Muradov Allahverdi Ələsgər oğlu

İsmayıllı rayon ictimaiyyətinə və səhiyyəsinə ağır itki üz vermişdir. Muradov Allahverdi Ələsgər oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

A.Muradov 1965-ci ilin fevral ayının 6-da  rayonun Mican kəndində anadan olub. 1982-ci ildə kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib, 1983-1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-1989-cu illərdə Rusiya Federasiyasının Yaroslavl şəhərində Tibb Texnikumunda təhsil alıb.

Tibb sahəsində bilgilərini artırmaq, mükəmməl səhiyyə işçisi olmaq arzusu ilə Yaroslavl Dövlət Tibb Akademiyasına daxil olan A.Muradov 1996-cı ildə akademiyanı bitirib.

Vətəni qəlbən sevən, onun vətəndaşlarını, ələlxüsus uşaqları həmişə şən və sağlam görmək arzusu ilə yaşayan Allahverdi Muradov ali təhsil alan kimi doğma rayona qayıdıb, İsmayıllı Uşaq poliklinikasında və Uşaq xəstəxanasında, təcili yardım xidmətində həkim-pediatr vəzifəsində çalışıb.

Hamıya sağlamlıq arzulayan, minlərlə körpənin, uşağın, yeniyetmənin sağlamlığı üçün əlindən gələni etmiş Allahverdi həkim özü, 2 il əvvəl, qəflətən xəstələndi. Aparılan müalicələr ümidverici olsa da, ölüm öz sözünü dedi…

A.Muradav bacarıqlı həkim olmaqla bərabər, yaxşı yoldaş, sədaqətli dost, Vətəni qəlbən sevən vətəndaş, mehriban ailə başçısı – dəyərli insan idi.

Allahverdi həkimin işıqlı xatirəsi onu tanıyanların qəlbində uzun zaman yaşayacaqdır.

Allah rəhmət eləsin. Qəbri nurla dolsun!

İsmayıllı Rayon Uşaq Poliklinikasın kollektivi

Şərh Yaz