İsmayıllı hərtərəfli, dinamik inkişaf yolundadır.

İsmayıllı rayonunda “2018-ci ildəki sosial-iqtisadi inkişafın yekunları və 2019-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbir öncəsi rayonun rəsmiləri, qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Mədəniyyət Mərkəzinin foyesində rayonun müxtəlif istehsal sahələrində  hazırlanmış məhsulların sərgisinə baxış keçirilib.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib.

Başçı bildirib ki, rayonda 2018-ci ildə ümumi inkişafa istiqamətlənmiş, əsas fəaliyyət möhtərəm cənab Prezidentin tövsiyə və tapşırıqlarından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasına yönəldilib. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərinin davam etdirilməsi, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrası, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib.

2018-ci il rayon üçün yaddaqalan hadisələrlə zəngin olub. 25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza tarixi səfər edərək rayonun sosial-iqtisadi inkişafına təkan verəcək bir sıra istehsal, infrastruktur və sosial layihələrin, o cümlədən Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, “Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və 22  kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və qəsəbədə təbii qazın açılışında iştirak ediblər. Səfər zamanı cənab Prezident rayonun gələcək inkişafı üçün öz tövsiyə və tapşırıqlarını verib.

Hesabat ilində rayon üzrə görülən işlər barədə ətraflı məlumat verən başçı ayrı-ayrı idarə və təşkilatların, xidmət sahələrinin, ərzaq bolluğu yaratmaqda fərqlənən sahibkarların işindən razılıq edib, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılmasının vacibliyindən söz açıb.

O bildirib ki, 2019-cu ildə ümumilikdə 18 obyektin açılışı nəzərdə tutulur. Bunların 16-sında, yəni şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli otel binasında, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo sanatoriya-istirahət mərkəzi”ndə, Talıstan kəndi ərazisindəki İstirahət kompleksində, İsmayıllı Xalça emalatxanasında, 100 yerlik uşaq bağçasında, 48 mənzilli yaşayış binasında, İvanovka Mədəniyyət Sarayının təmirində, Basqal qəsəbəsində inşa edilən  tam orta məktəbin binasında, Qalacıq kəndinin qazlaşdırılmasında, Diyallı kəndindəki fermada,  Kəlbənd kəndində körpünün tikintisində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin inzibati binasında, Quşencə-Zoğallıq, Ağbulaq-Qoşakənd və Təzəkənd kəndlərinin giriş yollarında tikinti işləri hazırda davam etdirilir. Fındıq emalı müəssisəsinin və Basqal qəsəbəsində Turizm kompleksinin  tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulub.

İsmayıllı hərtərəfli, dinamik inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, ölkəmizin qarşısında duran möhtəşəm vəzifələrin icrasında, taleyüklü məsələlərin həllində Respublikamızın bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayıllılar daim ön sıralarda olacaq, 2019-cu ili yüksək nəticələrlə başa vuracaqlar.

Yığıncaqda Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli iştirak və çıxış ediblər. Prokurorluq, mədəniyyət, sosial müdafiə, kənd təsərrüfatı, sahibkarlıq və başqa fəaliyyət sahələri nümayəndələrinin çıxışları dinlənilib.
Hesabat yığıncağında  iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov görülən işlərə münasibət bildirib və qarşıda duran vəzifələrə aydınlıq gətirib.
Müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul olunub.
Yığıncaq iştirakçıları yekdil səslə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.

Şərh Yaz