ADAMLAR VƏ ÖKÜZLƏR

(“Yol gedər sizə, dağlar” silsiləsindən)

Kişilər üçün bir də cüt sürmək vardı (xışla torpağı şumlayıb ikiləmək və əkmək). Bu isə çox ağır zəhmət tələb edən bir iş idi. Xışın dəstəyinə güc vurmaqdan cütçülərin bəzilərində qarın yırtıqları (qrıja) əmələ gəlmişdi. Elə bu vəziyyətdə də cütə getməyə məcbur idilər. Əməkgünü qazanmaq lazım idi. Həm də cütçünü özündən başqa kim əvəz edəcəkdi ki?

Kimə ki öküzlərin yaxşısı (güclüsü) düşürdü, o, özünü xoşbəxt sayardı. Cüt öküzlərini başqa sahədə (məsələn, mala ilə ot və ya kol daşımağa, kirşə ilə peyin daşımağa və s.) işlətməyə qoymazdılar. “Sahibindən” (yəni cütçüdən) xəbərsiz kim bu öküzləri qoşub aparsaydı, sözün həqiqi mənasında, böyük qalmaqal qopa bilərdi. Bununla belə, həmin öküzləri kirşəyə qoşub xırmana dərz daşımaq olardı. Bu, nüfuzlu bir iş sayıldırdı. Xizəklə dərz daşımağı ancaq ağsaqqallara etibar edərdilər. Yadıma gələndən bu işlə kəndin ən yaşlı sakinləri: Ələsgər baba, onun kiçik qardaşı Rəcəb dayı, Əmi (Baladadaş kişi), Mahmud əmi və başqaları məşğul olurdu.

Yadımdadır, bir dəfə nə üstündəsə (öküzünmü yaxşısını qoşub aparmışdılar, ya kirşə yolunumu yaxşı hamarlamamışdılar) sözü briqadirlə düz gəlməyən Əmi ucadan qışqıra-qışqıra: “Əşi, indi kirşəçinin bir bambılı qədər də hörməti qalmıyıb” – deyə, ətrafdakılara gileylənirdi. Əlbəttə, o, hər yetən kirşəçəkəni yox, yalnız dərzdaşıyan kirşəçini nəzərdə tuturdu. Əminin kinayə ilə dediyi bu sözlərdən də anlaşılır ki, əvvəllər dərzdaşıyan kişilərə xüsusi hörmət olarmış. Əslində, haqqında söhbət gedən illərdə bu ənənə hələ də yaşayırdı.

Onların xizəyə qoşduğu “nüfuzlu” öküzlərin adlarını da unutmamışam (digər yaşıdlarım da həmçinin). Ələsgər babanın öküzlərindən birinin adı “Kəmər”, o birinin adı “Halal” idi. Birincisi belinin hər iki yanında çiynindən qoluna sarı ağ zolaq olan qırmızı-sarı rəngli, boyca hündür və güclü bir öküz idi. Tünd şabalıdı rəngə çalan “Halal” isə boyca çox hündür olmasa da, güclü və ağıllı bir heyvan idi. Kolxozda buna bənzər ikinci bir öküz yox idi və yaşlıların söylədiyinə görə, heç kolxozluqdan əvvəl şəxsi həyətlərdə də beləsinə rast gəlməyiblər. Öküzün haqqında “ağıllı” sözünü mən gəlişigözəl işlətmədim. Sahibinin ondan nə tələb etdiyini “bir işarədən” anlayırdı “Halal”. “Ho!” deyəndə yola düşər, “oooha!” deməyincə dayanmazdı. Peşəkar cütçülər ona çubuq vurmağı özlərinə rəva bilməzdilər. İnanılmazdır, eləmi? Cütə qoşulmuş öküz ola, çubuq vurulmaya… Mənimlə bir yaşda, yaxud yaşca məndən böyük olan hər hansı bir müdrili “Halal” öküz haqqında burada yazdıqlarımdan daha çox şey danışa bilərdi. Və mütləq onu da əlavə edərdilər ki, işdi, müvəqqəti olaraq uşaq-muşaq umuduna qalanda ona çubuq vurulsaydı, “Halal” dönüb arxaya baxar və ağlayardı. Sanki bu baxışı və göz yaşıyla soruşmaq istəyirdi: “Mən sənin hansı əmrini yerinə yetirmədim ki, məni döyürsən?!”. Elə bil, onun vücudunda insan, özü də halal bir insanın ruhu qərar tutmuşdu. “Halal”ın qocalıb sıradan çıxdığı vaxtda (onda mən yeddincini bitirmişdim və kənddə deyildim), yəqin ki, onu da başqa öküzlər kimi kəsib, ətini camaata paylamışlar. Aradan əlli ildən çox keçməsinə baxmayaraq, hələ indi də təsəvvür edə bilmirəm ki, “Halal” öküzün əti onu tanıyanların boğazından necə keçib görəsən?..

