xələl gətirdiyi üçün həmin binanın dam örtüyü əsaslı şəkildə metal təbəqə ilə yenidən qurulmuşdur.

Şəhərin Heydər Əliyev prospektində  60 kvadratmetr piyada səkisi yenidən qurulmuş  və piyadaların gediş-gəlişi üçün istifadəyə verilmişdir.

Şəhər 1 saylı orta məktəbin qarşısında uçub-dağılmış 73 kvadratmetr piyada keçidi təmir edilmişdir.

Əkinə yararsız vəziyyətdə olan 3,5 hektar sahə kol-kosdan təmizlənərək həmin ərazidə fındıq bağı salınmışdır.

Baramaçılığın yeni bazasının yaradılması məqsədi ilə  ötən il 1000 ədəd tut tingi əkilib-becərilmişdir.

Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

Şəhərin “Günəşli” yaşayış massivində ötən il istifadəyə verilmiş “Xalça fabriki”nin yaxınlığında yerləşən parkda cari təmir işləri aparılmış, ot örtüyü yenilənmiş, oturacaqlar qaydaya salınmış və dekorativ ağaclar əkilmişdir.

Şəhər daxilində 1200 metr suötürücü kanal təmizlənmişdir.

Bundan başqa ölkə rəhbərinin rayonumuza səfəri ərəfəsində bələdiyyənin inzibati idarə binasının fasad hissəsinin cari təmiri və binanın ətrafında abadlıq işləri aparılmışdır.

İl ərzində şəhərin Dərbənd, “Babadağ”, T.İsmayılov, S.Rzayev, Ş.Qurbanov, N.Şalbuzov, Y.Çəmənzəminli küçələrinə çınqıl material  daşınaraq hamarlanmışdır.

Bələdiyyəyə ərizə ilə müraciət etmiş 12 nəfər imkansız şəhər sakininə 2520 manat məbləğində maddi yardım göstərilmişdir.

Bələdiyyənin futbol komandası ötən il ümümrayon birinciliyi turnirində iştirak etmiş və yekunda ikinci yerə sahib olmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yardım fonduna  130 manat  vəsait köçürülmüşdür.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 6948 ev həyətyanı sahəsi ilə birlikdə, 2279 hektar  əkin,  120 hektar bağ sahəsi, 261 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə  isə 7130 vergitutma  subyekti sistemə daxil edilmişdir.

Bələdiyyə 2019-cu ildə 1. “Abad məhəllə” layihəsi  çərçivəsində Cavanşir küçəsindəki ictimai yaşayış binasının qarşısında abadlıq işləri; 2. Şəhərin Nəsimi, Zəngəzur, Girdiman, Aydın Məmmədov, Xocalı küçələrinə içməli su xəttinin çəkilməsi; 3. Şəhərin 15 küçəsinə çınqıl daşınaraq hamarlanması; 4. “Mican” məscidinin ətrafında  hasar tikilməsi və abadlıq işləri; 5. Şəhərin qəbiristanlıqlarında əsaslı təmizlik və abadlıq işləri; 6. Kol basmış və istifadə olunmayan  torpaqların yaxşılaşdırılması və 6 hektar sahədə fındıq bağlarının salınması və digər layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.

İsmayıllı bələdiyyəsinin 01 yanvar 2019-cu il tarixə 47 729 manat borcu vardır ki, bu  da əsasən DSMF-yə, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə, YAP-a və həmkarlar təşkilatına üzvlük haqları, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər şəhər yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar.  Mişar daşını, çınqıl, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla  bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar şəhərin estetik gözəlliyinə xələl gətirir.

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Şərh Yaz