Gənclər gününə həsr olunmuş mini futbol yarışı

İsmayıllı Olimpiya-İdman Kompleksində Azərbaycan Gəncləri Gününə həsr olunmuş məktəb futbol komandaları arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Başlanğıcda İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək deyib ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, həmişə gənclərə ölkənin inkişafının əsas qüvvəsi kimi baxıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər istiqamətlər kimi, dövlət gənclər siyasətini də yaradıcılıqla davam etdirir. Gənclərimiz dövlətimizin və Prezidentin qayğısı əhatəsindədir. İdmanın inkişafında gənclər həlledici qüvvə kimi çıxış edir. Odur ki, məktəblilərin bugünkü mini futbol birinciliyi də Gənclər Gününə həsr edilib.
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov, məşqçi Anar Həsənov və İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı İlham Vahabov da çıxış edərək məktəblilərə uğurlar arzulayıblar.  Komandaları qələbəyə ruhlandıran çıxışlardan sonra hakim yarışın başlandığını bildirib.
Yarışda rayonun 12 məktəbinin – 4 nömrəli tam orta məktəbi istisna olmaqla İsmayıllı şəhər tam orta məktəbləri,  Talıstan, Cülyan, İvanovka, Hacıhətəmli, Mollaisaqlı, Diyallı kənd tam orta məktəblərinin komandaları iştirak edib.

Gərgin keçən yarış nəticəsində birinciliyi Hacıhətəmli məktəbliləri qazanıb. II yerə şəhər 1 nömrəli, III yerə isə Diyallı kənd tam orta məktəbinin komandası çıxıb.
Qalib komandalara rayon Gənclər və İdman İdarəsinin diplomları, hədiyyələri verilib. Yarışın kubokunu başı üzərinə qaldırmaq şərəfinə Hacıhətəmli idmançıları nail olublar.

Kamilə Bağırova

 

Şərh Yaz