Dilimizin inkişafına qayğı ilə yanaşılır

Qalacıq kənd tam orta məktəbində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz dəyərimizdir” adlı tədbir keçirilib.

Məktəbin direktoru Rusan Qasımov tarixi gün barədə danışıb, ana dilinin əhəmiyyətindən söz açıb. Bildirib ki, məktəbdə bu mövzuda tədbirlər – inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq ən vacib məsələlərdəndir.

Məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirdə özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət aparılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var.

Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına bu gün də qayğı ilə yanaşır.

Məktəbin şagirdləri ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

E.Qasımova

 

Şərh Yaz