Əsgərlər üçün kitabxana yaratmaq

Mart ayının 7-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin yuxarı sinif şagirdlərinin, pedaqoji kollektivi təmsil edən müəllimlərin, eləcə də valideynlərin “N” saylı hərbi hissənin zabit və əsgərləri ilə görüşü keçirilib.

Tədbiri açan məktəb direktoru Əhmədağa Ələkbərov gələn qonaqları salamlayıb. Görüşə qədər  məktəbin aşağı sinif şagirdlərinin “N” saylı hərbi hissənin əsgərlərinə yazdıqları məktublardan, Novruz bayramı ərəfəsində məktəb şagirdlərinin əsgərlərə kitab hədiyyə etmələrindən danışıb. Bildirib ki, bu halda məktəblilərin təşəbbüsü ilə istənilən hərbi hissədə kitabxana yaratmaq və hərbi vətənpərvərlik aşılayan tədbirlər keçirməklə bu istiqamətdə yüksək nəticələr əldə etmək olar.

Tədbirdə “N” saylı hərbi hissənin zabiti, polkovnik-leytenant Asəf Qurbanov, mayor Rəşad Əliyev və baş gizir Seymur Əzizov, RTŞ-nin məsul əməkdaşı İlham Vahabov, təqaüddə olan müəllim – sözü gedən hərbi hissənin komandiri Rəşad Salmanovun atası Namiq Salmanovun çıxışları dinlənilib.

Hərbiçilər şəhid məzunlarımıza qoyulmuş abidə kompleksini, məktəbin tarix-diyarşunaslıq muzeyini ziyarət etdilər. Şagirdlər keçirilən tədbirdə qonaqları gözəl şeir və musiqi töhfələri ilə sevindiriblər. Məktəbin şagirdləri “N” saylı hərbi hissədə kitabxana yaratmaq məqsədi ilə onlara 330 ədəd bədii kitab, qarşıdan gələn Novruz bayramı münasibəti ilə səməni və bayram sovqatları hədiyyə ediblər.

Məktəb-liseyin kollektivinə və rəhbərliyinə hərbi hissənin Təşəkkürnaməsi təqdim olunub. Qeyd edək ki, görüşə gələn əsgərlər, doğma İsmayıllımızdan hərbi xidmətə çağırılanlar sırasından olub. Onlar da məktəbə xatirə hədiyyəsi təqdim ediblər.

Nilufər Qəhrəmanova,

məktəb-liseyin şagirdi

 

Şərh Yaz