Yaddas kitabcasi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

İsmayıllı Rayon Təhsil Şöbəsi “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsini keçirib.

Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək məqsədi ilə keçirilən müsabiqə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə baş tutan tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova, Respublikanın Əməkdar müəllimləri Hikmət Haqverdili, Mirvari Musayeva, məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Minazər Mahmudova, şair Oqtay İsmayıllı, tərcüməçi şair, Prezident təqaüdçüsü Şahməmməd Dağlaroğlu iştirak ediblər.
Məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib və daha sonra “Ədəbiyyat biliciləri” müsabiqəsinə start verilib. İsmayıllı RTŞ-nin metodisti Ü.Zeynalova müsabiqənin şərtləri və mərhələləri barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil edilir: məktəb, rayon və ölkə mərhələləri. Müsabiqənin keçirilməsi “Qaydalar”ına əsasən, noyabr-dekabr aylarında müsabiqənin ilk – məktəb mərhələsi keçirilib. Yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində müsabiqənin ikinci – rayon (şəhər) mərhələsi təşkil olunub. Müəyyən olunmuş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər. Müsabiqənin yekun turu Bakıda təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunan 10 sualı yazılı cavablandırmalıdırlar. Sonda sualların hər biri maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi ilə hesab olunacaq. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Suallar müsabiqə iştirakçılarına təqdim olunub. Tapşırıqların icrasına 3 saat vaxt ayrılıb. Cavablar müvafiq meyarlar əsasında qiymətləndirilib.
Elnarə Qasımova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Şərh Yaz