“Qeyrətli” və çubuq götürməyən öküzlərdən biri də “Alagöz” idi. Onun məziyyətlərini təsvir etməyə dursam, onda, gərək, “Halal” öküz haqqında yazdıqlarımın üstünə bir az da qoyaraq təkrarlayam. “Alagöz”ü Usta Rəcəb dayı qoşardı. Fərqi yoxdur, cütün bir tayı hansı öküzdü, o biri tayı mütləq “Alagöz” olardı. Bu öküzü kolxoza girəndə onun böyük qardaşı Ələsgər baba qoyubmuş. Bütün briqadaların qoşqu heyvanları arasında boy-buxunca ən böyüyü o idi. Usta Rəcəb dayının kolxoz üçün xış, boyunduruq, vəl, xizək düzəltmək, habelə, dülgərlik-bənnalıqla bağlı işləri başdan aşanda, onun öküzlərini özünün inandığı başqa adamlar da qoşardı. Belə hallarda onlar razılıqla deyərdilər: “Əşi, “Alagöz”lə işləmək can rahatlığıdı da!”.

Mahmud əminin cütə və xizəyə qoşduğu öküzlərdən birinin adı “Maral”, o birininki isə “Qaroğlan” idi. Kolxozla yaşıd olan bu öküzlərin yaşı on beşə yaxın və bəlkə daha çox olardı. Bu tarix ondan yadda qalıb ki, otuzuncu illərin ortalarında kolxoz qurulanda Məlik əmi və Dəlləy əmi (kəndin dəlləyi olan Eynulla kişini hamı belə çağırırdı) həmin öküzləri (danaları) verdikdən sonra ümumi təsərrüfata qoşulmuşdular. Ona görə də bu öküzlərdən birinə “Məlik əminin Maralı”, o birinə isə “Dəlləy əminin Qaroğlanı” deyirdilər. Buynuzları Hindistan öküzlərindəki kimi qəribə şəkildə yana əyilmiş tünd sarı-qırmızı rəngə çalan “Maral” da başqalarından güclü olduğuna görə “nüfuzlu” sayılırdı. Onu da, adətən, ara işlərində boyunduruğa qoşmazdılar. “Qaroğlan” isə adi öküzlərdən biri idi. Mahmud əmi “Maral”ı həmişə öz nəzarətində saxlasa da, Qaroğlanı ara-sıra başqaları ilə əvəzləyərdi.

Kolxoz öküzlərinin arasında “qəlp” hesab edilənləri də vardı. Bunlardan birinin adı “Boğu Laçın” idi. Elə ki qoşquya gücü çatmırdı, bir-iki çubuq vurulandan sonra boyunduruğun altında yerə yatıb, böyürməyə başlayardı (qarğış). Ele bil, yalvarırdı ki: “Yazığam, vurmayın, gücüm çatmır axı, mən necə çəkim?!”. Ancaq kimiydi onu “başa düşən”? Çox zaman da onu cavan-culuq qoşurdu. Malaya, girdin daşımağa və sair işlərə. O qədər çırpırdılar ki, yazıq heyvan uzandığı yerdə dilini bayıra çıxarır, böyürdükcə, ağzından köpük daşdanırdı. Hələ bununla da ondan əl çəkməz, başqa işgəncələr də verərdilər. Guya bununla o güclənəcək və ayağa qalxıb, qoşqunu çəkəcəkdi. Axırda məcbur olub, ya qoşqudakı yükün bir hissəsini götürərdilər, ya da “Boğu Laçın”ı və onu kolxoza verəni söyə-söyə, deyinə-deyinə açıb buraxardılar.

SÖZÜN TAMAMI:

Günlərin bir günündə “Boğu Laçın” bərk xəstələndi. Köpmüşdü deyəsən. Göy ot çıxanda mal-qarada arabir belə hallar baş verir. Mal-qara xəstəlikərindən başı çıxan türkəçarəçilər özlərinə məlum olan üsullarla heyvanı müalicə edərdilər. Kəndlərdə baytar həkimlər yox idi. Hardaydı bir o qədər mütəxəssis ki, 100 kəndin hərəsinə birini göndərələr? (Onda, balaca-böyüklüyündən asılı olmayaraq, hər kənd ayrıca kolxoz idi). Müalicələrin təsiri olmadı. Laçının isə qarnı getdikcə şişib-böyüyürdü, böyürtüsü isə kəsilmək bilmirdi. Çox sonralar məlum oldu ki, sən demə, heyvanın böyür tərəfindəki boşluqdan qarnına yeridilən xüsusi şprislə köpü rahatca çıxarmaq olurmuş. Bir neçə adam onun qarnına şapalaqla, təzəcə kəsilmiş cərməşov çubuqlarıyla yüngülcə vura-vura (bu da “müalicə” kompleksinə daxil idi) idarənin həyətinə gətirdilər. Heyvan lap o boyunduruq altında gücə düşdüyü vaxtlarda olduğu kimi böyürür, elə bil, zarıyırdı və ağzından köpük gəlirdi. Xülasə, “Boğu Laçını” təcili kəsməli oldular. Dərisinin tam soyulub başa çatmasını gözləmədən qarnını (buna zoologiyada “işgənbə” deyirlər) çıxarıb kənara çəkdilər. Adamların başı dərini soymağa məşğul ikən, birdən işgənbə cüyültüyə bənzər səs çıxararaq partladı və içindəkilər fontan kimi beş-altı metr yüksəyə atılaraq oraya yığışanların bir neçəsini “qərq elədi”. Elə bil, “Boğu Laçın” öləndən sonra, vaxtilə onu döyüb-incitmiş adamlardan intiqam alırdı…

