“İvanovka – mənim doğma kəndim”

 

İsmayıllı rayonunun İvanovka kəndi 1953-cü ildən başlayaraq inkişaf – yüksəliş yolunu tutub. Həmin il buradakı kolxozun sədrliyi Nikolay Nikitinə etibar edilib. Ümummilli lider Heydər Əliyev İvanovkaya, onun Əmək qəhrəmanı olan sədrinə böyük qiymət verib. 23 iyul 1981-ci il tarixdə Ulu öndər İvanovkada olub. Burada heyvandarlıq və yemçilik sahəsində qazanılan qabaqcıl təcrübə əsasında Respublika seminarı keçirib.

Prezident cənab İlham Əliyev 2005 və 2009-cu illərdə İvanovkaya səfər edib. Səfərin ilkin nəticəsi olaraq hər cür tədris, idman, iaşə və məişət şəraiti olan məktəb tikilib. Məktəbə Ümummilli liderin adı verilib, önünə büstü qoyulub. Heydər Əliyev Fondu məktəbə avtobus hədiyyə edib.

Pensiyaçı, tarix müəllimi Jabina Nadejda Vasilyevna İvanovkanın, ümumilikdə malakançılığın tarixindən bəhs edən “İvanovka – selo moye rodnoye” (“İvanovka – mənim doğma kəndim”) adlı kitabında qeyd olunanlardan ətraflı bəhs edib.

İvanovkanın tarixini və bugününü dəqiq faktlar, hadisələr və mənbələr əsasında əks etdirən bu kitab ilkinliyi ilə diqqəti cəlb edir.

Uzun illərin axtarışının, araşdırmalarının, yaşlı sakinlərlə söhbətlərin nəticəsi olan bu kitab İvanovkaya həsr edilmiş birinci tarixi-publisist əsərdir. Əlbəttə, bu əsəri oxuyanlar onun əhəmiyyətini daha dərindən dərk edəcəklər.

İvanovka tam orta məktəbinin akt zalında rayon İcra Hakimiyyətinin, İsmayıllı və İvanovka ictimaiyyətinin, təhsil sisteminin nümayəndələrinin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilib. Müəllif əsil mənada yaradıcılıq məhsulu olan İvanovka üçün fundamental hesab edilən kitab üzərində necə işləməsindən, ayrı-ayrı sahələri əks etdirən mövzuları qələmə almasından ətraflı danışıb.

İvanovkanın “Slavyanoçka” folklor ansamblı və məktəbin bədii özfəaliyyət kollektivi təqdimat mərasiminə xoş ovqat gətirib.

Bu sətirlərin müıllifi Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə İvan Prokofyev, Rayon Təhsil Şöbəsinin məsləhətçisi Mail Səfərov çıxış ediblər. Çıxış edənlər bu kitabı yazmaqla müəllifin doğma kəndi qarşısında böyük xidmətlər göstərdiyini, uzaq və yaxın keçmişi, müasirliyi vəhdətdə götürməklə İvanovkanın yüksəlişini bacarıqla oxuculara çatdırdığını deyiblər.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov yaradıcı əməyinə görə müəllifə təşəkkür edib, onu Fəxri fərmana və mükafata layiq görüb.

Kitabın redaktoru, Prezident təqaüdçüsü Şahməmməd Dağlaroğlu mətbuat təmsilçisi olaraq təqdimat mərasimində iştirak edib.

Valeh Salehov,

veteran jurnalist

 

Şərh Yaz