Qəhrəman oğullarımızın xatirəsi əbədi yaşayacaq

7 fevral 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə bağlı, Heydər Əliyev adına Mərkəzi Meydandan rayondakı Şəhidlər xiyabanına yürüş təşkil edilib.

Yürüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının, Rayon Təhsil Şöbəsinin məsul işçiləri, Qarabağ müharibəsi əlilləri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecin tələbələri, İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri və rayon məktəbliləri  iştirak ediblər.
Yürüş iştirakçıları qarşısında çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Mübariz İbrahimovun həyatı, keçdiyi döyüş yolu və misilsiz qəhrəmanlıq şücaəti, vətənpərvərliyi barədə gənclərə geniş məlumat verib.

Həmçinin yürüşdə iştirak edən gənclər qarşısında rayon İcra Hakimiyyətinin məhsul işçisi Namiq Kərimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi İsmayıllı bölməsinin sədri Vidadi Zərbiyev və birinci qrup Qarabağ müharibəsi əlili Əlisahab Əzizov çıxış edərək dərin hörmətlə Mübariz İbrahimovun vətənpərvərliyi və qəhramanlıqlarından danışıblar.

Sonda qeyd edilib ki, Mübarizin qəhrəmanlığı və əziz xatirəsi nəinki doğulub boya-başa çatdığı Biləsuvar rayonunda, eyni zamanda bütün türk dünyasında anılır.
İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu bilirlər. Bu borcu müxtəlif formalı, zəngin məzmunlu tədbirlərlə anım və xatirə günləri, yürüşlər, ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetiriblər.

Ş.Soltanov

Şərh Yaz