“Laçın”ın “tənbeh elədiyi” adamlar evə gedəcək halda olmadıqlarından, yuyunub təmizlənmək üçün çaya yüyürdülər. Qalanları isə köpmənin səbəbləri barədə qızğın mübahisə edirdilər. Kimisi deyirdi hansısa zəhərli bitkini, kimi deyirdi yarpaq qurdunun tırtılını yeyib və s.. Həmin anda mənim uşaq ağlıma nədənsə belə bir fıkir gəldi ki, “Boğu Laçın” bəlkə də boyunduruq altında çəkdiyi dözülməz əzablara son vermək üçün öz instinkti ilə arayıb-tapdığı nəyisə qəsdən yeyıb…

İBRƏTNAMƏ:

Qonşu kənddə cavan bir oğlan elə bu cür gücü az olan öküzü xizəyə qoşubmuş. Yarı yolda öküz yorulub boyunduruğun altında yatır. Oğlan əlindəki yoğun vələs çubuğu ilə öküzü o qədər döyür ki, çubuq hissə-hissə tamam qırılıb tökülür. Ağzından köpük gələn öküz isə “bizim” “Boğu Laçın” kimi yerə uzanıb böyürürmüş. Bununla da acığı soyumayan cavan oğlan dəhrəni götürüb əvvəlkindən daha yoğun bir çubuq kəsərək, öküzü döyməyə başlayır. Elə bu anda çubuğun ucundan vızıltı ilə bir parça qopub bumeranq kimi geri qayıdaraq onun gözünə sancılır. Oğlanın gözü çıxıb yerə düşür. Yalnız bundan sonra o, öz hayına qalaraq, öküzün “yaxasından” əl çəkir. Təəssüf ki, din tariximizdə məşhur olan bir müqəddəsin adını daşıyan bu zalımın adının əvvəlinə həmişəlik bir “kor” sözü də əlavə olundu. Həmin adam kifayət qədər uzun ömür sürdü və ətraf kəndlərdə yaşayanların hamısı onun başına gələn bu əhvalatdan xəbərdar idi… Burada məşhur el məsəlini xatırlamalı olursan: “Biri atasının gözünü vurub çıxartdı ki, ona Koroğlu desinlər – dedilər: kor kişinin oğlu”.

“Qəlp” öküzlərdən biri də “Qarabəy” sayılırdı. Bu, boyunduruq yoldaşı ilə ayaqlaşmaqda çətinlik çəksə də, “Boğu Laçın” kimi yerə uzanıb böyürənlərdən deyildi. Bazburutdan “fasonlu”, gücü isə az olan bu öküz mərhum Ağadadaş əminin çöpünə düşmüşdü. Kişi hirslənəndə deyərdi: “Bu çor dəymişin başın kəsib qoyasan yolun qırağına, gəlib-keçən deyəcək, ə, bu cür gözəl öküzə hansı insafsız qıyıb görəsən?”.

SÖZARDI:

Bu yazını oxuyacaq adamlar arasında elələri ola bilər ki, öküzləri nəinki gerçək həyatda, bəlkə televizorda və kinofılmlərdə də görməmiş olsun. O halda, dədə-babalarımızın məişətinin ayrılmaz bir hissəsi, onların çiyin yoldaşı olmuş bu işgüzar və gözəl heyvanlara belə geniş yer verməyimi mənə irad tuta bilərlər. Qoy olsun. Elə adamlar olub ki, hər hansı bir işi və əməlilə fərqlənmədiyi üçün hamı tərəfindən çoxdan unudulub… Mənə elə gəlir ki, o ağır illərdə insanların dəhşətli aclığın pəncəsindən xilas edilməsi naminə (şüurlu şəkildə olmasa da) həyatlarını fəda edən bu cəfakeş heyvanlar, üstündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, öz adları, görünüşü və hətta xasiyyətləri ilə də yaddaşlarda iz buraxıblarsa, onların bu yazıda təsvir olunan zəhmətkeş insanlarla bir sırada yer tutmağa qanuni haqları var.

“CAVANŞİR YURDU” , 1989.

Şərh Yaz